Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir

BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib ...

2153962
Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir

 

  Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasının 56-cı Sessiyası BMT-nin İsveçrənin Cenevrə şəhərindəki ofisində öz işinə başladı.

  BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib: “İsrailin intensiv hücumları nəticəsində 2023-cü il oktyabrın 7-dən Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 120 mindən çox insan həlak olub və ya yaralanıb.

  İsrail Rəfah şəhərinə hücumlarını intensivləşdirdikdən sonra təxminən 1 milyon fələstinli yenidən məcburi köçkün vəziyyətinə düşüb.

  May ayından yardımın paylanması və humanitar yardıma çıxış daha da çətinləşib.

  Şərqi Qüds də daxil olmaqla, işğal altındakı İordan çayının qərb sahilində də vəziyyət get-gedə pisləşir.

  2023-cü ilin oktyabrndan bu yana 133-ü uşaq olmaqla 528 fələstinli İsrail əsgərləri və yəhudi sakinlər tərəfindən öldürülüb.

  İsrailin Qəzzaya qarşı vəhşi hücumları böyük iztirablara və geniş dağıntılara səbəb olub.

  Humanitar yardımların ləğvi və əngəllənməsi, minlərlə fələstinlinin özbaşına tutulması və həbs olunması davam edir. Buna son qoyulmalıdır”.

  Rusiya-Ukrayna müharibəsinə və Sudandakı vəziyyətə də toxunan Volker Türk bunları söyləyib: “2022-ci ilin fevral ayından bu yana davam edən müharibə üzündən Ukraynadakı vəziyyət daha da pisləşib. Rusiyanın Xarkov bölgəsinə etdiyi son quru hücumundan mülki əhali çox zərər çəkib.

  2023-cü ilin aprelindən bəri Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalar ölkəni məhv edir. Tərəflər etnik münaqişələri qızışdırır, humanitar yardımı rədd edir və insan haqları müdafiəçilərini tuturlar”.

  Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurasının 56-cı Sessiyası iyulun 12-dək davam edəcək. Bu müddətdə 100-dən çox məruzə oxunacaq, 50-dən artıq ölkənin vəziyyəti müzakirə olunacaq və 30-dan çox tematik məsələ danışılacaq.



Әlaqәli Xәbәrlәr