Su ilə gələn mədəniyyət (7)

Su varsa həyat var çünki! Su varsa hər şey var, hər şey su ilə mümkündür!

1508181
Su ilə gələn mədəniyyət (7)

Kral dağlar və sıldırım qayalarla əhatə olunan səmərəsiz torpaqlara baxır...Dalğın, düşüncəli.. Qarşısında isə ucsuz- bucaqsız bir su var... Dəniz, yoxsa göl olduğuna qərar verə bilmir, çünki ağlını qarışdıracaq qədər böyükdür. Gözünün görə biləcəyi yerə qədər uzanır. Bu böyük su bir anda dağları da, səmərəsiz torpaqları da əhəmiyyətsiz edir kralın gözündə...Kral düşüncələrindən ayılır və üzünə işıq gəlir. Su varsa həyat var çünki! Su varsa hər şey var, hər şey su ilə mümkündür! Kral xalqı ilə birlikdə burada məskunlaşmağa qərar verir.
Türkiyənin şərqində coğrafi şərait və iqlim şərtləri çətindir. İqlim və səth quruluşunun çətinliyinə baxmayaraq böyüklüyü ilə dənizə bənzəyən bu su mənbəyinin yanında eramızdan əvvəl 1-ci minillikdə güclü bir krallıq tarix səhnəsində öz yerini alir. 
Türkiyənin ən böyük, eyni zamanda dünyanın da ən böyük  köpüklü gölü hesab edilən Van gölünün yanında salınan sivilizasiya  Urartulardır. Urartular mədəniyyət, sənət, memarlıq və mühəndislik sahəsində həm Anadolu, həm də dünya irsinə  böyük töhfələr verir. 
Urartu dövlətinin paytaxtı Tuşpa idi, yəni indiki Van şəhəri. Van gölü hovzəsində salınan və iki əsrə yaxın bir tarixə damğasını vuran bu sivilizasiya həm su, həm memarlıq, həm də mineralların emalı sahəsində öndə gedir. Urartular məskunlaşdıqları o çətin coğrafiyanı öz istədikləri kimi uyğunlaşdırır, kənd təsərrüfatına yararlı vəziyyətə gətirir, bugün belə istifadə olunan su infrastrukturu inşa edirlər. 
Aparılan qazıntı və arasdırmalar nəticəsində məlum olub ki, su infrastrukturuna böyük önəm verən Urartu kralları 60-dan çox bənd, gölməçə və suvarma kanalları tikdirib. Bu rəqəm o dövr üçün həqiqətən inanılmaz idi. O dövrdə dünyanın heç bir yerində bu qədər sayda su qurğularına rast gəlinməməsi də çox maraqlı idi.  Bu qurğuları maraqlı edən bir özəllik isə bənd və kanalların hər birində ən az bir kitabənin olmasıdır. Krallar kitabələrdə bu bənd və digər su qurğuları vasitəsilə torpaqların əkin-biçinə yararlı vəziyyətə gətirilməsi üçün inşa etdiklərini qeyd ediblər. Hər kral da  öz adını həmin kitabələrə yazıb. Bənd, gölməçə və kanallar sayəsində səmərəsiz torpaqlar müntəzəm şəkildə suvarılmış və su halqa şəkilli sistem vasitəsilə hər tərəfə yayılmışdır. Beləcə, Anadolunun şərqində suvarma əsaslı əkinçiliyin təməli ilk olaraq Urartu krallığı tərəfindən qoyulmuşdur. Sonrakı dövrlərdə Pers, Hellen, Bizans və Osmanlı dövləti zamanına ötürülən bu ənənənin başlaması və inkişaf etdirilməsində Urartu sivilizasiyası böyük rol oynamışdır. Xeyli sayda su qurğularının aşkar olunması səbəbindən bölgə mütəxəssislər tərəfindən Anadolu və Qədim Ön Asiyanın ən böyük "Hidravlik mədəniyyəti", yaxud "Bənd bölgəsi" olaraq tanınır. 
Antik dövrlərdə iqlim və səthi quruluşun ağır şərtlərinə baxmayaraq bölgəyə qızıl dövrünü yaşadan bu su qurğularının bəziləri bugünümüzdə də istifadə olunmaqdadır.
2700 il əvvəl tikilmiş kanal və bəndlərdən söhbət gedir! Bizdən 2700 il əvvəl yaşamış bir sivilizasiya mühəndislik və memarlıq işində elə mükəmməl bir işin öhdəsindən gəlib ki, seysmik zona olmasına baxmayaraq inşa edilən bu qurğular dövrümüzə qədər gəlib çata bilib. 
Sizcə də inanılmaz deyilmi? Bu qurğulardan biri 50 kilometrdən çox uzunluğu olan və kanalı inşa etdirən Urartu kralının adı ilə adlandırılan Menua kanalıdır. Bu kanal dünya su mühəndisliyi möcüzəsi olaraq qəbul edilir. Kanalın 2700 il əvvəl həyat verdiyi ərazilərə bugünün özündə də həyat bəxş etməyə davam etdiyini görəndə insan təəccüblənməyə və heyran olmaya bilmir! 
Bugün Şamran kimi tanınan kanalın adının  Assur kraliçası Semiramislə bağlı olduğu, zamanla Semiramis adının dildən- dilə keçərək Şamran kimi ifadə olunduğu düşünülsə də, lakin bununla  bağlı dəqiq məlumat yoxdur. 
Urartuların başqa bir heyrətamiz su qurğusu da Keşişgöl bəndidir! 
Bu sahənin mütəxəssisləri dövr və davamlılıq baxımından Urartuluların inşa etdiyi bənd, gölməçə və suvarma kanallarının dünyanın heç bir yerində bənzərinin olmadığını bildirirlər. Suyun istifadəsi ilə bağlı ən əhəmiyyətli su tikililərinin Anadoluda mövcud olmasına təəccüblənməmək lazımdır. 
Urartu krallarının tikdirdikləri suvarma sistemləri bölgədə  əkinçilik və heyvandarlığın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Aparılan bir çox qazıntılarda içərisinə böyük həcmdə ərzaq və içki qoyula biləcək yüzlərlə küp aşkara çıxarılıb. Bu küplərdə rast gəlinən quru lobyadan arpa, buğdaya, kişmişdən küncüt yağına qədər ərzaq çeşidləri Urartuların əkinçilik sahəsində  nə qədər inkişaf etdiklərini göstərir. 
Əlbəttə,  Urartulardan danışarkən su mühəndisliyindən söz açmamaq olmaz. Memarlıq və metal  emalı sahəsində də Urartular  öndə gedirdilər. O dövrün daş və metal emalı ustaları deyiləndə ilk ağıla gələn Urartu sivilizasiyasıdır.  Bölgənin mis və dəmir mədəni baxımından zəngin olması, qazıntılarda aşkar olunan zərgərlik, əkinçilik alətlərinin çoxluğu mədən sənayesinin və ticarətin həcmini gostərir.

Proqramımızın əvvəlində də dediyimiz kimi, Urartuların yaşadıqarı bölgədə dağlar dik və iqlim sərtdir. Bu coğrafiyaya uygunlasmaq üçün Urartular memarlıqda orijinal işlərə imza atır, qurduqları şəhərlər, inşa etdikləri su tikililəri ilə bölgəni çiçəkləndirirlər.

Urartular şəhərlərini bəlli bir plana uyğun olaraq qururlar. Bunu edərkən ərazinin əl verdiyi imkanlar daxilində deyil, ərazini öz istədikləri formaya gətirirdilər. Binaları balkonlar şəklində yamaçlarda tikirdilər ki, bu da şəhərə, qalalara qarşı tərəfdən baxanda pramidaya bənzəyən bir siluet gözə dəyirdi. Bu, eyni zamanda da müdafiə sistemlərinin xarakterik xüsusiyyətidir. Urartu kralları Van gölü hövzəsində minlərlə insanın yerləşməsinə imkan verən mənzil siyasəti də yaradırlar. Paytaxt Tuşpa o dövrün ən görkəmli və izdihamlı şəhərlərindən biri idi. Şəhər planlamasında geniş küçələrin dik küçələrlə kəsişməsinə "şəbəkə planı" deyilir. Tuşpa bu planın həyata keçirildiyi ən qədim şəhərlərdən biri olaraq qarşımıza çıxır. Urartu kralları yerli əhalini daha rahat bir şəkildə şəhərlərə yerləşdirir. Müharibə nəticəsində alınan torpaqlarda qurduqları yeni şəhərlərdə isə daha müntəzəm bir plan təmin edirlər. Kənd təsərrüfatına əsaslanan şəhərsalma anlayışlarını inkişaf etdirirlər. Bütün bunlar Urartuların mühəndis və memarlıq səriştələri ilə yanaşı şəhərsalma işində də şüurlu və köklü şəkildə yanaşma nümayiş etdirdiklerini göstərir.

Urartular həyata keçirdikləri bənzərsiz işləri ilə suvarma sivilizasiyasında öncül olaraq qəbul edilirlər. Bugünkü proqramımızda o dövr üçün çox irəlidə hesab olunan texnologiya ilə inşa edilən, günümüzdə belə heyranlıq doğuran Urartulara məxsus su sistemleri haqqında danışdıq.



Әlaqәli Xәbәrlәr