İkinci Qarabağ müharibəsinin bir ili və region üçün nəticələri

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “ İkinci Qarabağ müharibəsinin bir ili və region üçün nəticələri ” başlıqlı yazısı

1711324
İkinci Qarabağ müharibəsinin bir ili və region üçün nəticələri

Heç şübhəsiz ki, regional və qlobal nəticələri, bölgədə bundan sonra cərəyan edəcək proseslərə təsiri etibariylə Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi zəfərin müxtəlif yönləri üzərində çox durulacaq, yazılıb- çiziləcəkdir. Atəşkəsin ardıcıl şəkildə pozulması, Erməni dövlət adamlarının “yeni müharibə yeni ərazilər deməkdir” “Qarabağ Ermənistandır” kimi militarist çıxışlarından sonra Tovuzda yaşanan hadisələr, general Polat Həşimovun şəhid edilməsi dövlət və millət olaraq olaraq Azərbaycanın səbr kasasını daşırmış,  sülh müzakirələrində heç bir halda konstruktiv mövqe sərgiləməyən Ermənistanın ancaq gücdən anlayacağı, müharibənin artıq qaçınılmaz olduğu açıq bir şəkildə ortaya çıxmışdır.  27 Sentyabrda Qarabağ cəbhəsində Ermənilərin yeni bir atəşkəs pozması hadisəsindən sonra  Azərbaycan dövlətinin təhlükəsizlik bürokratiyasının başındakı isimlər Ali Baş Komandan tərəfindən təcili iclasa çağrılmış, müzakirələrdən sonra genişmiqyaslı hücum, yəni işğal altındakı torpaqların azad edilməsi üçün çoxdan gözlənən savaş əmri verilmişdir. Müasir müharibə doktrinası, yeni silah növlərinin tətbiq edilməsi, döyüş planlaması kimi yönləri etibariylə dünyanın bir çox hərbi məktəblərinin, dövlətlərinin  araşdırmağa, öyrənməyə çalışdığı Qarabağ müharibəsi həm də zamanlaması, diplomatik-hərbi həmlələrin bütün parametrlər hesab edilərək həyata keçirilməsi, nəticəyə götürən xarici siyasət kursu baxımından da hər tərəfli tədqiq edilməlidir.   Azərbaycan milli güc komponentlərinin hamısını səfərbər etmiş, millətlərin həyatında bənzərinə yüz ildə bir rastlanan bir ruh yüksəlişi və fədakarlıq ortaya çıxmışdır. Gənclər könüllü şəkildə müharibəyə getmək üçün hərbi komisarlıqların önündə növbəyə durmuşdur. Əvvələr də  bütün beynəlxalq indekslər, araşdırma mərkəzlərinin hesabatlarında Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğu bildirilsə də bu həqiqət hərb meydanlarında möhkəm bir şəkildə təsdiqini tapmış, istər ilk dəfə insansız uçuş aparatlarının geniş bir şəkildə istifadə edilməsi, onların artilerya və digər ordu birlikləriylə hədəflərinin əlaqələndirilməsi baxımdan, istərsə də xüsusi təyinatlı ordu dəstələrinin dillərə dastan əməliyyatları, Şuşada sərgilədikləri qəhrəmanlıq baxımından  Azərbaycan  hərbi gücünü dosta da, düşmənə də göstərmişdir.

Ayrıca Ali Baş Komandan İ. Əliyev müharibə sonrasında da ifadə etdiyi kimi bütün xarici təziqlər qarşısında mətanətlə durması, müxtəlif ölkələrin televizya kanallarında intensiv şəkildə etdiyi çıxışlarla Erməni yalanlarını ifşa edərək əsl həqiqətləri sərrast bir şəkildə dünyaya çatdırması, diplomatik zəkası, Türkiyə ilə qardaşlıq tellərinin daha da möhkəmləndərək regionda yeni bir güc balansı yaratması etibariylə də Azərbaycan tarixinə Qarabağı azad etmiş müzəffər bir lider kimi adını yazdırmışdır. Qarabağ müharibəsinin ən önəmli nəticələrindən biri yüz il sonra yenə Qafqaz İslam Ordusu örnəyində olduğu kimi  Azərbaycanla Türkiyənin ətlə dırnaq kimi bir-birinə bağlı olduğunun bir daha dəqiq şəkildə anlaşılması, tək millət şüurunun hər iki coğrafiyada zirvə nöqtəsinə yüksəlməsi olmuşdur. Bu məsələdə Cumhurbaşqanı Ərdoğanın həyata keçirdiyi milli siyasət, Türkiyənin güclənərək, imperyalist mərkəzlər tərəfindən həyata keçirilməyə çalışılan bütün həmlələri bərtaraf edərək tarixi-mədəni hinterlandıyla yaxınlaşma, qucaqlaşma siyasəti  izləməsi təsirli olmuşdur. Türk dövləti Qarabağ məsələsini özünün milli məsələsi olaraq görmüş,  problemin həlli yollarıyla bağlı dəfələrlə Milli Təhlükəsizlik Şurasında müzakirələr aparılmışdır. Müharibə başlayan kimi prezident Ərdoğan və digər dövlət adamları "Bütün imkanlarımızla Azərbaycanın haqlı davasının yanındayıq, heç bir halda bundan vaz keçməyəcəyik" deyərək  Bakını dayandırmağa yönəlik xarici müdaxilə təşəbbüslərini də təsirsizləşdirmişdir. Müharibənin ilk günlərində Ermənistan və Azərbaycan xarici işlər nazirləri Moskovaya dəvət edilərək atəşkəsə məcbur edilməyə çalışılırkən, TBMM başqanı M. Şəntop açıq bir şəkildə Azərbaycana hər hansı bir müdaxilə, təzyiq olarsa Türkiyənin Qarabağa ordu göndərməkdən çəkinməyəcəyini  bəyan etməsi tarixə düşmüşdür. Türkiyə - Azərbaycan ittifaqının zəfərdən sonra imzaladığı Şuşa Bəyannaməsiylə Cənubi Qafqazda yeni bir güc mərkəzi, geosiyasi reallıq da ortaya qoyulmuşdur.Bu güc mərkəzi regionda yeni  əməkdaşlıq və təhlükəsizlik dövrünün başlaması üçün də altılı format təklifi irəli sürmüşdür.

Qarabağ zəfəri Türkiyə-Rusiya münasibətlərinə də yeni çalarlar əlavə etmiş, uzlaşma və əməkdaşlığın başqa regionlarda da həyata keçirilməsi üçün fürsətlər ortaya çıxmışdır. Ermənistan bu müharibənin məğlub tərəfi  olsa da onlar üçün də aparılan yayılmacı, işğalçı siyasət nəticəsində içinə düşdükləri təcrid vəziyyətindən qurtulmaq, iki  böyük qonşu dövlətlə münasibətləri normallaşdıraraq iqtisadi inkişafa nail olmaq imkanı meydana gəlmişdir. Əlbətdə bunun üçün əvvəlcə Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanımalı, böyük sülh sazişini imzalamağa hazır olmalı və Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır.          



Әlaqәli Xәbәrlәr