Türkiyə - Gürcüstan əlaqələri

Türkiyə ilə Gürcüstan arasındakı münasibətlər strateji səviyyədədir, eyni zamanda, 2007-ci ildən bu yana Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır.

815878
Türkiyə - Gürcüstan əlaqələri

  Gürcüstan Cənubi Qafqaz regionunun strateji əhəmiyyətə malik ölkələrindən biridır. “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü buraxılışı Türkiyə-Gürcüstan əlaqələri barədədir. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Gürcüstan Cənubi Qafqaz ölkələri içində NATO və Avropa İttifaqı da daxil olmaqla Qərblə əlaqələrini çox inkişaf etdirən ölkədir. Bu dövlət 2009-ci ildən etibarən Avropa İttifaqı tərəfindən üç Şərqi Avropa ölkəsi olan Ukrayna, Moldova və Belarusla üç Cənubi Qafqaz ölkəsi - Gürcüstan, Azərbaycan və Ermənistana qarşı inkişaf etdirilən Şərq Tərəfdaşlığı bölümündə yer alır. Avropa İttifaqı Şərq Tərəfdaşlığı bölümü bu ölkələri İttifaqa daha da yaxınlaşdırmaq üçün ölkələrarası tərəfdaşlıq, azad ticarət və sərbəst viza sazişləri imzalanmasını nəzərdə tutur.

  Şərq Tərəfdaşlığı Müqaviləsi 2014-cü ildə Brüsseldə imzalanıb və 2016-cı ilin uyul ayından qüvvəyə minib.

  Türkiyə ilə Gürcüstan arasında münasibətlər Gürcüstanın müstəqilliyini qazanmasından bu yana hər sahədə inkişaf edib və iki ölkə arasında müxtəlif sahələrdə çox sayda saziş imzalanıb. Türkiyə Gürcüstanın müstəqilliyini 1991-ci ilin 16 dekabrında tanıyıb. Diplomatik Münasibətlərin Yaradılmasına dair Protokol isə 21 may 1992-ci ildə imzalanıb və qarşılıqlı olaraq səfirliklər açılıb. Artıq Türkiyənin Batumda, Gürcüstanın isə İstanbul və Trabzonda baş konsulluqları var.

  Türkiyə ilə Gürcüstan arasındakı münasibətlər strateji səviyyədədir, eyni zamanda, 2007-ci ildən bu yana Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Gürcüstana ən çox birbaşa investisiya qoyan ölkələr arasında Türkiyə ilk sıralarda yer alır. İki respublika arasında 2011-ci ilin sonundan qüvvəyə minən protokola əsasən, hər iki ölkənin vətəndaşları bir-birilərinə yalnız şəxsiyyət vəsiqəsilə səyahət edə bilər. İki ölkə arasında müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir. Türkiyə ilə Gürcüstan arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YDSK) qurulub. Şuranın birinci yığıncağı 2016-cı ilin 19 iyulunda Ankarada, ikinci iclası isə 2017-ci ilin 23 mayında Tiflisdə keçirilib

  Türkiyə-Azərbaycan-Gürcüstan Xarici İşlər nazirlərinin üçtərəfli görüşlər prosesi regional sabitlik, sülh və rifaha töhfə verən əhəmiyyətli işlərdir. Həmçinin Müdafiə, İqtisadiyyat, Nəqliyyat nazirləri, Silahlı Qüvvələr başçıları, Parlamentin Xarici İşlər Komissiyaları sədrləri və Biznes Forumları rəhbərləri arasında üçtərəfli danışıqlar aparılır.

Türkiyə və Gürcüstan arasındakı münasibətlər həm ikitərəfli, həm də regional səviyyədə strateji xarakter daşıyır. Gürcüstan həm Xəzər dənizi enerji qaynaqlarının Türkiyə və Qərb bazarlarına daşınması, həm də Türkiyə və Azərbaycan, Rusiya və Orta Asiya Respublikaları arasında nəqliyyat əlaqələri baxımından qapı rolunu oynayır. Buna qarşılıq Türkiyə də Gürcüstanın ən böyük ticarət ortağıdır: Türkiyə, Gürcüstan və Azərbaycan arasında, başda enerji və nəqliyyat olmaqla, müxtəlif sahələrdə üçlü əməkdaşlıq davam edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu əməkdaşlığın konkret və əhəmiyyətli nümunələridir.

Türkiyə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, həm də ölkənin daxili məsələlərinin həllinə yardımçı olmağa çalışır. Gürcüstan xalqı üçün Abxaziya və Cənubi Osetiya çox mühüm iki bölgədir. 2008-ci ildə baş verən Gürcüstan-Rusiya münaqişəsini Rusiya qazandı, bu bölgələri müstəqil elan etdirib tanıdı, hərbi müqavilələr bağladı. Rusiyanın ikitərəfli müqavilələr əsasında qurduğu hərbi bazalar regional müstəvidə legitimlik əldə etməsinə səbəb oldu. Gürcüstan faktiki olaraq müstəqil Abxaziyanın statusunu yaxın gələcəkdə dəyişdirmək gücünə malik olmadığından vəziyyəti beynəlxalq müstəviyə daşıyıb və hüquqlarını qorumağa çalışır. Cənubi Osetiya probleminə yanaşma da eyni cürdür.

Rusiyanın 2016-cı ilin dekabrında "Abxaziya və Osetiyanın demokratik dövlətlər kimi inkişaf etmələrinə dəstək verəcəyik" açıqlaması Gürcüstana asan olmayacağını göstərir. Gürcüstanda mövcud hökumət istər Rusiya, istərsə də, Abxaziya və Cənubi Osetiya problemlərilə bağlı yumşaq xətt götürməyə məcbur olub və Rusiya ilə münasibətlərin normallaşdırılması üçün addımlar atır. Amma Rusiyanın Abxaziya ilə ittifaq müqaviləsi imzalaması Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya ilə bağlı qayğılarını artırmaqdadır.

Türkiyə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır və bu münaqişələrin Gürcüstanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində və sülh yolu ilə həll edilməsi tərəfindədir. Türkiyə Gürcüstanın Avropa-Atlantika qurumları ilə inteqrasiya səylərini də dəstəkləyir.

 Türkiyə-Gürcüstan münasibətlərindəki ən mühüm məsələlərdən biri də Ahıska türklərinin tarixi vətənlərinə geri dönüş prosesidir. Türkiyə bu məsələni yaxından izləyir. Gürcüstanın 1999-cu ildə Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklər sırasında Ahıska türklərinin ata-baba yurdları olan Ahıskaya geri dönmə yolunda bütün əngəllərin götürülməsi də var. Gürcüstan bu məsələ ilə əlaqədar konkret addımlar atarsa, iki ölkə arasında əlaqələr daha yüksək səviyyələrə çıxar.

 



Әlaqәli Xәbәrlәr