10 Noyabr Müqaviləsinin dörd ayı və erməni məsələsinin gələcəyi

Türk İslam Araşdırmaları Mərkəzi başqanı, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun "10 Noyabr Müqaviləsinin dörd ayı və erməni məsələsinin gələcəyi" başlıqlı analitik yazısını təqdim edirik.

1598647
10 Noyabr Müqaviləsinin dörd ayı və erməni məsələsinin gələcəyi

Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətini qəbul etməsindən sonra imzalanan 10 Noyabr müqaviləsindən 4 ay ötür. Müqavilədə yer alan, hələlik Azərbaycanın suverenliyinin təmin edilmədiyi Qarabağın ermənilər yaşayan hissəsindən erməni silahlı qüvvələrinin bölmələrinin tam olaraq çıxarılması prosesinin, Xocalı başda olmaqla Xocavənd, Xankəndi, Ağdərə kimi bölgələrə Türk- Müsəlman əhalinin geri qayıtmasının təqvimi, Zəngəzur dəhlizinin açılmasının həyata keçirilməsi, Rusiya sülhməramlılarının vəzifə və səlahiyyətlərinin çərçivəsinin müəyyənləşdirilməsi kimi məsələlər ətrafında suallar öz aktuallığını qorumaqdadır. Ermənistanın tarixi işğalçılıq siyasətini, əsrlərdir erməni millətinin zehininin şovinizm təbliğatı və Türk düşmənçiliyiylə zəhərləndiyini, Rusiyanın regionla bağlı hesablarını da göz önündə tutsaq prosesin mürəkkəb və ağrılı bir proses olduğunu qəbul etməliyik.

Hazırda normallaşma istiqamətində atılan ən önəmli addımlardan biri olaraq Azərbaycan-Ermənistan arasında dövlət sərhədlərinin demarkasiyasının həyata keçirildiyi, bu problemin həllində önəmli məsafə qət edildiyi məlumdur. Prosesin məntiqi yekunu olaraq indilik rus sülh məramlılarının nəzarətində olan Laçın dəhlizi, separatçıların yuvalandıqları Xankəndi də daxil Azərbaycanın BMT və beynəlxalq birlik tərəfindən tanınan əraziləri Ermənistan tərəfindən də tanınmalı və dövlətlərin bir-birilərinin ərazi bütövlüklərini qəbul etmələriylə birlikdə Cənubi Qafqaza həqiqi mənada sülh və əməkdaşlıq gətirəcək böyük sülh müqaviləsi imzalanmalıdır.

Belə bir müqavilənin imzalanması, Ermənistanla Azərbaycan arasındakı bütün ixtilafların həll edilməsi Moskva başda olmaqla regionda maraqları olan güc mərkəzlərinin siyasətinə nə qədər uyğundur sualına veriləcək cavab (Problemin həlli eyni zamanda Rusiya sülhməramlılarının da regionu tərk etməsi anlamına gəlir), Türkiyə-Rusiya arasındakı münasibətlərin seyri, Qərb-Ermənistan, Ermənistan-Rusiya, Türkiyə-Amerika münasibətlərində baş verəcək hadisələr Cənubi Qafqaz ətrafında qlobal və regional güc nisbətinin formalaşmasında, yeni durumun parametrlərinin formalaşmasında da əhəmmiyətli faktorlardır. Bu mənada 10 Noyabr sonrası başlayan siyasi-strateji proseslərin gələcəyi Ermənistan daxilindəki böhranın necə həll edilməsindən, Köçəryan və Manukyan kimi revanşistlərə iqtidar yolunun açılıb açılmayacağından da anlaşılacaqdır.

Ancaq mürəkkəb qlobal və regional tənlik içində milli maraqlar, Cənubi Qafqaz dövlətlərinin müstəqilliklərin qorunması naminə, həm də hadisələrin gedişatına yön verə bilmək üçün Türkiyə-Azərbaycan ittifaqının öz aralarındakı hərbi-siyasi birliyi daha da dərinləşdirməsi, Pakistan və Türk Dünyasıyla ittifaq qurub bir güc mərkəzi olaraq Qərb və Rusiya arasındakı balansı qoruyaraq separatçı qalıqlarını Xankəndindən təmizləyib tez bir zamanda məsələni kökündən həll etməsi vacibdir. Ermənistan daxilində sürətlə dəyişə biləcək siyasi proseslərdəki Türkiyə və Azərbaycanın maraqlarının nə şəkildə olacağını müəyyənləşdirərək ona görə həmlələr həyata keçiriləcəyi də şübhəsizdir. Eçmiədzin kilisəsi, diaspora mərkəzdə tutulmaqla tarix boyu erməni kartının həm də imperyalist mərkəzlər tərəfindən Türk-İslam dünyasına qarşı təzyiq üçün istifadə olunan bir alət olduğu da unudulmamalıdır. Qərbdəki erməni cəmiyyətlərinin sadəcə o ölkələrin xüsusi xidmət orqanları tərəfindən istifadə edilmədiyi bəllidir. Amerikadakı erməni disaporasının orada müxtəlif məqsədlərlə Sovet KGB-si tərəfindən necə təlimatlandırıldığı da arxiv sənədləriylə sabitdir. İstər Vaşinqtondan təlimat alsın istərsə də Moskvadan iqtisadi səfalətlə qarşılaşmış erməni xalqının Türkiyə və Azərbaycanla normallaşmağa ən çox ehtiyac duyduğu, dəhlizlər, yollar, sərhədlərin açılmasıyla regionda son mərhələdə əldə olunacaq sülhün, iqtisadi canlanmanın olacağına ümidlərin artdığı bir dövrdə Amerikadakı erməni diasporasından Bayden iqtidarıyla birlikdə sözdə soyqırım iddialarının tanınmasına ən yaxın olduğumuz bir dövrdəyik, Ermənistan iqtidarı Türkiyə ilə normallaşmaya getməməlidir kimi bəyanlar səslənməsi təsadüfi ola bilməz, Ermənistanın maraqlarına xidmət etmədiyi də açıqdır. Diasporadakı təsirli dairələr fəsad fəaliyyətlərinə davam edərkən daha çox Moskvanın adamları olaraq bilinən R. Köçəryan və V. Mankyanın başını çəkdiyi Paşinyan müxalifi revanşist qüvvələr də ya Moskva-Ankara ya da Vaşinqton-Ankara münasibətlərinin kəskinləşməsi ehtimalından mədət ummaqda ona görə hazırlıqlarına davam etməkdədir. Əsarət və müstəmləkə düşüncəsi ruhlarını sarmış erməni siyasətçiləri artıq Türkiyə liderliyində yeni bir türk gücünün doğduğunu, bu güc mərkəzinin özünün bir mədəniyyət yürüşünün başladığını, Moskva və Vaşinqtonun hesablarından müstəqil siyasi-geopolitik konsepsiyasının olduğunu görmək istəmirlər. Əslində erməni xalqının da maraqlarının müstəmləkə bataqlığında deyil, tarixdə onlara ən etibarlı status qazandırmış, hər şeyini bölüşmüş bir türk gücüylə əməkdaşlıq və yaxınlaşmadan keçdiyini anlamaq o qədər də çətin deyildir. İqtidarda kim olursa olsun Ermənistan üçün zaman da seçim də daralmaqdadır. Zəngəzur koridorunun açılması və Qarabağdakı separatizm meyillərinə son verilməsi Yerevanın 10 Noyabr müqaviləsindən irəli gələn öhdəlikləri olmaqla birlikdə bu prosesdə Türkiyə və Azərbaycan ittifaqının da qırmızı xəttidir.



Әlaqәli Xәbәrlәr