Tarixdə bu gün: 20 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1147595
Tarixdə bu gün: 20 fevral

***

  Dünyanın ən böyük və ən məşhur muzeylərindən biri olan “Metropoliten Muzey of Art” 1872-ci ilin 20 fevralında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində açılıb.

***

  İstanbulda ilk elektrikli tramvay 1914-cü ilin 20 fevral günündən işə düşüb. Bu tarixdən etibarən şəhərdə 1869-ci ildən olan atlı tramvay yerini elektrik tramvaya təhvil verib.

***

  1970-ci ilin bu günü dövrün Türkiyə dövlət başçısı Cövdət Sunay və Baş nazir Süleyman Dəmirəl tərəfindən mərasimlə İstanbul Boğaziçi körpüsünün təməli atılıb. Asiya və Avropa qitələrini birləşdirən körpü üç ilə tamamlanıb.

  Boğaziçi körpüsü Qara dənizlə Mərmərə dənizini bir-birinə bağlayan və İstanbul boğazı üzərində yer alan üç asma körpüdən biridir.

***

  1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin Ermənistana birləşdirilməsi tələbilə SSRİ Ali Soveti qarşısında vəsatət qaldırdı. Bu qanunsuz tələb Qarabağın Azərbaycandan qoparılması istiqamətində sovet rəhbərliyinin yürütdüyü riyakar siyasətin növbəti mərhələsi oldu.  

***

   2007-ci ildə BMT Baş Məclisinin qərarı ilə hər il fevralın 20-si bütün dünyada Sosial Ədalət Günü kimi qeyd olunur.

  Sosial Ədalət millətlərin dinc yanaşı yaşaması və inkişaf etməsi üçün ən ümdə pronsiplərdən sayılır.

20 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

   Azərbaycan maarifpərvəri Mirzə Hüseyn Əfəndi Qayıbzadə 1830-cu ildə Qazax qəzasının Salahlı kəndində anadan olub. Ərəb və fars dillərini mükəmməl bilib. Qori seminariyasının Azərbaycan şöbəsinin açılması üçün yaxın dostu Mirzə Fətəli Axindovla birgə fəaliyyət göstərib.

  M.H.Qayıbov seminariyanın Azərbaycan şöbəsində şəriət, şərq və Azərbaycan dillərindən dərs deyib. Maddi köməyə ehtiyacı olan 43 Qori tələbəsini öz xərcinə oxudub.

  Mirzə Hüseyn Əfəndi Qayıbzadənin 4 cilddən ibarət “Azərbaycanda məhşur olan şüəranın əşarına məcmuə”si klassik irsin öyrənilməsi üçün əhəmiyyətlidir. Bu məcmuədə 18-19-cu əsrlərdə yaşamış 100-dən çox Azərbaycan şairinin əsərlərindən nümunələr verilib. (1830-1917)

***

  20 fevral görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirə günüdür.

  F.Əmirov uzun illər Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub. Onun “Sevil” operası dramaturji yığcamlığı, xalq ruhuna yaxın olması və gözəl melodiyaları ilə səciyyələnir.

  Fikrət Əmirov simfonik muğam janrının yaradıcısı, bir çox romans və mahnının müəllifidir. Onun “Min bir gecə” baleti dünyanın bir çox ölkəsində tanınır. Bəstəkar 1984-cü ilin bu günü dünyasını dəyişib. (1922-1984)

***



Әlaqәli Xәbәrlәr