Qrip virusunu bir gündə yox edən həb

Yaponiyanın “Shionogi & Co.” əczaçılıq şirkəti orqanizmdə qrip virusunu 24 saat ərzində məhv edə bilən preparatı dövriyyəyə buraxacağını elan edib.

911723
Qrip virusunu bir gündə yox edən həb

Yaponiyanın “Shionogi & Co.” əczaçılıq şirkəti orqanizmdə qrip virusunu 24 saat ərzində məhv edə bilən preparatı dövriyyəyə buraxacağını elan edib. Halbuki, hazırda açıq satışda təklif edilən ən səmərəli müasir preparatlardan istifadə olunmaqla bu xəstəliyin müalicəsi üçün təxminən 72 saat vaxt tələb olunur.

Yeni dərman vasitəsi baloksavir marboksil (baloxavir marboxil) adlandırılıb. Preparatı yaradanların sözlərinə görə, viruslara qarşı mübarizə aparmaq üçün pasiyentə dərmanın cəmi bir dozası bəs edir ki, bu da qripə qarşı digər vasitələrdən qiymət cəhətdən səmərəlidir. Məsələn, oseltamivir (satışda yayılan adı “Tamiflyu”) preparatının tövsiyə edilən kursu 5 gün davam edir. Pasiyent hər gün iki doza qəbul edir. Bu, təkcə xəstənin rahatlığı məsələsi deyil: məlumdur ki, dərman qəbulu kursunu başa vurmamaq virusun preparata davamlılığının inkişafına şərait yarada bilər.

Yeni preparatın könüllülər üzərində aparılmış kliniki təhqiqatının üçüncü mərhələsi 2018-ci ilin yanvarında başa çatıb. Təcrübələr göstərir ki, bu dərmanı qəbul edən pasiyentlərin orqanizmində qrip simptomları digər müasir vasitələrlə müalicə alan xəstələrlə demək olar ki, eyni dərəcədə qalır. Lakin “Shionogi & Co.” şirkətinin nümayəndələrinin sözlərinə görə, onların hazırladıqları vasitə virusları daha tez məhv edir. Bu da pasiyentin xəstəliklə yoluxma dövrünü daha da qısaldır.

“The Asahi Shimbun” qəzetinin məlumatına görə, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi 2018-ci ilin fevralında bu preparatın istehsalına başlamağa razılıq verib. İstehsalçı şirkət rəsmi razılığı mart ayında gözləyir. Əgər nazirlik rəsmi razılıq verərsə, dərmanın ilk partiyası 2018-ci ilin mayında dövriyyəyə buraxılacaq. Preparatın effektivliliyi barədə nəticə çıxarmaq artıq 2019-cu ilin qışında mümkün olacaq. Dərmanın başqa ölkələrdə satılıb-satılmayacağı hələ ki, məlum deyil.



Әlaqәli Xәbәrlәr