Ermənistan böyük təzminata hazır olmalıdır

Dr. Telman Nüsrətoğlunun mövzuya dair dəyərləndirməsini təqdim edirik.

1538469
Ermənistan böyük təzminata hazır olmalıdır

Azərbaycan, Rusiya və Ermənistan dövlətləri arasında imzalanan  üçtərəfli  saziş  çərçivəsində daha bir tarixi gün geridə qaldı. 01.12 2020 tarixində  Azərbaycan Ordusunun bölmələri Laçın rayonunun ərazisinə daxil oldu. Laçının da işğaldan azad edilməsiylə Azərbaycan Türklərinin Qarabağ uğrundakı milli mübarizəsinin əhəmmiyətli bir mərhələsi tam qələbəylə yekunlaşmış sayılır.  Türkiyənin Müdafiyə naziri cənab Hulusi Akarın da müharibənin yekunlarıyla bağlı Azərbaycan Müdafiyə Nazirliyində  keçirilən toplantıda ifadə etdiyi kimi 44 gün davam edən bu müharibə nəticələri etibariylə 44 il bundan sonra da dünyada və regionda müzakirə edilməyə davam ediləcəkdir. Ağır  hərbi məğlubiyyət və  üstəlik də pandemiyanın yaratdığı iqtisadi-siyasi tənəzzül nəticəsində  hakimiyyət və dövlət böhranının məngənəsində sıxılan Ermənistanın bundan sonra beynəlxalq məhkəmələr vasitəsiylə böyük təzminatlar ödəməsi də gündəmdə olacaq.  Bu məsələnin  təfərruatlarına girmədən əvvəl Azərbaycan ordusunu tarixi qələbəyə götürən yol, bu qələbəni təmin edən əsas faktorlar haqqında ümumiləşdirilmiş dəyərləndirmə aparmaqda fayda vardır.

Amerikadakı seçkilərdən Rusiya ətrafında formalaşan beynəlxalq təcrid vəziyyətinə, Moskvanın Ankarayla olan əməkdaşlığa artan ehtiyacından  İranın məhdudlaşdırılan geopolitik təsir imkanlarına qədər xarici faktorlar baxımından da zamanlaması etibariylə  mükəmməl seçilən,  dərin  siyasi–strateji hesablama və  mükəmməl  hərbi planlama sayəsində başlayan Qarabağın işğaldan azad edilməsi əməliyyatının qısa müddətdə Azərbaycanın mütləq qələbəsiylə nəticələnməsini təmin edən əsas faktorları  aşağıdakı kimi  təsnif etmək mümkündür.

Əvvəlcə xüsusi olaraq vurğulamaq lazımdır ki, bütün tarixi–siyasi faktorlar, yorulmadan aparılan işlər işğal altındakı  Qarabağ və ətraf rayonların əzəli və əbədi  Azərbaycan  torpağı olduğu həqiqətini  beynəlxalq dairələr nəzdində də ortaya qoymuşdu. Bütün beynəlxalq hüququ aktlar da bunu sübut edirdi. Xalq böyük səbirsizliklə Böyük Vətən Müharibəsinin başlamasını, Qarabağ üçün səfərbər olacağı günü gözləyirdi. Vətənin parçasının işğalına son qoyulması, illərdir torpaqlarından didərgin düşən məcburi köçkünlərin öz yurd-yuvalarına qovuşması  fərqli siyasi baxışlara sahib olsalar da iqtidarlı müxalifətli bütün Azərbaycan vətəndaşlarını birləşdirən milli bir məsələ olmuşdu. Prezident İ. Əliyev liderliyindəki siyasi rəhbərlik Ermənistanın sülh yoluyla torpaqları boşaltmayacağını görərək,  uzun hazırlıq dövründən sonra qətiyyətli şəkildə qərar alaraq torpaqları işğaldan qurtarmanın zamanı gəldi deyincə uşaqdan böyüyə bütün ölkə  dövlətin, Ali Baş Komandanın  ətrafında tək yumruq kimi səfərbər olmuş, böyük fədakarlıqla hər kəs cəbhədəki qələbə üçün əlindən gələni etməyə çalışmışdır.  Böyük ruh yüksəkliyi, vətənpərvərlik və milli kimlik şüurunun yüksəlməsində heç şübhəsiz Türkiyə- Azərbaycan qardaşlığının gəldiyi nöqtə, son illər Türk televizyaları vasititəsiylə yapılan dizi və proqramlarda aşılanan dəyərlər də rol oynamışdır. Erməni yayılmaçılığı və terror fəaliyətlərinin bu coğrafiyalardakı  tarixi inkişaf prosesi göstərmişdir ki,  Rusiya başda olmaqla bəzi imperyal mərkəzlərin dəstək və himayəsi olmasaydı tarixi Türk torpaqları olan Rəvən Xanlığı, Zəngəzur və  Göyçə mahallarının əsil sahibləri olan Müsəlman Türklər oralardan köç etdirilərək  Erməni dövləti qurula bilməzdi. Demoqrafiq,  potesniyal hərbi  və iqtisadi  güc faktorları baxımından çox-çox geridə olan Ermənilərin  Azərbaycan  Türklərini  məğlub edərək yurdlarından çıxarmaları mümkün  ola bilməzdi.  90-cı illərdən fərqli olaraq artıq ordusu, kəşfiyyatı, iqtisadiyatıyla  Cənubi Qafqazın güc mərkəzi halına gələn bir Azərbaycan reallığı olsa da  2016- cı  Aprel ayındakı bir neçə günlük  əks-hücum yenə Ermənilərin Kreml rəhbərliyinə yalvarmalarıyla dayandırılmışdı. Yəni şimaldan, cənubdan vəya Qərbdən gələcək hər hansı xarici müdaxilə ehtimalının önlənməsi faktoru qələbəni təmin edəcək strateji məqamların başında gəlirdi. Bu mənada  hərbi potensiyalı, geniş coğrafiyalardakı artan təsiriylə gündən-günə güclənən Türkiyə amili, dost və qardaş coğrafiyaların haqqını qorumağı da öz siyasətinin mərkəzinə oturdaraq dünya beşdən böyükdür deyə hayqıran  cənab Ərdoğanın qətiyyətli bir üslubla Azərbaycan nə şəkildə istərsə biz o şəkildə yanında olacağıq bəyanı, Türk “F-16” larının ortaq təlimdən sonrası Anadoluya geri dönməyərək hər hansı aqressiyaya qarşı Azərbaycanın keşiyində durması, TBMM başkanı M. Şəntopun  Moskvada xarici işlər nazirlərinin kritik üçlü danışıqları davam edərkən “xarici müdaxilə olarsa Qarabağa ordu göndərməkdən çəkinməyəcəyik” bəyanı Ermənistanla Azərbaycanın xarici müdaxilə olmadan baş-başa qalaraq hesablaşması imkanının yaradılması  baxımından mühüm idi.  Bu amil mərkəzdə olmaqla yuxarıda da vurğuladığımız kimi  Rusiyanın da yeni geopolitik tənlikdə Azərbaycan və Türkiyəyə artan ehtiyacı, Çinin İpəkyolu strategiyası çərçivəsində  Cənubi Qafqazın ticarət yolları və dəhlizlərinin daha da önəmli hala gəlməsi regional əməkdaşlıq ehtiyacını artırmış, Qarabağın Azərbaycana qaytarılmasını zəruri etmişdir. Ancaq Putinin də ifadə etdiyi kimi Rusiyanın regiondakı güc balansını qorumaq adına savaş boyunca Ermənistanı zəruri silah və texnikayla təmin etməsini, Xankəndinin qapılarına dirənən Azərbaycan ordusu qarşısında regiondakı mövcudiyyətini də qorumaq üçün  Erməni silahlılarını tamamən yox olmaqdan xilas etdiyini də unutmamaq lazımdır. Müharibəni qələbəylə nəticələndirən daha bir mühüm  hərbi faktor  isə, Azərbaycan Ordusunun xüsusi təyinatlılardan ibarət mobil vurucu qüvvələrinin şücaəti (Şuşa əməliyyatı bu mənada da tarixə düşmüşdür), SPUA, PUA kimi  sahib olduğu müasir  hərbi silah və texnika idi.  Bir cümləylə ifadə etsək,  milli gücün bütün amilləriylə Azərbaycan Ermənistandan qat-qat güclü olması,  hazırlıqlı olduğu üçün qısa müddət ərzində  qələbənin təmin edilməsi baş verdi.

  Laçının işğaldan azad edilməsiylə bağlı prezident İ.Əliyevin etdiyi son yekun dəyərləndirmə çıxışında qələbənin əhəmmiyətinə, regionda getdikcə güclənən Azərbaycan amilinə diqqət çəkməklə birlikdə bütün mənalarda dalana dirənən, regional layihələrdən təcrid olunmuş Ermənistana verdiyi məsajlarla da yadda qaldı. Prezident boru xətlərindən ticarət yollarına bütün böyük proyektlərdən özünü məhrum edən Ermənistanın Türkiyə,  Azərbaycan, İran və Rusiyayla birlikdə Naxçıvanı Türkiyə və Azərbaycanın digər bölgələri, Orta Asiyayla birləşdirən  böyük ticarət yolu  proyektinə daxil olmasını, Cənubi Qafqazda sülh və əməkdaşlıqdan yana bir siyasət izləməsini bu dalandan çıxmaq üçün  son şansı olaraq  gördüyünü ifadə etmişdir. Kilsə və ziyalıların on illiklər boyu bütün Erməni cəmiyyətini  yoluxdurulduğu reallıqlar və milli imkanlarla üst-üstə düşməyən təcavüzkar, qarşıdurma anlayışı ilə bəslənən Türk düşmanlığı Ermənistan üçün ağır nəticələr doğurmuşdur.

Azərbaycan hökümətinin beynəlxalq qurumları da işin içinə çəkərək viran edilən  işğal altında  olmuş  rayonlara  dəyən ziyanı hesablamaq üçün komisiyya formalaşdırması Ermənistanın beynəlxalq məhkəmələrdə böyük miqdarlarda təzminat ödəmək məcburiyyətində qalacağından  da xəbər verir. 27 il işğal altında olmuş Yuxarı Qarabağın şəhər və rayonlarında  vətəndaşların ev və iş yerləriylə birlikdə  yüzlərlə məktəb, kitabxana,  tarixi əşya və abidələrdən ibarət olan muzeylər, mədəniyyət evləri, inzabat-idari binalar, məzarlıqlar tamamən talan edilmiş, yer üzündən silinmişdir. 27 il o bərəkətli torpaqların imkanlarından da işğalçı ölkə yararlanmış, Azərbaycan iqtisadiyyatına bu mənada da ciddi ziyan dəymişdir. Kəlbəcərin qızıl yataqlarıyla zəngin olan ərazilərindən bu işğal  illəri  boyu daşınıb aparılan tonlarla qızıl haqqında daha əvvəlki yazılarımda yazmışdıq.  Üçlü saziş çərçivəsində azad edilən Ağdam, Kəlbəcər və Laçından çıxan Ermənilərin oradakı Müsəlman Türklərə aid evləri necə vandallıqla  yandırdıqlarına da  beynəlxalq media qurumları vasitəsiylə bütün dünya şahid oldu.  Xüsusiylə Kəlbəcərdə baş verənlər qədim millət iddiasında olan Ermənilərin xislətinin nədən ibarət olduğunun aşkara çıxması baxımından mühüm idi.  Gəncə, Mingəçevir və Bərdə kimi döyüş getdiyi bölgələrin kənarında yerləşən şəhərlərdə mülkü əhaliyə qarsı Rusiyanın verdiyi “İsgəndər” raket kompleksindən istifadə etdiklərinə dair keçmiş Baş Qərargah rəisi Movses Akopyanın etirafı isə insanlıq əleyhinə kütləvi qırğın silahlarından istifadəyə görə də beynəlxalq məhkəmələr qarsısında cavab verməli olacaqlarını ortaya qoymusdur.



Әlaqәli Xәbәrlәr