Tarixdə bu gün: 19 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

1147442
Tarixdə bu gün: 19 fevral

***  

  II Aleksandrın 1861-ci ilin 19 fevral tarixli fərmanıyla Rusiyada təhkimçilik hüququ ləğv olundu. Bununla da əsrlərlə faktiki sahiblərinin əşyası olan təhkimçi kəndlilər kölə statusundan çıxdı.

  1861-ci il 19 fevral islahatı başqa islahatlara da yol açdı. Bu islahatlar məhkəmələrin müstəqilliyi, yerli özünüidarəetmənin inkişafı, təhsil sistemində dəyişiklər və s. istiqamətlərlə bağlı idi. Yəni bunlar liberal-demokratik islahatlar idi və burada azadlıq və mülkiyyətin toxunulmazlığı əsas götürülürdü. Amma o zaman bütün bunlar başa çatdırılmadı.

***

  19 fevral 1915-ci ildə ittifaq dövlətlərinin Çanaqqalaya dəniz hərəkatı başladı.

  Qeyd edək ki, Çanaqqala (Dardanel) müharibəsi I Dünya Müharibəsi zamanı 1915-1916-ci illər arasında Türkiyənin Gelibolu yarımadasında Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında gedən dəniz və quru müharibələridir. Ancaq onların hücumları uğursuz oldu və geri çəkilmək məcburiyyətində qaldılar. Quru və dəniz döyüşü nəticəsində iki tərəf də çox ağır itkilər verdi.

***

  19 fevral 1925-ci ildə Türkiyədə simsiz rabitə təsisi haqqında qanun çıxdı: ölkədə radio yayımı təklifi Türkiyə Böyük Millət Məclisində qəbul edildi.

***

  1928-ci ilin 19 fevralında məqsədi yoxsul qadınlara yardım etmək olan "Himaye-i Etfal Kadın Yardım Cemiyeti" yaradıldı. Cəmiyyətin adı 1938-ci ildə Yardım Sevənlər Cəmiyyəti olaraq dəyişdirildi.

***

  1959-cu ilin bu günü Kiprlə bağlı London Konfransında müstəqil Kipr respublikası qurulmasını nəzərdə tutan London Müqaviləsi imzalandı. İngiltərə, Türkiyə və Yunanıstan Kiprdə təminatçı dövlətlər oldu. Lakin 1974-cü ildə baş verən hərbi çevrilişdən sonra ada iki hissəyə ayrıldı. 1983-cü ildə adanın türklər yaşayan hissəsində Şimali Kipr (Kıbrıs) Türk Respublikası yaradıldı.                

***

   1986-cı ildə Beynəlxalq Balina Komissiyasının qərarı ilə fevralın 19-u bütün dünyada Balinaların Qorunması Günü elan edildi.  

***

  1988-ci ildə Bakıda Qarabağın erməni əhalisinin separatçılıq fəaliyyətinə etiraz əlaməti olan ilk küçə yürüşü və mitinqlər keçirildi. Bununla da Azərbaycanın tarixinə - müstəqillik mübarizəsinə yeni səhifələr yazıldı.  

***

19 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Klassik fizikanın əsas banilərindən biri, astronom, riyaziyyatçı, məhşur Polşa alimi Nikolay Kopernik 1473-cü ilin 19 fevralında anadan anadan olub. Onun “Səma cisimlərinin fırlanması haqqında” əsəri ilə təbiətşünaslığın teologiyadan azad olunmasının təməli qoyulub. (1473-1543)

***

  Dahi Azərbaycan şairi və mütəfəkkiri, Hürufilik cərəyanının görkəmli nümayəndəsi İmadəddin Nəsimi 1369-cu ilin bu günü dünyaya gəlib. Əsil adı Seyid Əli olan şair ilk təhsilini Şamaxıda alıb, məntiq, riyaziyyat və astronomiyanı öyrənib. Sonralar Fəzlullah Nəiminin fəlsəfi görüşlərini mənimsəyib. Nəimi edam edildikdən sonra onun vəsiyyətinə əsasən Nəsimi Təbrizə, oradan Anadoluya, sonra Hələbə gedib. Burada Misir sultanının əmri və ruhanilərin fitfası ilə edam olunub.  

  Nəsimi Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi, ədəbi dilin inkişafında mühüm mərhələdir. Onun poeziyasının əsas qayəsi insanı yaradıcı varlıq kimi ucaltması, ona çox yüksək qiymət verməsidir.  

***

  19 fevral milliyyətcə azərbaycanlı Özbəkistan Xalq şairi, alim və pedaqoq Maqsud Şeyxzadənin xatirə günüdür.

  1908-ci ildə Azərbaycanın Ağdaş şəhərində anadan olan, Bakı Dövlət Universiteteini bitirən (1925) Maqsud bir müddət Dağıstanda müəllim işləyib, 1928-ci ildən ömrünün sonunadək isə Özbəkistanda yaşayıb-yaradıb. Nizami adına Daşkənd Pedoqoji İnstitutunda özbək ədəbiyyatı tarixindən dərs deyib. Bir sıra pyesləri Özbəkistan teatrlarında tamaşaya qoyulub.

  Nizami və Füzulinin bir çox əsərini özbək dilinə tərcümə edən Maqsud Şeyxzadənin Azərbaycanda da iki cildlik seçilmiş əsərləri və başqa kitabları çap olunub. O, 1967-ci ilin bu günü 59 yaşında dünyasını dəyişib. (1908-1967)

***

 

 



Әlaqәli Xәbәrlәr