Qəhrəman qadınlarımız: Özlәm Türәci

Hekayәmizi insanları sağaltmaq vә qorumaq üçün ciddi sәylәr göstәrәn alimlәrә vә Özlәm Türәciyә hәsr etmәk istәrdik.

2151535
Qəhrəman qadınlarımız: Özlәm Türәci

Qəhrəman qadınlarımız: Özlәm Türәci

2020-ci ilin yanvar ayı idi. Saat 23:30 idi. Evdə səssizlik hökm sürürdü. Bir az açıq qapıdan zəif işıq görünürdü. Otaqda bir gənc kompüter qarşısında oturmuşdu. İşığın mənbəyi bu monitor idi. Gəncin barmaqları klaviaturanın müxtəlif düymələrini basarkən musiqinin ritmini tuta bilməyən cütlük kimi görünürdü.

Sonra birdən ekran qaraldı və "oyun bitdi" yazısı göründü. Gənc hirsli bir şәkildә klaviaturanı özündәn uzaqlaşdırdı. “Ay... Yenə uduzdum!’’ dedi. Kompüteri söndürən kimi yatmağa getdi.

Oynadığı kompüter oyununun adı "Virus istilası" idi. Məqsəd dünyanı təhlükəli viruslardan xilas etmək idi.

Bir neçə gün sonra bu gəncin, hətta heç kimin proqnozlaşdıra bilmədiyi bir şey baş verәcәkdi. Onun oynadığı oyun gerçəkləşəcəkdi və Covid-19 pandemiyası bütün dünyanı öz çәnginә alacaqdı!

Bu gün sizi koronavirusla mübarizədə mühüm rol oynamış həkim və alim Özlem Türәci ilə tanış etmək istəyirik.

Özlem Türeci 1967-ci ildə Almaniyanın Siegen şəhərində anadan olub. İstanbulda nәnә və babasının yanında böyüyən Türəci 4 yaşında Almaniyadakı ailəsinin yanına qayıdıb.

Atası kiçik bir katolik xəstəxanasında cərrah işləyirdi. Balaca Özlem atası ilə tez-tez xəstəxanaya gedir, əməliyyat otağında onu izləyirdi. Həmin günlərdə onun təbabətə marağı artdı. Məktəbdən evə gələndə atasının öyrətdiyi kimi məşhur alimlərin həyatından bəhs edən kitabları oxuyar, onların problemlərlə necə məşğul olduqlarını, hansı həll yollarını tapdıqlarını araşdırırdı.

1986-cı ildə orta məktəbi bitirәn Özlәm Türәci tibb təhsili almağa qərar verib. Son kursda o, gələcək həyat yoldaşı, o vaxt universitetdə intern həkim işləyən Uğur Şahinlə tanış olub. Bundan sonra cütlük birlikdə hərəkət etməyə başlayıb və xərçəngə qarşı elmi araşdırmalara üz tutub.

1994-cü ildə doktorluq dərəcəsini alan Türәci Saarland Universitetində işlәmәyә başlayıb.. 2000-ci ildə isə Mainzdəki Yohannes Qutenberq Universitetinin tədqiqat şöbəsində işlәmәyә başlayıb.

Cütlük 2001-ci ildə "qənimət'' sözündən ilhamlanaraq "Qanymed" adlı ilk şirkətlərini qurub. Beləliklə, həkim və tədqiqatçı olan Türeci və həyat yoldaşı birdən şirkət sahibi olublar. Onlar əslində tibbdəki mövcud vəziyyətdən narahat olduqlarından, çarəsizlikdən və yeniliklərə ehtiyac duyduqlarından bu addımı atıblar. 2016-cı ildə şirkəti 422 milyon avroya bir Yapon şirkətinə satan cütlük 2008-ci ildә hamımızın bildiyi BioNTech şirkətini qurublar.

Onların diqqəti yenə xərçənglə mübarizəyə yönəlib, lakin bu dəfə bu mübarizə  mRNA texnologiyasına əsaslanıb.

2020-ci il yanvarın 24-dә Uğur Şahin Çinin Uhan şəhərində ilk dəfə qeydә alınan xәstәlik haqqında məqalə oxuyub. O, heç bir əlamət olmadan insandan insana asanlıqla keçdiyi deyilən bu xəstəliyin pandemiyaya səbəb ola biləcəyini düşünüb. Ertəsi gün Özlem Türeci ilə vəziyyəti qiymətləndiriblər və şirkətlərinin siyasətini dəyişdirərək hələ adı açıqlanmayan bu xəstəliyə qarşı peyvənd hazırlamaq qərarına gəliblər. Bir neçə gün sonra onlar şirkətin digər tərəfdaşları ilә bu mövzunu müzakirә ediblәr və peyvəndlə bağlı araşdırmalara başlayıblar.

9 noyabr 2020-ci ildə istehsal edilәn Covid-19 peyvəndinin xәstәliyә qarşı 90% mübarizә apardığı açıqlanıb. Türkiyәdә Covid-19 pandemiyasına ilk yoluxma halı 2022-ci ilin 11 mart tarixindә qeydә alınıb. Bu barәdә Türkiyәnin Sәhiyyә Nazirliyi açıqlama verib. İlk ölüm halı isә 2020-ci ilin 15 mart tarixindә qeydә alınıb.

Cütlük peyvəndlə əldə etdikləri uğurlara görə çox sayda mükafatlara layiq görülüblәr.

Onlar mәrkәzi Londonda yerləşən “Financial Times” jurnalı tərəfindən “2020-ci ilin adamı” seçiliblər.

Özlem Türeci və həyat yoldaşı Uğur Şahin 2021-ci il martın 19-da peyvəndlә bağlı araşdırmalarına görə Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeni ilə təltif ediliblər.

Türeci ‘’Forbes’’ jurnalının hər il dərc etdiyi "Dünyanın ən güclü 100 qadını" 2021 siyahısına daxil edilib.

2023-cü ildə cütlük  ‘‘Time’’ jurnalının ''Dünyanın әn nüfuzlu 100 insanı’’ siyahısına daxil edilib.

Hazırda 2024-cü ilin iyun ayıdır. Pandemiya dövrü  arxada qaldı. Normal həyatımıza qayıtdıq. Kompyuter oyunu oynayan gәnc universiteti bitirdi, iş həyatına başladı vә hәtta ailə qurdu.

Nə o, nə də başqası bir virusun ortaya çıxacağını, dünyanı öz çənginə alacağını və bir çoxumuzun ciddi qorunma tədbirləri altında aylarla evdə qalmalı olacağımızı proqnozlaşdıra bilməzdi. Keçmişdə “Bu ancaq filmlərdə və ya kompüter oyunlarında mümkündür” deyərdik.

Amma alimlərimizin sayəsində biz koronavirusa qarşı müharibədə qalib gəldik. Onlardan biri də Almaniyada yaşayan Özlem Türecidir.

Hekayәmizi insanları sağaltmaq vә qorumaq üçün ciddi sәylәr göstәrәn alimlәrә vә Özlәm Türәciyә hәsr etmәk istәrdik.



Әlaqәli Xәbәrlәr