ABŞ senatoru: "İsrail törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır"

Bir ABŞ Senatoru: “İsrail törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır" deyən zaman nə baş verir?

465896
ABŞ senatoru: "İsrail törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır"

Bir Amerikan Senatoru: “İsrail törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır" deyən zaman nə baş verir?

Senator Patrik Leahy Amerika ordusunun köməyi ilə İsrail və Misirin törətdiyi vəhşi cinayətlərin araşdırılmasını tələb edir.

Sarah Lazare, AlterNet

Amerika Birləşmiş Ştatlarının senatoru Patrik Leahy ABŞ-ın hərbi yardımlar siyahısının başında olan İsrail və Misir tərəfindən yol verilən bütün insan haqlarının pozulması hallarının araşdırılmasını tələb etdikdən sonra İsrail Baş Naziri Benyamin Netenyahunun əsəbləri gərildi və senator üzvü olduğu partiyanın məzəmmət ilə qarşılaşdı.

İordan çayının qərb sahilindəki Hebron şəhərində yaralı fələstinlinin İsrail əsgəri tərəfindən məhkəməsiz edam edilməsi görüntüləri ortaya çıxandan bir neçə gün sonra gələn Leahynin təhqiqat tələbi Amerikan ordusunun İsrailin sağ təmayüllü hökumətinə verdiyi dəstəyin getdikcə bir siyasi gərginliyə çevrilməsinin son işarələrindən biridir.

Fevralın 17-də ABŞ Dövlət Katibi Kerriyə Leahy və 10 demokrat konqresmenin imzaladığı məktub göndərildi. Mart ayının sonlarında ictimaiyyətə də açıqlanan məktubda deyilir: " İsrail və Misirin təhlükəsizlik qüvvələri tərəfindən törədilən insan haqlarının pozulma halları haqqındakı hesabatların sayında narahatedici bir artım vardır. Bunlar ABŞ-dan hərbi yardım alan və ya alması təxmin olunan tərəfləri ehtiva edən hadisələrdir". "Bu hesabatların doğru olub- olmadığı haqqında bir təhqiqat aparmanızı və əldə etdiyiniz nəticələr haqqında bizə məlumat vermənizi tələb edirik".

Senatorların məktubunda Amerikan hökuməti tərəfindən (adını Vermont Senatorundan alan) Leahy Qanununun pozulması ehtimalı irəli sürülür. Bu hüquqi çərçivənin məqsədi: "ABŞ Dövlət Katibinin xarici bir ölkənin təhlükəsizlik qüvvələri tərəfindən insan haqlarının pozulması faktları haqqında etibarlı məlumat əldə etməsi halında bu ölkəyə edilən Amerikan hərbi yardımlarının qarşısının alınmasıdır".

Məktubda Beynəlxalq Amnistiya Təşkilatının və digər insan haqları təşkilatlarının İsrail ordusu və polisi tərəfindən öldürülən Fadi Alloun, Saad Əl-Atrash, Hadeel Hashlamoun və Mutaz Ewisanın mühakiməsiz edam edilmə ehtimalı haqqında verilən hesabatlara və Wasim Marouf və Əhməd Manasra hadisələrində işgəncə tətbiq edildiyinə dair hesabatlara istinad olunur.

Mondoweiss müəllifi Filip Weiss belə deyir: " İmza atanların çoxu Hank Johnson, Andre Carson, Eddie Bernice Johnson, Eleanor Holmes Norton kimi ağdərili olmayan və ya azlıqların nümayəndələridir. Bu əhəmiyyətli bir faktdır, çünki Tamara Coffman Wittesin Bazar ertəsi axşamı Coloumbiada dediyi kimi, demokratların bazası daha çox Fələstin məsələsinə rəğbət bəsləyən qaradərili və Latino qruplarından ibarət olduğu üçün İsrailə olan dəstək Amerikada yavaş-yavaş siyasiləşir.

Leahynin məktubu İsrailin insan haqları pozuntuları Misirdəki zalımlıqlarla (2013-cü il Rabia Meydanı Qətliamı da daxil olmaqla) eyniləşdirilməsi nöqteyi-nəzərindən diqqətəlayiqdir, çünki bu, İsrailin tez-tez tənqid edilməz bir mövqeyə yerləşdirildiyi Amerikan siyasi iqlimində nadir görülən bir həmlədir. Amerika Birləşmiş Ştatları hər il İsrailə 3,1 milyard dollarlıq hərbi yardım edir, Misirə edilən yardımın məbləği isə təxminən 1,5 milyard dollardır. Camp David Müqaviləsi əsasında bu ölkəyə verilən yardımlar həmin ölkədə vəhşicəsinə təzyiq və zorakılıq tətbiq edən hərbi xuntanı maliyyələşdirir. Bu iki ölkə 2014-cü ildə ümumdünya miqyasında verilən Amerikan hərbi yardımlarının 75%-dən çoxunu almışdır.

Birgə qınama məktubu Senatın Xarici Əlaqələr Komitəsinin qocaman demokrat üzvü və İsrail tərəfdarlı lobbidən böyük məbləğdə ianə toplayan Ben Cardinin sərt tənqidinə məruz qaldı. Forward adlı mətbuat orqanında bazar günü çap olunan məqaləyə görə Cardin: "Burada müqayisə etmək olmaz. İsraildə hüququn aliliyi prinsipi var. Belə şəxsləri qanuni çərçivədə məsuliyyətə cəlb edəcək bir sistem var" deyib.

Ötən çərşənbə günü Netanyahu sərt reaksiya göstərərək: "İsrailin Müdafiə Qüvvələrinin və İsrail polisinin edamlarla əlaqəsi yoxdur. İsrail əsgərləri və polis məmurları özlərini və günahsız vətəndaşları ən yüksək əxlaqi dəyərlərlə onları öldürməyə gələn qana susamış terrorçulara qarşı qoruyurlar" dedi.

972 Jurnalından Dahliya Scheindlin Netanyahunun söylədiklərini "bir sıra yalan" kimi səciyyələndirdi. Beynəlxalq Amnistiya Təşkilatının 2014-cü ilin fevralında dərc etdiyi bir hesabatda İsrailin uşaqlar daxil olmaqla fələstinliləri, nəticələrə məhəl qoymadan öldürdüyü və yaraladığı nəticəsinə gəlindi. Bu faktların ortaya çıxmasından qısa bir müddət sonra, İsrail 51 gün davam edən Qəzza hücumunu başladı, əksəriyyəti mülki vətəndaş və ən azı 578-i uşaq olmaqla 2415 fələstinli öldürüldü.

Fələstin Beynəlxalq Uşaq Müdafiə Təşkilatının məlumatlarına görə, (Defense for Children İnternational -Palestine) 2015-ci il ərzində ən az 28 uşaq İsrail qüvvələri tərəfindən ölümcül şəkildə yaralanıb.

Leahy Netanyahunun iddialarına cavab verərək: "20 ildir mövcud olan Leahy Qanunu dünya miqyasında heç bir ölkə istisna olunmadan tətbiq olunur və mövzu Amerikan hərbi yardımı olduğunda ümumi təhlükəsizlik qüvvələrinə deyil, müəyyən hərbi personal və məntəqələrə tətbiq olunur" dedi. Leahy dediklərinə bunları əlavə etdi: "Bu, ABŞ vergi ödəyicilərinə qarşı haqsızlıq olmamasından və ölkəmizin müdafiəçisi olduğu hüququn aliliyi prinsipinin vacibliyindən irəli gəlir".

Qlobal mübahisəni daha da gərginləşdirmə istiqamətində addım atan Netanyahu Kerriyə cümə günü zəng edərək ABŞ Dövlət Katibinin İsraildə hüquqdan kənar edamlara görə cavabdeh olmadığını bildirməsini istədi.

Münaqişənin hal-hazırda davam etdiyi bir dövrdə Netanyahu Amerikadan illik 4.5 milyard dollar hərbi yardım tələbini də dilə gətirdi.

Ancaq Amerikanın Dostları Təşkilatı Komitəsinin (American Friends Service Committee) hökumətlərarası münasibətlərdən məsul olan Raed Jarrar AlterNetə verdiyi açıqlamasında "Netanyahu rəhbərliyi siyasət və işlərində o qədər ifrata varırlar ki, fəaliyyətləri Amerikanın açıq çek siyasətini davam etdirməsini mümkünsüz edir "dedi.

Milli Vəkillər Birliyinin (National Lawyers Guild) beynəlxalq komitə həmsədri Suzannbe Adelyyə görə: "İsrailin 2014-cü ildə həyata keçirdiyi Qəzza hücumu və 2013-cü ildə Misirdə törədilən Rabia qətliamı bir dönüş nöqtəsi olaraq mediadan gələn daha çox səsin, hökumət rəsmilərinin və adi amerikan vətəndaşlarının “artıq yetər" demələrinə səbəb olmuşdur".



Әlaqәli Xәbәrlәr