Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçirilir

İyunun 7-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında yeniyetmə oğlanların və qızların yarışlarında qaliblər müəyyənləşib.

988029
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı keçirilir

İyunun 7-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında yeniyetmə oğlanların və qızların yarışlarında qaliblər müəyyənləşib.

13 yaşlı oğlanların mübarizəsində avstraliyalı Tomas Tuker çempion adını qazanıb. Danimarkalı Hyalt Beç Feldt ikinci, fransalı Leo Akkord üçüncü pillədə qərarlaşıblar.

On dörd yaşlı oğlanların yarışında Avstraliya velosipedçisi Cordan Kallum birinci, Belçika idmançısı Vannes Maqdeliyns ikinci, ekvadorlu Pedro Xose Benalkazar Querrero üçüncü pillənin sahibi olublar.

Argentinalı Qianni Antonio Daddona 15 yaşlı velosipedçilər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İtaliyalı Tommaso Qasparoli və niderlandlı Tim Qussens ilk üçlüyü tamamlayıblar.

Çempionatda 16 yaşlılar arasında Fransa idmançısı Tatyan Lui Hin Tsan bütün rəqiblərini qabaqlayıb. Latviyalı Niks Rozukalns yarışı ikinci, Yeni Zelandiya idmançısı Tasman Vakelin üçüncü yerdə başa vurublar.

On üç yaşlı qızların mübarizəsində Yeni Zelandiya idmançısı Leila Valker fərqlənib. Niderland velosipedçisi Lissi Van Şiyndel ikinci, çexiyalı Sabina Kosarkova üçüncü yeri tutublar.

Avstraliyalı Kira Hill 14 yaşlı qızlar arasında birinci pilləyə yüksəlib. Böyük Britaniya idmançıları Emma Ceffers və Cennifer Rozenmuller ilk üçlükdə qərarlaşıblar.

Mundialda 15 yaşlı qızların yarışında britaniyalı Lauren Anyon dünya çempionu adına sahib olub. Fransa velosipedçiləri Mariana Beltrando və Kapuçina Favre müvafiq olaraq ikinci və üçüncü pillədə yer alıblar.

On altı yaşlı qızların mübarizəsində isə İsveçrə idmançısı Nadine Aeberhard birinci yeri tutaraq ölkəsinin aktivinə qızıl medal yazdırıb. Argentinalı Aqustina Kavalli ikinci yerlə kifayətlənməli olub. Belçikalı Marte Qusens isə üçüncü yerdə qərarlaşıb.

Bu arada ilk iki günün nəticələrinə əsasən artıq 22 ölkənin velosipedçiləri mükafatçılar sırasında yer alıblar.

Medal sayına görə birinci yerdə Niderland idmançıları qərarlaşıblar. Onlar 12 dəfə podiuma qalxıblar. Qırx üç ölkədən 1500-dək idmançının qatıldığı mundialda 11 avstraliyalı, 10 fransalı, 7 braziliyalı, 6 ABŞ velosipedçisi və 5 kolumbiyalı fərqlənməyi bacarıb. Latviya və Yeni Zelandiya milli komandalarının hər birinin 4 üzvü medalçılar sırasına düşə bilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda britaniyalı velosipedçilər 3, yaponiyalı, boliviyalı və çilili idmançılar 2 medal qazanıblar.

Macarıstan, Rusiya, Belçika, Argentina, Ekvador, Kanada, Meksika, İsveçrə, Cənubi Afrika Respublikası və Portuqaliya komandalarının bir üzvü fərqlənməyi bacarıb.

Dünya çempionatına iyunun 9-da yekun vurulacaq.

azertag.az



Әlaqәli Xәbәrlәr