Türkiyə SİHA-larla müharibə doktrinasını dəyişdirdi

Mövzu ilə bağlı SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçı-yazarı Can Acunun məqaləsini təqdim edirik

1617594
Türkiyə SİHA-larla müharibə doktrinasını dəyişdirdi

 

  Türkiyənin silahlı pilotsuz uçan aparatlarının – SİHA-ların gücü və əldə etdiyi uğurlar dünya mətbuatının gündəm mövzularından olaraq qalmaqdadır.

  Suriyada başlayan, Liviya və Qarabağda davam edən Türkiyə Müdafiə Sənayesinin inkişaf etdirdiyi SİHA-ların yeni müharibə doktrinası nəticələri xarici orduların diqqətini çəkməkdədir; Amerika Birləşmiş Ştatları və İngiltərə kimi ölkələr artıq silahlı pilotsuz uçan aparatlara söykənən yeni döyüş taktikalarını araşdırmaqdadır.

  Uzun illərdir milli təhlükəsizliyi baxımından böyük meydan oxumalarla qarşı-qarşıya qalan Türkiyə istər terror təşkilatları kimi asimmetrik, istərsə də coğrafiyasına görə üzləşdiyi təbii təhdidlərə qarşı yeni döyüş doktrinasını inkişaf etdirməyə başladı. Silahlı pilotsuz uçan aparatlara arxalanan bu texnikanın istifadəsi qısa müddətdə bütün dünyanın diqqətini özünə çəkdi və "müasir döyüş doktrinası"nı kökündən dəyişdirəcək bir yeniliyin tətikləyicisi oldu.   

  Türkiyə son 10 ildə müdafiə sənayesi sahəsində böyük irəliləyişlər əldə edib, xüsusilə silahsız və silahlı pilotsuz uçan aparat texnologiyası üzrə bir çox ölkədən irəlidə gedir. Həm TAİ-Aselsan kimi dövlət, həm də “Baykar” kimi özəl şirkətlərin inkişaf etdirdiyi “Anka” və TB2 kimi silahlı pilotsuz uçan aparatlar, platformaları və əlaqədar təchizatları bir çox cəbhə və təmas xəttində təsirli şəkildə istifadə olunur. Xüsusilə terror təşkilatı PKK-ya qarşı Türkiyə, İraq və Suriya ərazilərində istifadə edilən bu silahlı pilotsuz uçan aparatlar terrorçuların səfərbərlik qabiliyyətini zəiflətdi, sözdə “başçı heyəti”nin aradan götürülməsini təmin etdi, bununla onların Türkiyə əleyhinə hərəkət trayektoriyası böyük ölçüdə mövqeyini itirdi.

  Türkiyənin silahlı pilotsuz uçan aparatları həm dövlətə qarşı olan bölücülərə, həm də ümumi düşmənlərə qarşı Suriya, Liviya və Qarabağda çox təsirli şəkildə istifadə edilərkən qarşı tərəflərin bu SİHA-lara cavab verə bilmədiyi, Rusiyanın inkişaf etmiş hava müdafiə sistemlərinin belə gücünün çatmadığı göründü.

  İkinci Qarabağ Müharibəsində TB2-lər Ermənistanın yüzlərlə tank və zirehli vasitələri, “Pantsir” və digər üstün səviyyəli hava müdafiə sistemləri və minlərlə piyadanı zərərsizləşdirdi, düşmən ordusu ağır itkiyə məruz qalaraq Qarabağdan çəkildi.

  Silahlı pilotsuz uçan aparatların düşmənləri məhv edərkən həm də lentə alması cəmiyyətə təbliğat döyüşü baxımından da mütləq üstünlük qazandırdı.  

  Bu gün inkişaf etmiş müasir ordular Türkiyənin bu yeni müharibə doktrinası və silahlı pilotsuz uçan aparatlarla əldə  etdiyi uğurları anlamağa və özlərinə uyğunlaşdırmağa çalışırlar.

  Türkiyə artıq “Anka” və TB2 kimi silahlı pilotsuz uçan aparatların yüksək modelləri olan “Akıncı” və “Aksungur”u istehsal edir.  

  Silahlı pilotsuz uçan aparat texnologiyası ilə Türkiyə bölgədə yüksələn bir qüvvə kimi təzahür edib, bura qədər böyük güclərin oynadığı Suriya-Liviya-Qarabağ kimi mühüm döyüş meydanlarının taleyini müsbətə doğru dəyişdirir.



Әlaqәli Xәbәrlәr