Mǝnǝ İslamı anlat 21/2016

Namaz, Allahın böyüklüyü qarşısında əyilmək, qulluq etmək və ona bağlı olmaq mənalarına gəlir.

497209
Mǝnǝ İslamı anlat 21/2016

Dua, ibadət, bağışlanma diləmək və yalvarmaq mənalarına gələn namaz ərəb dilində "salat" sözü ilə ifadə edilir. Namaz, eyni zamanda, Allahın böyüklüyü qarşısında əyilmək, qulluq etmək və ona bağlı olmaq mənalarına gəlir.

İslamda namaz müsəlmanın meracı, yəni uca yaradana yaxınlaşmanın yolu, ona yüksəlmənin vəsiləsi olaraq qəbul edilir.

Buna görə namaz ən mühüm ibadət sayılır. Əsil müsəlman namazda Allahın hüzurunda qalmağın və ona qul olaraq səslənmək mənəvi zövqünün dincliyini yaşayır, bütün dünyəvi iş və düşüncələrdən uzaqlaşaraq ruhən ona doğru ucalır.

Qurani-Kərimin bir çox ayəsində namazın şüurlu şəkildə, diqqətlə və vaxtında qılınması vurğulanır. Bu səbəbdən namaz müsəlmanın çox ciddi və diqqətlə yerinə yetirməsi lazım olan vəzifədir. Amma hədislərdə namazı ciddi qəbul etməyən və onu özünügöstərmə kimi qılanlar tənqid olunur.

Hz. Peyğəmbər (s.a.v) namaza dinin dirəyi deyib. Namazlarını şuürlu şəkildə qılan Hz. Peyğəmbər namaz qılarkən sanki dünyaya vida edir, axirət aləminə dalırmış.

Namaz qılan müsəlmanın zehni, bədəni və ürəyi ortaq hərəkət edir. Bədən sayəsində namazın qiyam, rüku, səcdə və qiraət kimi hərəkətləri icra olunur. Qiyam Allahın hüzurunda dayanmaq, rüku Onun qarşısında əyilmək, səcdə isə qulun Allaha ən yaxın olduğu halı təmsil edir. Bu səbəblərdən namaz bütün ibadət şəkillərini özündə birləşdirir. Zehinlə oxunan duaların mənaları düşünülür və anlamağa çalışılır. Ürək isə bu zaman hörmət və məsuliyyət hissləri dolur. Əsil namaz Allahı görürmüş kimi olmaqdır.

Namazda diqqətin cəmlənməsi, qılınan namazlara görə Allahın razılığının qazanılması üçün beynin o anlar bütün düşüncə və arzulardan təmizlənmiş olması şərtdir. Sevimli Peyğəmbərimiz belə tövsiyə edib: “İnsan namazı hər dəfə son dəfə qılırmış kimi qılmalıdır.” Çünki əzrayılın arxasında gözlədiyini və namazı bitirən kimi canını alacağını düşünən bir müsəlmanın o namazı diqqətlə qılacağına şübhə yoxdur.

 Ehsan şüuruyla qılınan namaz məsuliyyət hissi yaradır, insanı pis fikirlərdən, mənfi davranışlardan uzaqlaşdırır, hərəkətlərinə diqqət etməyə sövq edir. Çünki günün müəyyən vaxtlarında Allahın hüzuruna çıxdığını düşünən insan Onun məmnunluğunu qazanmaq üçün davranışlarına nəzarət etməyə səy göstərir. Bu barədə Qurani-Kərimdə buyurulur: "Namaz qıl, çünki namaz həqiqətən insanı çirkin və pis əməllərdən çəkindirir".

Namaz insanın maddi və mənəvi təmizliyinə vəsilə olur. Çünki namaz qılmaq üçün adamın namaz qıldığı yerin, geyimlərinin və bədəninin təmiz olması, dəstəmaz alması və ya qüsl etməsi vacibdir. İnsanın ruhunu da təmizləyən namazı qılan günahlardan təmizlənmiş olur. Peyğəmbərimiz (s.a.v) gündə beş dəfə qılınan namazı bir insanın qapısının qarşısından axıb gedən çaya, namaz qılmağı isə bu çayda hər gün beş dəfə yuyunmağa bənzədib. Digər bir hədisdə də namazın insanı təmizlədiyi barədə belə deyilir: "Bir müsəlman gözəl dəstəmaz alıb özünü Allahın ixtiyarına verdikcə, rüku və səcdəsiylə fərz namazlarını qıldıqca, böyük günah işlətmədikcə bu savablar onun əvvəlki səhvlərinin bağışlanmasına zamin olur."

Namazın vaxtında qılınması adamın nizamlı həyat-tərzi yaşamasına səbəb olur. Namaz, eyni zamanda, müsəlmanların dünyəvi məşğuliyyətlərinə qısa bir fasilə verərək Allaha yönəlmələrini, psixoloji olaraq rahatlamalarını təmin edir. Digər tərəfdən Quranda buyurulub: "Ey iman edənlər, səbirli olmaq və namaz qılmaqla Allahdan kömək diləyin.

Şübhəsiz Allah səbr edənlərlədir". Bu sözlər həm də namazın çətinliklərinə qarşı müqavimət göstərmə gücü verir.

Namazın camaatla qılınması da xüsusilə tövsiyə edilib, savabının çox olduğu vurğulanıb. Çünki birlikdə qılınan namaz zamanı bütün təbəqədən olan insanlar çiyin-çiyinə, yan-yana durur, sanki bərabərləşir, həmrəylik və qardaşlıq duyğuları oyadır. İnsanlar arasında bu mənəvi yaxınlaşma maddi yardıma da zəmin hazırlayır. Xüsusən cümə və bayram namazlarında insanların birlikdə namaz qılması məscidləri ictimai həmrəylik məkanlarına çevirir. 

 


Etiketlәr: #İslam namaz

Әlaqәli Xәbәrlәr