"Ankaranın ağciyəri" - Heydər Əliyev Parkı

Hər kəs haqlı olaraq Ankara Heydər Əliyev Parkını “Batıkent rayonu və bütövlükdə Ankaranın ağciyəri” hesab edir.

1294157
"Ankaranın ağciyəri" - Heydər Əliyev Parkı

  Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində fəaliyyət göstərən Ankara Heydər Əliyev Parkının ümumi ərazisi təxmini 10 000 m², şəhər mərkəzinə uzaqlığı isə 12 km.-dir. Parkın ərazisinə 19,23 m. diametrində giriş meydanının cənubundan daxil olunmaqdadır. Bu giriş meydanı ulu öndər Heydər Əliyevin doğum ilini simvolizə etməkdədir.

  Giriş meydanının mərkəzindən tədbirlərin keçirildiyi məkanın sonuna kimi uzanan məsafə 62 metrdir. Ortasından su axan bu yer ümumi olaraq 2,4 və 12 aralarla qruplaşdırılaraq 18 addım yüksəklikdə olan bir yoldur.

   62 rəqəmi təsadüfi seçilməyib:  bu yol Heydər Əliyevin 62 illik aktif siyasi fəaliyyətini özündə əks etdirir, fərqli və maraqlı tərtibata malikdir. Belə ki, yola 2 addımlıq məsafədəki 2 addımlıq pilləkənlərdə doğuş və ölüm (başlanğıc və son), daha sonrakı 4 addımlıq pilləkənlərdə fəsillər, axırıncı 12 pilləkəndə isə 12 ayı metaforizə edən bir dizayn qurulub. Başqa cür ifadə etsək, sözügedən yol öz-özlüyündə zamanın axınını təsvir edir. Tədbirlərin keçirildiyi məkanı heykəlin olduğu ərazi ilə kəsişdirən, bir balaca radiuslu pilləkənlərin ortasında dikləşən su hərəkətlərinin səthində Heydər Əliyevin “Bir millət, iki dövlət” məşhur kəlamı həkk olunub.

  Heykəlin qərar tutduğu meydan səkkiz guşəli ulduzla ifadə olunub ki, bu da öz-özlüyündə keçmiş və gələcəyi ehtiva edir. Heykəlin ətrafında qədim Türk inanclarına görə müqəddəs hesab olunan, keçmişlə gələcək arasında əlaqə quran ulu çinar ağacları əkilib. Heydər Əliyevin doğumu və ölümu axan su ilə ifadə olunub.  

  Heydər Əliyev Parkının ana girişində ağ mərmər divarda Azərbaycan bayrağının rənglərinə uyğun işıqlandırma sistemi tətbiq edilib. Bundan başqa, parkın ətrafında travertər divar hörülüb və divarlarda qoyulan dəmir məhəccərlərdə Azərbaycanın milli motivləri öz əksini tapıb.

  Parkın içində hər fəslə uyğun əkilən çiçəklər təsviri incəsənətimizin ən qədim qollarından olan buta simvollarının içində yerləşdirilib. Həmçinin parkda günün 24 saatı istirahət üçün gələn paytaxt sakinləri və qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə kameraları quraşdırlıb. Döşənən mərmər və qranitlər Bakının park və xiyabanlarında istifadə olunan mərmər və qranitdən qətiyyən fərqlənmir ki, bu da Azərbaycandan bura qonaq gələn həmvətənlərimizin, həmçinin Türkiyədə yaşayan soydaşların könlünü oxşayır. Bir sözlə, bu məkanda yaradılan belə bir ab-havada azərbaycanlılar özlərini Bakı parklarındakı kimi  hiss edirlər.

  2012-ci ildə əsaslı yenidənqurma işləri aparılaraq yenidən Ankara sakinləri və qonaqların ixtiyarına verilən park Türkiyə paytaxtının ən gözəl istirahət məkanlarından birinə çevrilib. Parkın girişində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın əkdikləri Xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr yer alıb. Bu istirahət məkanındakı şərait - mərasim meydanı, idman meydançası, uşaq-əyləncə sahəsi bütün yaş qrupundan olan şəhər sakinlərinin zövqə uyğun istirahət etmələri üçün imkanlar yaradır.

  Bundan başqa, Ankara Heydər Əliyev Parkında 1200 nəfərlik  bir amfiteatr fəaliyyət göstərir ki, burada müxtəlif bədii kütləvi tədbirlər və konsert proqramları keçirilir. Qardaş Türkiyə və onun paytaxtında belə mədəniyyət ocağının mövcud olması, heç şübhəsiz, mədəniyyətimizin və incəsənətimizin qardaş ölkədə təbliği baxımından olduqca önəmlidir. Gələcəkdə də Ankara Heydər Əliyev Parkında milli-mənəvi dəyərlərimiz və mədəni zənginliklərimizin təbliği istiqamətində həmin amfiteatrda müxtəlif adda tədbirlərin keçirilməsi nəzərdə tutulur.  

  İstər ərazi, istərsə də demoqrafik quruluş baxımından İç Anadolu bölgəsinin spesifik xüsusiyyətlərini özündə əks etdirən bir ərazi relyefində yerləşən parkımızı ziyarət edən hər kəs haqlı olaraq Ankara Heydər Əliyev Parkını “Batıkent rayonu və bütövlükdə Ankaranın ağciyəri” hesab edir. Ümumilikdə parkda əkilən ağaclar ərazinin quraq iqlimini sürətlə örtərək parkın olduğu ərazi və bütövlükdə ətraf bölgəyə fərqli bir yaşıllıq görüntüsü bəxş edir ki, bu da şəhərin sakinləri və qonaqların parka gələrək təmiz hava qəbul etmələri, səhər və axşam gəzintilərində buranı seçmələrinə şərait yaradır.

  Ankara Heydər Əliyev Parkında, eyni zamanda, təmiz hava gəzintiləri üçün nəzərdə tutulan ərazilərdən başqa, paytaxt sakinlərinin sağlam həyat tərzi keçirmələrinin təmini üçün uşaq parkları, futbol və basketbol meydançaları da inşa edilib ki, bunlar gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq sağlamlıqlarının qeydinə qalmaları və asudə vaxtlarını səmərəli keçirmələri baxımından ideal bir məkandır.

  Heydər Əliyev Parkına gəlib "Buta" restoranında Azərbaycan süfrəsini dadmadan, şəkərbura, paxlaba, qutab, plob, musamma, dovğa və s. yemədən getmək isə mümkün deyil.    



Әlaqәli Xәbәrlәr