Türkiyədə və Azərbaycanda Ramazan

Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur

504582
Türkiyədə və Azərbaycanda Ramazan

  İslam dünyası bu gündən etibarən bir ay qədər davam edəcək Ramazanı yaşayır.

  Allahın qulları olan İslam dininə inanmış möminlər Onun razılığını qazanmaq üçün bir ay boyu gün işığında yemək yeyəməyəcək və su içməyəcək. Ramazana xas axşam yeməyi olan iftarlar və gecə yeməyi olan sahurlar ediləcək.

  Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası orucluq ayı ilə bağlı məlumatına görə Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 7 iyuna təsadüf edəcək. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən  iyul ayının 6-na təsadüf edəcək. 

  Ayın göründüyü  andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti  başlayacaq. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. 

  Orucun  mühüm  əməllərindən  biri olan fitrə zəkatının vaxtı  Ramazan  ayının son  günüdür.  Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər  bir  üzvü  üçün fitrə zəkatı çıxarıb imkansızlara,  ehtiyacı  olan  ailələrə  verməsi  vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi  məsləhət  görülür.

  Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

  Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın", (Bəqərə surəsi, 187)

Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidiyə verməlidirlər.

  Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

  Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.  Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq, buğda yaxu d xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Bütün İslam dünyasının müqəddəs Ramazan ayını qeyd edir, bu ayın xətrinə Allahdan günahlar üçün tövbənin qəbul etməsini istəyirik.



Әlaqәli Xәbәrlәr