Xocalı Azərbaycanın qan yaddaşıdır

Türk İslam Araşdırmaları Mərkəzi başqanı, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun "Xocalı Azərbaycanın qan yaddaşıdır" başlıqlı analitik yazısını təqdim edirik.

1589940
Xocalı Azərbaycanın qan yaddaşıdır

Erməni məsələsiylə bağlı qələmə aldığımız əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi  XIX əsrin əvvəllərində  Rusiyanın Cənubi  Qafqazı işğal etməsindən sonra  regionda qalıcı ola bilmək üçün planlaşdırdığı xristiyanlaşdırma siyasəti çərçivəsində  həyata keçirdiyi  ən böyük etno- demoqrafik layihə İrəvan və Qarabağ Xanlığı, həmçinin Zəngəzur vilayətinin torpaqlarından mərhələli şəkildə Müsəlman Türk əhalinin köçə məcbur edilərək yerlərinə xaricdən gətirilən ermənilərin yerləşdirilməsi olmuşdur. Coğrafi-iqtisadi imkanları, təbii sərvətləriylə iştah qabardan Xəzər hövzəsini, qədim Azərbaycan torpaqlarını ələ keçirmək istəyən Çarlıq Rusiyası buraları işğal edərək həm də əzəli rəqibi Osmanlının Qafqaz və Orta Asiya ilə bağlarını qoparmaq, tarixi İpəkyolunun güzərgahlarını da Rusiyanın xeyrinə dəyişmək istəyirdi. İşğal ərəfəsində bölgəyə diplomatik və elmi heyət adı altında göndərilən bütün kəşfiyyat heyətlərinə tapşırılan gizli vəzifələrdən biri  də müxtəlif vilayətlərdə dağınıq şəkildə yaşayan xristian ermənilərlə əlaqələr quraraq hərbi müdaxilə zamanı onların imkanlarından yararlanmaq, sonra isə onları strateji bölgələrə yerləşdirməklə bağlı birgə fəaliyyət planı üzərində işləmək olmuşdur. Çarlıq Rusiyasının hərbi elitası erməniləri Bakı və Şamaxı da daxil  olmaqla bir neçə tarixi Türk Müsəlman vilayətlərinə toplayaraq etnik muxtariyyət formalaşdırmaq  üzərində düşünmüş, lakin Osmanlı dövləti və İranla da  bağlı siyasi- strateji hədəflərini reallaşdıra bilmək üçün  coğrafi cəhətdən əlverişli olan İrəvan Xanlığı, Zəngəzur və Qarabağ torpaqları əsas hədəf olaraq müəyyənləşdirilmişdir. Çarlıq Rusiyasından Sovet rejiminə İrəvan Xanlığı və Zəngəzur viləyətində o coğrafiyaların əsil sahibləri olan Türk Müsəlman əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti uğurla nəticələndirilmiş, Sovet dövlətinin tənəzzülü dövründə də bolşevizmin tüğyan etdiyi ilk illərdə süni bir şəkildə formalaşdırılılan Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi prosesinə start verilmişdir.

İki əsrdən artıqdır davam edən, Cənubi Qafqazdakı ənənəvi demoqrafik-siyasi balansın, regional stabillik və təhlükəsizliyin pozulmasına gətirib çıxaran bu yeni geopolitik vəziyyət “Dənizdən-dənizə böyük Ermənistan “xülyasıyla yaşayan Erməni şovinizmini də bəsləmiş, müxtəlif cəmiyyətlər, komitələr ətrafında təşkilatlanan ermənilər  silahlanaraq Müsəlman Türk əhaliyə qarşı xüsusi qəddarlıqla seçilən qətliamlar həyata keçirmişdir.  XX əsrin  əvvəllərində  Cənubi Qafqazda Erməni əhalinin tərkibinin artırılması əməliyyatı İrəvan, Zəngəzur və Qarabağda yüzlərlə kəndin Daşnaklar tərəfindən yandırılması, uşaq, yaşlı demədən minlərlə mülki əhalinin öldürülməsi, Müsəlmanların öz dədə-baba yurdlarını tərk etməsiylə nəticələnmiş, 1905-1907- ci illər  xüsusiylə Erməni terrorunun səbəb olduğu , kütləvi iğtişaşlarla regionun tarixi hafizəsinə həkk olunmuşdur. Bu  terror siyasətinin davamı olaraq Erməni-Bolşevik silahlı dəstələrinin həyata keçirdiyi 1918-ci ilin Mart qırğınlarında isə sadəcə Bakı şəhəri və ətraf kəndlərdə on minlərlə   günahsız Müsəlman həyatını itirmiş, Bakı, Quba və Şamaxıda baş verən soyqırım AXC-nin müxtəlif millətlərin nümayəndələrindən təşkil etdiyi Fövqaladə Təhqiqat Komisyasının araşdırmalarıyla  təfsilatlı bir şəkildə sənədləşdirilmişdir.    

İşğalçı siyasətini ustalıqla pərdələməyə çalışan, yalan uydurma və saxtalaşdırmada çox mahir olan, yalnız Rusiya nəzdində deyil  Türkiyəylə bağlı ikili standart siyasəti aparan bəzi Qərb ölkələrinin nəzərində də  Ankaraya qarşı istifadə edilə biləcək ən əlverişli vasitə olduqlarını göstərmək  üçün  “soyqırım” təbliğatına ara verməyən  erməni liderlər,  yuxarıda qeyd etdiyimiz ənənəvi qətliam siyasətlərini inkar edərək özlərini məzlum kimi göstərməyə çalışsalar da XX əsrin ən acımasız soyqırımlarından biri olan   Xocalını, Malıbəyli, Qaradağlıda yaşananları unutdura bilməzlər.

Xocalı sakinlərinə qarşı həyata keçirilən o vəhşiliyə başçılıq edən,   Qarabağda minlərlə günahsız insanın qanına əli bulaşan, əslində beynəlxalq məhkəmələrdə mühakimə  edilməsi gərəkirkən Ermənistanda prezident seçilən Köçəryan və Sarkisyanın etirafları bu soyqırım hadisəsinin şüurlu bir şəkildə icra edildiyini ortaya qoyur.  S. Sarkisyanın  “Xocalıdan əvvəl Azərbaycanlılar bizim mülki əhaliyə əl qaldırmayacağımızı düşünürdülər.  Biz bu stereotipi Xocalıda dağıtdıq” sözləri onun cinayətin təşkilatçısı kimi Beynəlxalq Hərbi Tribunalın müttəhimlər kürsüsündə oturması üçün yetərlidir. 

Xocalı həm də bəşəriyyətə qarşı işlənən ən dəhşətli cinayyətin adıdır. Yüzlərlə dinc sakin xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilmiş,  diri-diri yandırılmış,  hücumun iştirakçısı, cani ruhlu erməni yazıçısı Zori Balayanın “Ruhumuzun Dirçəlişi” kitabında fəxrlə anlatdığı kimi uşaqların  dərisi soyulmuş, gözləri çıxarılmışdır.  Əksəriyyəti qadın, uşaq  və yaşlılardan ibarət olan əsir götürülmüş 1275 nəfər Azərbaycan Türkünə qarşı edilən ağlasığmaz işgəncələr İkinci Dünya müharibəsi zamanı nasistlərin əsir  düşərgələrində belə yaşanmamışdır.

Azərbaycanın hüquq- mühafizə orqanlarının həyata keçirdiyi istintaq tədbirləriylə keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı alayının da Xocalı soyqırımında iştirak etməsi  tam olaraq sübut edilmiş, şəxsiyyətləri müəyyənləşdirilən hərbiçilər haqqında məhkəmə tərəfindən  həbs qərarı alınaraq axtarış həyata keçirilməsi üçün İnterpola müraciət edilmişdir. Beynəlxalq münasibətlər sistemində hüquq və ədalət amilindən daha çox güc və maraqlar amili ön plana çıxdığı üçün təəssüf ki, hələ də hüquq müstəvisində Xocalıya ədalət təmin edilə bilməmiş, bu cinayətin  iştirakçıları layiqli cəzalarını almamışdır. Bu mənada  bütün təbəqələriylə birlikdə Azərbaycanın önündə hələ görüləcək çox iş var. Xocalı həqiqətlərini mütərəqqi dünyanın vicdanına çatdırılmalı, Erməni faşizminin əsil siması açıb göstərilməlidir. Xocalı Azərbaycanın, ədalət axtaran Türk İslam aləminin qan yaddaşıdır. Heç şübhəsiz ki, qəhrəman Azərbaycan ordusu 44 günlük müharibədə, birinci Qarabağ müharibəsində mülkü əhaliyə qarşı müxtəlif vəhşiliklər həyata keçirmiş  Erməni könüllülərin də səflərində yer aldığı işğalçı Ermənistan ordusuna ağır zərbələr vuraraq zəfər qazanmaqla Xocalının günahsız sakinlərinin, bütün Qarabağ şəhidlərinin də  intiqamını almış, ədaləti süngüsüylə  bərpa etmişdir. Lakin uşaqlarını ümumbəşəri dəyərlər, sülh və əməkdaşlıq şüarlarıyla deyil Türk millətinə nifrət  hisləri, tarix yalanları, demoqrafik potensiyallarıyla qətiyyən üst-üstə düşməyən  işğalçı iddialarla   bəsləyən bir Ermənistanla qonşu olduğumuz da unudulmamalıdır.



Әlaqәli Xәbәrlәr