Talibanın ikinci dövrü

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) direktoru professor Murat Yeşiltaşın “Talibanın ikinci dövrü” məqaləsini təqdim edirik

1698024
Talibanın ikinci dövrü

 

  Talibanın Əfqanıstanda gözləniləndən sürətli bir şəkildə hakimiyyəti ələ alması hər kəs üçün sürpriz oldu. 2020-ci ilin mart ayında Amerika Birləşmiş Ştatları ilə Taliban arasında razılaşmadan sonra Talibanın irəliləməsi onsuz da artmışdı. Co Bayden hökumətinin ABŞ-ın Əfqanıstandan çəkilməsinə dair Donald Tramp dövrü siyasətini eyni şəkildə mənimsəməsiylə Talibanın əli daha da rahatladı. Baydenin çəkilmə qərarını daha erkən bir tarixə salması isə Talibanın paytaxtı asanlıqla təslim etməsinə səbəb oldu. Kabilin ələ keçməsi ilə Əfqanıstan hökuməti rəsmən süqut etdi, Milli Ordu dağıldı. İndi qarşımızda Talibanın idarəsində olan yeni bir Əfqanıstan var. Cavabı ən çox axtarılan sual isə Talibanın ikinci dövrü necə bir Əfqanıstan ortaya çıxaracaq?

  Qarşımızda üç ssenari var. Birincisi, Talibanın hərtərəfli bir hökumət qurmasıdır. Müxtəlif etnik və dini qruplarla hal-hazırki məmurların birgə iştirak edəcəyi belə bir hökumət Talibanın ölkəni daha rahat idarə etməsini və beynəlxalq cəmiyyətin dəstəyini almasını təmin edə bilər. Bu ssenaridə müdafiə, təhlükəsizlik, kəşfiyyat və iqtisadiyyat kimi nazirliklər Talibanın, digər nazirliklər isə o biri qruplara paylana bilər.

  Ancaq bu mülayim ssenari yalnız hökumətin necə qurulacağı ilə məhdudlaşmır. Talibanın şəriət qaydalarını necə tətbiq edəcəyi də bu ssenarinin reallaşması üçün son dərəcə əhəmiyyətlidir. Bu günə qədərki çıxışlarında qadınların iş həyatına qatılması ilə bağlı mülayim mesajlar verən Taliban 31 avqustdan sonra verdiyi vədləri yerinə yetirməlidir. Dünya ölkələri bu ssenarini dəstəkləyə bilər, əgər Talibanın söylədikləri ilə əməlləri bir olsa.

  İkinci ssenari Talibanın mütləq iqtidarını necə həyata keçirməsi məsələsidir. Bu ssenaridə Taliban hakimiyyəti paylaşmaq yerinə, hökumətdə bütün idarəçiliyi öz əlinə almaq istəyəcək. Eyni zamanda, bu, şəriət qaydalarının da daha sərt şəkildə tətbiq edilərək cəmiyyətin idarə altına alınması olacaq. Sözügedən ssenaridə təhlükəsizlik, iqtisadiyyat, ictimai həyat kimi sahələrdə daha sərt bir Taliban rəhbərliyi ilə qarşılaşmaq mümkündür.

  Üçüncü ssenari isə şiddətə söykənən bir qorxu rejiminin həyata keçirilməsidir. 1996-2001-ci illərdə Taliban sərt tətbiqləri ilə təzyiq gücünə cəmiyyəti idarə altına alan bir rejim yaratmışdı. Taliban belə bir iqtidar təcrübəsi ilə yadda qalıb. Yeni qurulacaq Taliban hökumətində şiddət və basqı olarsa, şübhəsiz, bu onun həm daxildə, həm xaricdə əlini olduqca zəiflədər. Ancaq Taliban tək bir təşkilatdan ibarət olmadığı üçün mülayim mesajlar verməsinə baxmayaraq, dini, siyasi və hərbi qanadları arasında bir görüş ayrılığı vardır ki, bu da şiddət və basqını mərkəzə daşıyır. Belə bir ssenari eyni zamanda, ölkənin fərqli bölgələrindən Talibana qarşı yerli üsyanların çıxmasına da səbəb ola bilər.

  Talibanın necə bir hökumət quracağı Əfqanıstanın gələcəyi baxımından olduqca əhəmiyyətlidir. Tamamilə qapalı bir rejim yaradarsa, Əfqanıstanda var olan problemlər daha da dərinləşər.

  BMT-nin hesabatlarına görə, ölkədə 10 milyon uşaq aclıq təhlükəsi, 14 milyon adam isə qida çatışmazlığı ilə qarşı-qarşıyadır ki, bu da Əfqanıstan əhalisinin üçdə biri deməkdir.

  Taliban necə hökumət qurursa, qursun, qarşısında dolaşıq problemlər var. Bunları həll edərək Əfqanıstanı idarə etməsi ancaq mülayim ssenarinin reallaşmasına bağlıdır. Əks təqdirdə, Əfqanıstan daha qanlı bir vətəndaş müharibəsi ilə üz-üzə qala bilər.



Әlaqәli Xәbәrlәr