ABŞ və Rusiya başçıları Fransa prezidentinin görüş təklifini qəbul etdilər

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücum etməyəcəyi təqdirdə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib

1782252
ABŞ və Rusiya başçıları Fransa prezidentinin görüş təklifini qəbul etdilər

 

  Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makronun Avropada təhlükəsizlik və strateji sabitliyə dair sammitin keçirilməsi təklifini qəbul ediblər. Bu barədə Fransanın Yelisey sarayından bildirilib.

  Məlumata əsasən, E.Makron Avropada təhlükəsizlik və strateji sabitliyi müzakirə etmək üçün C.Bayden və V.Putin arasında, sonra isə müvafiq maraqlı tərəflərlə sammit keçirməyi təklif edib. ABŞ və Rusiya liderləri Fransa prezidentinin təklifini qəbul ediblər.

  Sammitdə müzakirə ediləcək məsələləri Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də keçiriləcək görüşlərində hazırlayacaqlar.

  ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya hücum etməyəcəyi təqdirdə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib. Bu barədə Ağ evin mətbuat katibi Cen Psakinin fevralın 20-də dərc olunan bəyanatında deyilir: “Prezidentin dəfələrlə qeyd etdiyi kimi, biz hərbi müdaxilə başlayana qədər diplomatik əlaqələrə sadiqik. Rusiya hərbi əməliyyatlara başlamasa, həftə sonu Avropada ABŞ-ın dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş planlaşdırılır. Bundan sonra prezident Co Bayden hərbi təcavüzün başlamayacağı təqdirdə Vladimir Putinlə görüşməyə razıdır. Biz diplomatiyaya hər zaman hazırıq”.

  Qeyd edək ki, son zamanlar Qərb ölkələrində, həmçinin Kiyevdə Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya tərəfi isə bu bəyanatları mənasız və əsassız adlandırır.



Әlaqәli Xәbәrlәr