Niyə Qərbi Azərbaycan deyil, İrəvan Türk Cümhuriyyəti?

TRT “Türkiyənin səsi” radiosu və TRT/Azərbaycan saytının qonağı Kayseri Erciyes Universitetinin professoru, ermənişunas alim, eyni zamanda İrəvan Türk Cumhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlıdır

1817383
Niyə Qərbi Azərbaycan deyil, İrəvan Türk Cümhuriyyəti?

 

Sevda Mirzə (müəllif və aparıcı): Salam, TRT “Türkiyənin səsi” radiosunun dinləyiciləri və TRT/Azərbaycan saytının oxucuları, Azərbaycan redaksiyasının hazırladığı “Könül coğrafyasından Türkiyə” proqramımızın bugünkü qonağı Türkiyədə uzun illərdir çalışan azərbaycanlı, Kayseri Erciyes Universitetinin professoru, ermənişunas alim, eyni zamanda İrəvan Türk Cumhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlıdır. Xoş gəlmisiniz Qafar müəllim.

Qafar Çaxmaqlı (Kayseri Erciyes Universitetinin professoru, İrəvan Türk Cümhuriyyəti parlamentinin sədri): Xoş gördük, Sevda xanım.

Sevda Mirzə: Siz ermənişunast alimsiz. Ermənistanın paytaxtı Yerevanda uzun illər erməni dilində yazan bir jurnalist və tədqiqatçı kimi çalışmısınız. Bir dildə yazmaq o dilin kökünə qədər bələd olmaq deməkdir. Düşmənin dilini bilmək bir növ düşmənə qalib gəlməyin yollarından biridir. Bu mənada Türkiyə dövlətinə həqiqətən bir təşəkkür düşür ki, sizin kimi alimə dəyər verib və Kayseri Erciyes Universitetində müəllim olaraq çalışmanıza imkan yaradıb. Universitetdə erməni dili bölümünün yaranması sizin adınızla bağlıdır. Erməni dilini öyrənməyə maraq varmı?

Qafar Çaxmaqlı: Bilirsiniz ki, erməni dilində çox böyük qaynaqlar var. İdeoloji mübarizədə də erməni dilini bilmənin əhəmiyyəti böyükdür. Çünki erməni dilini bilmədən Ermənistanı, erməni psixologiyasını, nə cür düşüncə sistemində olduğunu bilə bilməzsən və sənin ermənilərlə bağlı hər hansı bir araşdırma aparmaq və ideoloji nəticələrə gəlmək imkanın çox çətin olur. Bu mənada erməni dilini bilmənin əhəmiyyəti var.

  Həm də bunu demək lazımdır ki, indiki ermənilər uzun müddət türklərlə bir arada yaşadıqları üçün böyük bir mədəniyyətə malik olublar. Türkiyənin Anadolu coğrafiyasında, xüsusilə Şərqi Anadoluda yaşadıqlarına görə orada mədəniyyət abidələri də var.

  Yazılı dil olaraq da 5-ci əsrdən əlifbaları var. Erməni əlifbasında çox böyük mənbələr var ki, biz onlardan istifadə etməliyik. Təkcə erməni hərfləriylə yazılan türkcə əsərlərin sayı 2 mindən yuxarıdır. Ermənistanda biblioqrafiya hazırlıyıblar ki, orada erməni hərfləriylə türkcə əsərlər, nəşrlər, mətnlər yer alır. Bunlar çox böyük qaynaqlardır. Erməni dilini bilməklə biz onları əldə edə və bir çox tarixi hadisələrə işıq tuta bilirik. Məsələn, 19-cu əsrdən başlayaraq ermənilərin Osmanlı dövlətinə qarşı bir mücadələsi var. Əsasən siyasi təşkilatlar və üsyanlar şəklində olan bu mücadilələri bilmək üçün mütləq erməni dilini bilmək lazımdır.

Sevda Mirzə: Tələbələriniz nə qədərdir?

Qafar Çaxmaqlı: 2010-cu ildə Kayseridə Erciyez Universitetində erməni dili bölümü yaradılanda onun qurucularından biri mən oldum. Həmin ildən çox böyük maraq yarandı. İlk dövrdə tələbə sayı az olsa da, sonraki illərdə artdı. Bizim məzunlar bu gün Türkiyənin müxtəlif ictimai qurumlarında, dövlət idarələrində və bır sıra yerlərində çalışır. Bir zaman biz onları yetişdirdik, indi artıq onlar özləri erməni dili mütəxəssisləri hazırlamaqla məşğuldur. Bizim əsas amacımız Türkiyə üçün erməni dilini bilən mütəxəssislər hazırlamaqdır. Mənə elə gəlir ki, işimizi bacarıqla yerinə yetiririk.

Sevda Mirzə: Əslində biz gec qalmışıq. Onlar o dövrlərdən – 5-ci, 7-ci əsrlərdən, yaxud türk millətinin humanistliyindən istifadə edərək Osmanlı zamanında ayağa qalxdıqları vaxtlardan hərəkətdə olublar. Başqa ölkənin içində o hərəkətləri edə bilməzdilər. Bunları Türkiyə ərazisində, Azərbaycan torpaqlarında ediblər, hünərləri var idisə, Rusiya, Fransa və ya Almaniyada edərdilər. Deyirsiniz ki, erməni əlifbasıyla türkcə yazılan ədəbiyyatları var, amma bizdə ərəb və ya latın qrafiyasıyla erməni dilində kitablar yoxdur. Bu baxımdan da onlar çox qabağa gediblər.

Qafar Çaxmaqlı: Ehtiyacdan doğub ermənilərin türkcəni ana dili kimi istifadə etməsi. Bununla belə bu gün Ermənistanda türk dili çətinliyi demək olar ki, yoxdur, yəni onların mütəxəssis problemi yoxdur. Çünki türkcəni Ermənistanda bilənlərin sayı olduqca çoxdur, amma Türkiyədə, Azərbaycanda erməni dili mütəxəssisi problemi var. Ermənistanın özündə həm İrəvan Dövlət Universiteti, həm Elmlər Akademiyası, həm digər təlim-təhsil yerlərində Azərbaycan dili və Türkiyə türkcələrini öyrənmək üçün fakultələr var, nə bilim, kurslar açılır, mərkəzlər qurulur. 20-dən çox mərkəz var ki, Azərbaycanı və Türkiyəni araşdırmaqla məşğuldur. Ermənilər bu sahədə bizdən çox-çox irəlidədir, yəni bizi araşdırmaq, öyrənmək baxımından çox ciddi işlər görə bilirlər. Amma biz bir az bu sahədə geri qalırıq, çünki hələ mütəxəssis çatışmazlığı var. Mütəxəssislər bir gündə, iki gündə yetişmir, onlar illərlə yetişir.

Sevda Mirzə: Siz böyük bir mütəxəssis kimi bir müddət Azərbaycanda çalışmısınız, hal-hazırda Türkiyənin tanınmış dövlət universitetində işləyirsiniz, həm də İrəvan Türk Cumhiriyyəti Millət Şurasının sədrisiniz. İrəvan Türk Cumhuriyyətinin yaranma zərurəti nədən doğdu?

Qafar Çaxmaqlı: Bildiyimiz kimi, indiki Ermənistan respublikası Azərbaycanın tarixi ərazilərində yaranıb. O dövrdə - 1918-ci ildə elə bir vəziyyət yaradıldı ki, ermənilərin Cənubi Qafqazda bir dövlət yaratmasına mane olmadılar, hətta Osmanlı dövləti Azərbaycanda bunlara müəyyən haqların verilməsi tərəfdarı oldu, halbuki onların buna heç bir haqları yox idi. Azərbaycanın 9 min kradvat kilometrlik ərazisində bir erməni dövləti yaradıldı. 1920-ci ildə bu ərazi 29,8 kvadrat kilometrə qədər artırıldı. Azərbaycan torpaqları bunlara azlıq etdi, əhalinin böyük bir hissəsini zaman-zaman qovdular oradan və 1988-ci ildə artıq İrəvanda bir nəfər belə azərbaycanlı qalmadı. O ərazidən çıxan biz torpaq sahiblərinin sayı bu gün 5 milyondan yuxarıdır. İndi İrəvan Türk Cümhuriyyəti bunun hesablamalarını aparır ki, bu 5 milyon insanın haqqı var öz dədə-baba torpaqlarına qayıtmağa və orada bir dövlətlərinin olmasına. Bu fikir Azərbaycanda çoxdan var idi, həmişə də təşəbbüslər olmuşdu ki, respublika elan etsinlər.

Sevda Mirzə: Qərbi Azərbaycan anlayışı hər zaman olub, sovet dövründə də, sonra da.

Qafar Çaxmaqlı: Biz elə başlanğıcda adını Qərbi Azərbaycan qoymuşduq cümhuriyyətimizin. Adı İrandakı Güney Azərbaycandakı əyalətlə eyniyət təşkil edirdi, qarışıqlıq düşürdü, beynəlxalq təşkilatlara çıxıb “Qərbi Azərbaycan” deyərkən, yazarkən İrandakı Qərbi Azərbaycan düşünülürdü. Ona görə ismini dəyişdirdik və elə doğru da etdik. Çünki İrəvan da tarixən Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biri olub. İrəvan xanlıqı öz İrəvan adlı kiçik bir dövlət idi. Cənubi Qafqazda 4-5 mədəniyyət mərkəzi var idisə Azərbaycana aid, onun biri İrəvana düşürdü.

  Təsadüfi deyil ki, Azərbaycan prezidenti bu günlərdə bir sərəncan imzaladı: “İrəvan seminariyasının 140 illiyi” keçiriləcək. Yəni Azərbaycan seminariyalarından biri, təhsil mərkəzlərindən ən böyüyü İrəvanda yaranmışdı. Bu seminariyadan çıxan ziyalılar Azərbaycan dövlətinin qurucularına çevrildilər, Azərbaycan xalqının ən böyük şəxsiyyətləri oldular.

  Bir neçə dəfə təşəbbüs irəli sürülsə də, baş tutmamışdı. Amma biz düşündük ki, ciddi şəkildə bunun üzərinə gedib İrəvan Türk Cümhuriyətini elan edək və 2020-ci il mayın 9-unda bunu etdik. Həmin dövrdən indiyə qədər çox ciddi çalışmalar aparmışıq, təşkilatlanma işləri gedib, artıq İrəvan Türk Cümhuriyyətinin 45 nəfərdən ibarət Millət Şurası (parlamenti) fəaliyyət göstərir. Dövlət departamentimiz var. Qurultayımızı keçirəcəyik. Bunlardan başqa, təmsilçilər məclisi var ki, ayrı-ayrı ölkələrdə bizim nümayəndələri idarə edən bir qurumdur. Artıq dünyanın 14 ölkəsində İrəvan Türk Cümhuriyyətinin təmsilçiləri var. Biz belə bir heyətlə yola çıxmışıq. Arada müəyyən dəyişikliklər olur, çünki dövlət qurmaq asan məsələ deyil. Biz İrəvan Türk Cümhuriyyətini elan edəndən sonra Azərbaycan dövləti də, Türkiyə dövləti də bizim fəaliyyətimizə heç vaxt mane olmadılar, əksinə, həmişə bizə müəyyən mənada həm siyasi, həm mənəvi dəstək verdilər.

Sevda Mirzə: Bu, çox əsasdır. İki dövlət başçılarının bu işi dəstəkləməsi, fəaliyyətinin irəli çəkilməsinə yardım etmələri həqiqətən böyük bir işdir.

  Bir dövlət yarandığı zaman onun atributları - himni, bayrağı, gerbi olur. Bildiyimizə görə, İrəvan Türk Cumhuriyyətinin də bayrağı, gerbi və himnini yaratmısınız. Demək olar ki, ordudan başqa cümhuriyyətin hər şeyi var.

Qafar Çaxmaqlı: Bəli, siz doğru deyirsiniz ki, dövlətin müəyyən atributları olmalıdır. Biz çox böyük müzakirələrdən sonra həm bayrağı, həm gerbi, həm də himni hazırlamışıq. Azərbaycanın görkəmli bəstəkarı Cavanşir Quliyev himnin müəllifidir. Digər işlərimiz də vardır.

Sevda Mirzə: Hər cumhuriyyətin, dövlətin bir paytaxtı, qurumun bir mərkəzi qərargahı vardır. Türkiyədən gedən çoxlu ermənilər Qarabağda və Qərbi Azərbaycanda yerləşdirildi. Yəni ortada həm Azərbaycan, həm Türkiyə faktoru var. Mərkəzi qərargahı Ankaradadır, yoxsa Bakıda?

Qafar Çaxmaqlı: Bizim konstitusiyamız hazırlanır. Bir neçə dəfə müzakirə etmişik. O konstitusiyada açıq yazmışıq ki, İrəvan Türk Cümhuriyyətinin paytaxtı İrəvan şəhəridir. 1918-ci ildə bir tarixi yanlışlıq nəticəsində Ermənistana buraxılan İrəvan Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) şəhərlərindən biri idi. Ona görə də İrəvan Türk Cümhuriyyətinin paytaxtı elə İrəvandır. Amma cumhuriyyətimiz mühacirətdə olduğuna görə onun mərkəzi qərargahının Türkiyə, yoxsa Azərabaycanda olması məsələsi çox müzakirə edildi. Düşündük ki, İrəvan Türk Cümhuriyyətinin mərkəzi qərargahı Türkiyədə olsun, Azərbaycan isə onun təmsilçiliyi olsun. Belə də etdik. Məsələn, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədr müavini İradə Rzazadə eyni səlahiyyətlərlə Azərbaycanda təmsilçimizdir və fəaliyyətimizi yürütməkdədir. Türkiyədə mənəm millət şurasının təmsilçisi.

Sevda Mirzə: Mərkəzi qərargahın Türkiyədə olmasının səbəbi belə anlayırıq ki, Osmanlı dövründə, Türkiyənin özünün mücadilə apardığı müharibə illərində ermənilərin bundan istifadə etməyə çalışması ilə yaranan yerdəyişmələr, Türkiyədəki ermənilərin Qarabağ və Qərbi Azərbaycanda, ordakıların isə buraya köçürülməsi ilə bağlıdır.

Qafar Çaxmaqlı: 1918-1920-ci illərdə Azərbaycanın İrəvan bölgəsindən 1 milyona yaxın adam Türkiyəyə gəlib-yerləşib. Onların nəsilləri əsasən Qars, İğdır, Ərdahan, Ərzurum bölgələrində, Türkiyənin digər qərb bölgələrində, İzmirdə, İstanbulda Ankarada və başqa yerlərdə yaşamaqdadır. Yəni “Bizim burada çox böyük yəni kontingentimiz var” deyə bilirik.

Sevda Mirzə: Türkiyədə biri dediyi zaman ki “Mən də azərbaycanlıyam”, soruşursan “Haradan gəldiniz?”, deyir “Burada doğulan azərbaycanlıyam, Türkiyə vətəndaşıyam, amma dədələrim keçən əsrin sonlarında gəldilər” və ya sizin dediyiniz dövrdəki böyük azərbaycanlı köçündə.

  İrəvan Türk Cümhuriyyəti elan edilib, abributlarını təyin olunub, qərargahları müəyyənləşib. Bəs Ermənistanın buna münasibəti necədir?

Qafar Çaxmaqlı: Biz cümhuriyyəti elan etdikdən bir həftə sonra Ermənistan Təhlükəsizlik Şurasında baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə bu məsələ müzakirə olundu. O müzakirələr nəticəsində yayılan xəbərləri biz yaydıq, həm ermənicə, həm tərcümələri ilə. Reaksiyaları çox kəskin şəkildə pis oldu. Təhlükə hesab etdilər “azərabaycanlılar artıq bizim ərazilərimizə iddia edirlər” deyə.

  Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə İrəvanın, Zəngəzurun, Göyçənin Azərbaycanın əraziləri olduğunu dilə gətirəndən sonra onlar istədilər İrəvan Türk Cümhuriyyətinin Azərbaycan dövləti tərəfindən yaradıldığını iddia etsinlər. Əslində bu, belə deyil, amma Azərbaycan prezidentinin o çıxışları bizim fəaliyyətimizə bir stimul verdi. Şübhəsiz, kökü azərbaycanlı olduğu üçün bu fikirləri prezidentimiz dilə gətirməliydi bizim kimi.

  O ərazilər bizimdir. Ermənistan bu mövzuda münasibətini çoxlu sayda yazılarla bidlirdi, hətta məndən müsahibə almaq da istədilər. Biz erməni dilində müsahibə verməyə hazırıq, amma hələ olmayıb. Onlar istəyirlər bizdən müsahibə alıb fikirlərimizi öyrənsinlər. Biz açığıq, yəni fəaliyyətimizdə heç bir gizlilik yoxdur. Adamlarımızın o torpaqlara dönmə mücadiləsini veririk, hüquqi mücadələ veririk. Prezidentimiz də dəfələrlə deyib: “Biz tankla, topla deyil, sülhlə, barışla gələcəyik”.

Sevda Mirzə: Sadəcə çıxdığımız torpaqlara yenidən qayıtmaq istəyimiz var.

Qafar Çaxmaqlı: Bu gün Ermənistanla Azərbaycan arasında Azərbaycanın təklif etdiyi 5 maddə var. Bu maddələrdən biri Ermənistana vaxtı ilə qovulmuş azərbaycanlıların geri dönüşünün təmin olunması barədə təklifdir. Bu, belə də olmalıdır. Əgər Dağlıq Qarabağın işğaldan azad olunmamış hissəsində - Xankəndi, Xocalı, Xocəvənd kimi ərazilərdə ermənilər yaşıyırsa, niyə Ermənistanın içərisində - Azərbaycanın öz torpaqlarında Azərbaycan türkləri yaşamasın? Onlara bizim torpaqlarda hansı milli, mədəni haqlar veriləcəksə, bizə də verilməlidir və biz öz dədə-baba torpaqlarımıza dönməliyik. Biz bunun mücadiləsini veririk, burada qeyri-qanuni, hüquqsuz, yəni beynalxalq hüquqa zidd heç nə yoxdur.

Sevda Mirzə: Bu işdə böyük uğurlar diləyirik hər birinizə. Həm Azərbaycanın, həm Türkiyənin içindəki Azərbaycan türklərinin İrəvan Türk Cümhuriyyətində yaşamaq, o torpaqlara qayıtmaq haqları var. Bu haqlar köçlərə məruz qalmış azərbaycanlıların indi orada yerləşmə haqlarıdır.

Qafar Çaxmaqlı: Bizim apardığımız bu mücadilə yalnız Qərbi Azərbaycandan olan və ora köklü insanların deyil, güneyli, quzeyli bütün Azərbaycan və Türkiyə xalqlarının mücadiləsidir. Bu, ortaq bir milli mücadilədir. Biz buna belə baxırıq.

Sevda Mirzə: Azərbaycanı və Türkiyəni sevən hər kəs də dəstək verir. Nəinki Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu işə isti baxır və münasibəti gözəldir. İnanırıq ki, bir gün elə ikisi birlikdə bu cumhuriyyəti rəsmən elan edəcəklər. Buna çox inamla baxırıq. Çox sağ olun, çox təşəkkür edirik sizə.



Әlaqәli Xәbәrlәr