Şərqin şah çalgı aləti olan ud ifaçısını edamdan qurtardı

Şərq dünyası qədim, sirli, sehirli fikir tarixinə malik oldugundan bu düşüncənin ifadə forması olan musiqisi, alətləri də rəngarəng və sehrlə doludur. Ud da belədir.

807779
Şərqin şah çalgı aləti olan ud ifaçısını edamdan qurtardı

  Səsi ilə qəlbləri ofsunlayan, hər telinə ayrıca bir duyğu yüklənən ud çalğısı.

  Şərq dünyası qədim, sirli, sehirli fikir tarixinə malik oldugundan bu düşüncənin ifadə forması olan musiqisi, alətləri də rəngarəng və sehrlə doludur. Ud da belədir. Yumşaq ifadəli səsində ecazkar bir qüvvə var. O sanki ulu tariximizi, uzaq keçmişimizi səhifələyir, gözlərimiz önündə canlandırır.

  Dolğun və məlahətli səsə malik ud musiqi alətinin tarixini araşdırarkən arxeoloji, ədəbi, etnoqrafik mənbələrə diqqət yetirdik. Tarixçi-jurnalist Fazil Kərimovun araşdirmalarında alətin türklərdən farslara və ərəblərə keçdiyi barədə bilgilər var. Tədqiqatçı alim Aslan Məmmədov da əsərlərində eyni fikri təsdiqləyir. Etimologiyasına gəlincə, Oğuz türkcəsində ud sözü “xoşbəxt anlar yaşadan” mənasını verir. Qədim Oğuz abidəsi “Kitabi-Dədə Qorqud” dastanında “udsuz gəlin”, “udlu gəlin” ifadələri var. Udlu gəlin xoşbəxt gəlin deməkmiş. Bəzi mənbələrdə isə bu alətin adının ərəbcədən gəldiyi, mənasının “sarisəbir” və ya “öd ağacı” demək olduğu yazılır. Qədim mənbələrdə udun bir adının da “bərbəd” olduğu qeyd olunur.

  Udla bağlı ən qədim arxeoloji tapıntı Azərbaycan ərazisi hesab olunur. Tarixçi Aləm Nuriyevin Bərdədə apardığı qazıntılar nəticəsində aşkarladığı qabın üzərində udun qədim variantının cizgiləri verilib. Arxeoloqlar bu qabın 5500 illik tarixi oldugunu bildiriblər. Dünyanın heç bir yerində udla bağlı bu qədər qədim ikinci arxeoloji tapıntı yoxdur. Bu isə  deməyə əsas verir ki, bu qədim musiqi aləti bizə ana südü qədər doğma və əzizidir.

  İlk dəfə bu musiqi alətinin əsaslı şərhini türk dünyasinin yetişdirdiyi, Oğuzların Uzluq tayfasından olan, IX əsrin sonu - X əsrin əvvələrində yaşamış filosof alim Əbu Nəsir Fərabi verib. XIII əsrdə yaşamış məhşur azərbaycanlı musiqişünas alim Səfiəddin Urməvinin “Kitabi-Ədvar” əsərində bu alətin yaranma tarixindən bəhs edilir. XIV əsrdə yaşamış digər azərbaycanlı dahi musiqişünas alim Əbdülqadir Marağayi bu əsəri şərh edərək ud alətinin ecazkarlığından, müqəddəsliyindən danışıb.

  Səfiəddin Urməvi, Əbdülqadir Maragayi, Həbib Udi dövrlərinin həm də gözəl ud ifaçıları olmuşlar. Rəvayətə görə, Çingiz xanın nəvəsi Hülaki xan Bağdadı ələ keçirdikdən sonra xəlifəyə yaxın insanları həbs, edam etdirir. Sıra Səfiəddin Urməviyə çatır. Onu dar ağacının altına gətirirlər. Ustad: “İcazə versəydiniz, sonuncu dəfə udda çalıb, sonra ölərdim”, - deyir. Urməvi udda o qədər gözəl ifa edir ki, Hülaki xan onu əhf edir. Bənzər rəvayət Əbdülqadir Maragayi ilə bağlı da var. XIV əsrin məhşur müsiqişünası Əmir Teymur tərəfindən edam hökmünə məhkum olunur. Ölüm ayağındaykən ud ifa edir və bu çalğı onu ölümdən qurtarır.

  Klassik şairlərimiz öz əsərlərində musiqi alətlərimizi tərənnüm etmiş, onların rəsmini çəkmiş, poetik arxiv yaratmışlar. Nizami Gəncəvi “İsgəndərnamə” əsərində

  Odur göylərin yeddinci sirrini açan,

  Odur səkkizinci qəranə sultan,

adlandırır ud musiqi alətini.

  Dahi söz ustadımız Məhəmməd Füzuli “Yeddi cam” əsərində ud səsini bu sözlərlə tərənnüm edir:

                Bu gün mən yenə nəşəl bir bəzm düzəltdim,

                Mən bu işi bir hikmət üçün bərqərar etdim.

                Bir ud sədası bu zaman qalxdı havayə,

                Yandım, tütüm çıxdı mənim övci-səmayə!

  Ud armudvari çanaqdan, qol və aşiqlar yerləşən kəllədən ibarətdir. Qədim udun od, su, torpaq və havanı simvolizə edən dörd simi olub. Sonralar ona beşinci sim əlavə edilmiş və səsin gur çıxması üçün hər sim qoşalaşdırılmışdır. Müasir ud aləti beş qoşa, bir tək olmaqla 11 simdən ibarətdir. Alətin insan qucağını dolduran böyük armudu gövdəsini 20-yə qədər aypara şəkilli taxta dilim təşkil edir. Əsasən səndəl, qoz, armud ağacından hazırlanır. Çanağın üzü 5 mm. qalınlığında şam ağacından  hazırlanmış taxta üzlüklə örtülür. Ümumi uzunluğu 850 mm. olan udun çanağının eni 350, uzunluğu 480, hündürlüyü 200 mm. olur. Ud çanağı sağ dizin üzərinə qoyularaq ifa edilir. Simləri ipək sap, bağırsaq və xüsusi kaprondan hazırlanır. Telləri mizrabla dilləndirilir. Səs diapazonu böyük oktavanin “mi” səsindən ikinci oktavanın “fa” səsinə qədərdir. Ud bugünkü quruluşunu bir-iki kiçik dəyişiklik xaricində təxminən min ildir ki, qoruyub saxlamaqdadır.

  Ud əsasən Türkiyə, Ərəbistan, İran və bir çox şərq xalqları arasında geniş yayılmış musiqi alətidir. Türkiyədə bu ecazkar musiqi aləti çox sevilir və dinlənilir. Şərif Mühittin Tarkan, Fahri Kopuz, Sedat Öztoprak, Cevdet Kozanoğlu, Mehmet Emin Bitmez, Coşkun Sabah, Yurdal Tokcan, Necati Çelik, Caner Altınbaş həm də görkəmli ud ifaçılarıdır.

  Azərbaycanda bu alətin misilsiz gözəl ifaçıları olub. Tanınmış bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov dövrünün məhşur ud çalanı olub. Azərbaycanda Sovet hakimiyyəti illərində udun tədrisi dayandırılsa da, bu alət tamamilə unudulmayıb. Ud alətini Məşədi Cəmildən sonra böyük auditoriyaya Əhsən Dadaşov çıxarıb. 1974-cü ildən Xalq Çalgı Alətləri Orkestrində təmsil olunur. Bu gün Yasəf Eyvazov, Humay Qədimova, Behbud Agakişioglu və adlarını çəkə bilmədiyimiz neçə-neçə sənətçimiz bu aləti gözəl ifa və təbliğ edirlər.

  Ud səsi ilahi səsdir. Sanki qəlb çırpıntısı, ürək döyüntüsü, nurani bir şəxsin nəsihəti var ud səsində. Sanki insan duyğuları bu tellərə hopub. Elə ona görə bu səsi dinlədikcə xəyal dünyasının qanadlarında pərvazlanır insan. Keçmişə, tarixə boylanır istər-istəməz. Şərqin şah çalgı aləti olan udun səsində sehrlənmiş şer dünyamız, qəzəllərimiz, bayatılarımız daha doğma, daha əzizdir bizə.

                Əzizim, səfa gəldin,

                Xoş gəldin, səfa gəldin.

                Nə mən öldüm qutardım,

                Nə sən insafa gəldin.

        Ud səsi filmlərimizdə də istifadə olunub. İnsan yanğısı, kədəri bu alətin səsi ilə çatdırılıb bizə.

        Bəm və həzin səsi ilə ürəkləri ofsunlayan, qəlbləri fəth edən səsdir ud səsi. Uludur, doğmadır ud səsi. Yaxın dost, sirdaş və ürək həmdəmidir. Hətta ölüm cəzası verilən dostunun xilaskarıdı ud. Tariximizi yaşadan bu nəsihətedici səsə hər zaman ehtiyacımız var.

                                          Ud haqqında araşdırdıqlarını ipə-sapa düzdü Gülparə Bayram.



Әlaqәli Xәbәrlәr