Bu gün Trans Anadolu Təbii Qaz Boru Kəmərinin açılış mərasimi keçiriləcək

Mərasimdə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla yanaşı Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksək vəzifəli şəxslər iştirak edəcəklər.

990619
Bu gün Trans Anadolu Təbii Qaz Boru Kəmərinin açılış mərasimi keçiriləcək
tanap.jpg
TANAP.jpg
aliyev-ve-erdogan-dan-tanap-mujdesi-1458047842.jpg
tanap
10-11/Files/UploadedImages/1663426732tanaptemelatmatreni.jpg
sutra-potpisivanje-ugovora-o-gradnji-tanap-a.jpg

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi Eskişəhərin Seyidqazi qəsəbəsində keçiriləcək.

Mərasimdə Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla yanaşı Azərbaycan Prezidenti İlham Əliyev və digər yüksək vəzifəli şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, bu gün açılış mərasiminin keçiriləcəyi Eskişəhərin Seyidqazi ərazisində TANAP-ın qaz çıxış nöqtəsi, kompressor və ölçmə stansiyalarından biri yerləşir.  TANAP-la nəql olunan qaz bu ərazidən daxili qaz şəbəkəsinə qoşulacaq və Türkiyə bazarına çatdırılacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək.

TANAP ümumi sərmayə dəyəri 40 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilən, uzunluğu 3 500 km-dən artıq olan Cənub Qaz Dəhlizi layihəsinin əsas komponentlərindən biridir. Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. TANAP-la yanaşı, “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Bu il mayın 29-da Səngəçalda Cənub Qaz Dəhlizinin açılış mərasimi keçirildi. Bununla da, Dəhlizə daxil olan ilk hissə istismara verildi,TANAP-la dəhlizin növbəti mərhələsi istismara daxil olmuş olacaq.

TANAP ilə bağlı ilk addımlar 2011-ci ilin sonlarında atılıb. 2011-ci il oktyabrın 25-də "İki qardaş ölkə arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn qazın Türkiyə ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Saziş imzalandı. TANAP layihəsinin həyata keçirilməsi 2011-ci il noyabrın 17-də İstanbulda keçirilən III Qara dəniz enerji və iqtisadi forumunda elan olundu. Həmin il dekabrın 26-da isə boru kəmərinin tikintisi və boru kəmərinin idarə edilməsi üçün konsorsimun yaradılması üçün Türkiyə və Azərbaycan arasında Memorandum imzalandı. TANAP-la bağlı Azərbaycan və Türkiyə arasında Hökumətlərarası müqaviləyə 2012-ci il iyunun 26-da İstanbulda qol çəkildi .

TANAP-ın təməli ölkəmizin Dövlət baçşısı Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Margvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsın Səlim qəsəbəsində qoyuldu.

TANAP Türkiyənin Gürcüstanla sərhəddində yerləşən Ardahan şəhərinin Posof rayonunun Türkgözü kəndindən başlayır və Ardahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnə olmaqla Türkiyənin 20 şəhərindən keçir. Boru xətti Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.TANAP-ın Eskişəhərdəki çıxış nöqtəsi ilə yanaşı, Trakya bölgəsində (Gelibolu) də yerli təbii qaz şəbəkəsinə qoşulmaq üçün çıxış nöqtəsi olacaq.

Bu gün istifadəyə veriləcək Faza-0 hissəsinin inşası 3 hissəyə bölünməklə inşa olundu. Faza-0 hissəsinin inşasını "Fernas İnşaat A.Ş", "Sicim-Yüksel-Akkord" ortaq şirkətlər və "Tekfen İnşaat və Tesisat A.Ş" şirkətləri həyata keçirdi. TANAP-ın inşasında istifadə olunan boruların 80%-i Türkiyədə, 20%-i isə Çində istehsal olunub.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. “SOCAR Turkey Enerji” bu il martın sonunda TANAP-ın səhmdarları arasına qoşulub. Şirkət “Cənub Qaz Dəhlizi” QSC-dən pay alıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.



Әlaqәli Xәbәrlәr