Osmanlı evləri ilə zəngin Buldan

XVIII-XIX əsrlər Osmanlı şəhər ənənələrini günümüzədək daşıyan bu tarixi evlər Buldanı cazibə mərkəzinə çevirən atributlardan biridir.

594905
Osmanlı evləri ilə zəngin Buldan

  Türkiyənin Dənizli vilayətinin məkanlarından biridir Buldan.

  Toxuculuq sahəsində bütün Türkiyədə məşhurdur.

  Tarixi Buldan evləri isə Dənizlinin ən əhəmiyyətli mədəniyyət zənginlikləri arasında yer alır. XVIII-XIX əsrlər Osmanlı şəhər ənənələrini günümüzədək daşıyan bu tarixi evlər Buldanı cazibə mərkəzinə çevirən atributlardan biridir. Təəssüf ki, ötən illərdə tarixə laqeydlik üzündən belə tikililərdən bir çoxu dağıdılıb və yerində müasir evlər inşa edilib. Bununla belə günümüzə də az sayda gəlib çıxan bu tikililərin özünəməxsus zəngin memarlıq quruluşu var. 

  Taxtadan tikilmiş Buldan evləri saçaq və bacaları ilə ayrı bir gözəllik daşıyır. Xüsusilə bacalarda gözədəyən muncuqlar tam fərqlidir. Bu evlərin digərlərindən fərqli xüsusiyyətlərindən biri də bir-birlərinin mənzərəsinə mane olmamasıdır. Tikilmə tarixləri dəqiq bəlli olmasa da, orta yaşları 150-200 il arasında qəbul edilməkdədir. Onların bu günə qədər qorunmasının bir səbəbi sakinlərin hələ də bu evlərdə yaşamalarıdır. 
Tarixi evlərlə tanışlıq zamanı bəlli olur ki, Dənizli valiliyi Buldan mədəni irsinin qorunması və yerli inkişafın təmin edilməsi layihəsini həyata keçirməyə hazırlaşır. Layihə çərçivəsində şəhərin 7 məhəlləsini əhatə edən tarixi bölgədə bərpa işləri aparılacaq. Xatırladaq ki, Türkiyənin Safranbolu şəhərində bərpa edilmiş belə evlər UNESCO-nun Dünya mirası siyahısına daxil edilib.

  Buldan Bələdiyyə sədri Mustafa Gülbay qonaqların gəlişindən məmnunluğunu ifadə edərək Buldanı tanınmış turizm mərkəzinə çevirmək üçün görüləcək işlərlə bağlı məlumat verdi. Qeyd etdi ki, Buldan sakinlərinin bir qismi qədim evləri alaraq yaşayışlarını orada davam etdirir. O, Buldan evlərinin tarixi memarlıq quruluşlarını qoruyub saxlamaqla təmir etdirməyə hazırlaşır.  
 



Әlaqәli Xәbәrlәr