Rusiya Avropa Şurasından çıxmaq istəmir

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın Avropa Şurasını tərk etməyi planlaşdırmadığını və öhdəliklərindən imtina etmədiyini qeyd edib.

1203292
Rusiya Avropa Şurasından çıxmaq istəmir

 Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Rusiya xarici işlər naziri Sergey Lavrov  Avropa Şurası Nazirlər Komitəsinin Finlandiyanın Helsinki şəhərində keçirilən iclasında çıxış edib.

Lavrov Rusiyanın beynəlxalq hüquq normalarına uyğun olaraq Avropa Şurasındakı fəaliyyətlərini davam etdirəcəyini ifadə edərək:"Yayılan söz-söhbətlərə baxmayaraq, biz Avropa Şurasını tərk etmək niyyətində deyilik və maliyyə öhdəliklərimiz daxil olmaqla, heç bir öhdəliyimizdən imtina etmirik" deyə bildirib.

Lavrov Rusiyanın Avropa Şurasının bütövlüyünün tərəfdarlarını dəstəklədiyini qeyd edərək: "Narkotik maddələrin, nizamsız miqrasiyanın, müasir köləlik və süni intellektin zərərli istifadəsi kimi vəziyyətlərdə Avropanın birliyini təmin etmək xüsusilə vacibdir" deyib.

Qeyd edək ki, Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi  səbəbindən Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Rusiya nümayəndə heyətinin səsvermə hüququ əlindən alınmışdı.

Rusiya bu sanksiyaya cavab olaraq 2016-ci ildən etibarən məclisə  heyət göndərməmək və illik 33 milyon avro olan Avropa Şurasının büdcəsinə töhfə verməmək barəsində qərar qəbul etmişdi.

2017-ci ildən büdcəyə heç bir şey ödəməyən Rusiyanın Avropa Şurasının qaydalarına uyğun olaraq, Şuranın icra orqanı olan Nazirlər Komitəsi tərəfindən üzvlükdən çıxarılma ehtimalı var.



Әlaqәli Xәbәrlәr