Tarixdə bu gün: 7 iyun

Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1214290
Tarixdə bu gün: 7 iyun

***

  Osmanlı sultanı Qanuni Süleymanın şərəfinə İstanbulda memar Sinan tərəfindən ucaldılan Süleymaniyə məscidi (Süleymaniye Cami) 1557-ci ilin 7 iyununda açıldı.

***

  7 iyun 1856-cı ildə Osmanlı sultanı Əbdülməcid tərəfindən inşa etdirilən Dolmabahçe sarayı ailəsinin istifadəsinə verildi.

***

  Yaponiya imperatoru Komeiinin yaxın qohumunun İstanbul səfərinə qarşılıq olaraq Osmanlı sultanı II Əbdülhəmidin Yaponiyaya göndərdiyi “Ərtoğrul” gəmisi 1890-cı ilin 7 iyununda Yokohomaya çatdı.

***

  1905-ci il iyunun 7-də Norveç parlamenti – Stortinq 1814-cü ildə imzalanan sazişi ləğv edərək İsveçdən ayrılmaq barədə yekdil qərar qəbul etdi. Bundan 1 il sonra – 1906-cı ildə isə Danimarka şahzadəsi Karl müstəqil Norveçin ilk kralı oldu.

*** 

  1905-ci ilin 7 iyun tarixində gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi “Həyat” qəzetinin ilk nömrəsi “Kaspi” mətbəəsində Azərbaycan dilində çapdan çıxdı. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə idilər.

  1906-cı il sentyabrın 3-dək 325 nömrəsi çıxan “Həyat” qəzeti ilə Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Məhəmməd Hadi, Firudin bəy Köçərli və başqa tanınmış ziyalılar əməkdaşlıq ediblər.

***

  1971-ci ilin bu günü “Salyut” kosmos stansiyası ilə “Soyuz-11” kosmik nəqliyyat gəmisinin birləşməsi nəticəsində dünyada ilk pilotlu orbital “Salyut” stansiyası yarandı.

***

  7 iyun 1977-ci ildə Türkiyə sənətçisi Semiha Yankı XIII Beynəlxalq Qızıl Orfe Mahnı Yarışmasında birinci oldu.

***

  2007-ci il 7 iyunda keçirilən Türk İşarə Dili Simpoziumundan sonra 7 İyun Türk İşarə Dili Bayramı olaraq qəbul edildi.

***

7 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın Qeysər Kaşıyeva 1893-cü ilin bu günü Tiflisdə dünyaya gəlib.

  14-15 yaşlarında (1907-1908) Qafqaz İncəsənət Təşviq Cəmiyyətinin nəzdindəki siniflərdə təhsil alan Qeysər yaradıcılığının ilk dövründə Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin mədəni tədbirləri üçün afişa və məramnamələr tərtib edib. Akvarel, qara tuş, karandaş və kömürlə (1907) çoxlu rəsm və mənzərə çəkib. Ötən əsrin 20-ci illərində “Şərq qadını” jurnalı için illüstrasiyalar işləyib.

  Qeysər Kaşıyevanın rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. (1893-1972)

***

  Bu gün tanınmış telejurnalist Əhməd Aşurbəyovun xatirə günüdür.

  Bakıda anadan olan Əhməd Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor kimi fəaliyyətə başlayıb.

  Sonralar Azərbaycanda rəngli televiziyanın ilk baş redaktoru olan Əhməd Aşurbəyov respublika teleməkanında kino proqramları redaksiyasının yaradıcısı və baş redaktoru idi. Milli film xadimlərinin tanınması, dünya kinosunun Azərbaycan tamaşaçılarına çatdırılması istiqamətində əvəzsiz xidmətləri olub: “Retro” kinosalonu, “Cırtdan” kinosalonu, “Kinoklub” əyləncəli proqramı məhz Əhməd Aşurbəyovun təşəbbüsü ilə mavi ekrana çıxıb. Onun ssenariləri əsasında “Bakı eyvanları” və “Bakı Azərbaycanın paytaxtıdır” sənədli filmləri çəkilib.

  Əhməd Aşurbəyov həm də Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Əsilzadələr Məclisinin üzvü idi. (1942-2001)

***



Әlaqәli Xәbәrlәr