BMT Təhlükəsizlik Şurasının hərəkətə keçməsi üçün daha neçə fələstinli ölməlidir?

Bu sualı Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur BMT TŞ-nın təcili iclasında səsləndirdi.

972175
BMT Təhlükəsizlik Şurasının hərəkətə keçməsi üçün daha neçə fələstinli ölməlidir?

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrail Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində Qəzza sərhədində 62 fələstinlinin həlak olmasından sonra Küveytin tələbi ilə təcili iclas keçirdi.

BMT TŞ-na üzv ölkələrin nümayəndələri iclasdan əvvəl həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli (Nikki Haley) iclasda çıxış edərək, Orta Şərqdəki zorakılıq hadisələrinə və insanların həlak olmasına görə narahat olduqlarını və kədərləndiklərini söylədi.

Heyli bölgədə çox sayda zorakılıq hadisələrinin olduğunu bildirdi, BMT TŞ-nı ikili standartlarda günahlandırdı, İranı tənqid etdi, İsrailin təmkinlilik nümayiş etdirdiyini qeyd etdi.

Heyli: "Aramızda kim sərhədlərində bu növ aksiyanın keçirilməsini qəbul edərdi? Heç kim. Bu zaldakı heç bir ölkə İsraildən daha çox təmkinli ola bilməzdi" dedi.

ABŞ-ın daimi nümayəndəsi Suriya, Yəmən və Livandakı qeyri-sabitliyə görə İranı təqsirləndirdi, bu ölkəni terrorçu olaraq səciyyələndirdiyi Həmasa dəstək verdiyinə görə tənqid etdi.

Heyli ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi barəsindəki qərarının doğru olduğunu, Qüdsü İsrailin paytaxtı kimi tanımanın sülh prosesinə töhvə verəcəyini dedi.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitriy Polyanskiy Fələstinin dövlət başçısı Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahunun məsələnin sülh yolu ilə həlli üçün Moskvada görüş keçirmələrini təklif etdi.
 

İngiltərənin BMT-dəki daimi nümayəndəsi  Karen Pierce  İsrailin sərhədlərini müdafiə hüququna malik olduğunu, lakin həddindən artıq güc tətbiq etməməli olduğunu bildirdi.

Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Delattre (François Delattre) zorakılıq hadisələrini böyük bir fırtınaya bənzətdi, bu hadisələrin bütün bölgəyə yayıla biləcəyi ilə bağlı xəbərdarlıq etdi.

Boliviyanın BMT-dəki daimi nümayəndəsi Sacha Sergio Llorentty Soliz Qəzzada həlak olan uşaqların adlarını bir-bir oxudu, İsraili Fələstin torpaqlarının işğalına son qoymağa çağırdı.

Çinin BMT-dəki nümayəndəsi Ma Zhaoxu İsraili təmkinli olmağa çağırdı.

Polşanın BMT-dəki daimi nümayəndəsi Joanna Wronecka Qəzzada 62 fələstinlinin həlak olması ilə əlaqədar müstəqil təhqiqatın aparılmasını təklif etdi.

BMT-nin Orta Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov Qəzza sərhədində 62 nəfərin ölümünə səbəb olan İsrail qüvvələrinin törətdiyi zorakılığın ən şiddətli şəkildə qınanmasını təklif etdi.

Mladenov beynəlxalq ictimaiyyəti bölgədə yeni bir müharibənin baş verməsinin qarşısını almağa çağırdı.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur isə bunları söylədi: "BMT Təhlükəsizlik Şurasının hərəkətə keçməsi üçün daha neçə fələstinli ölməlidir?  Sizin ölkənizdə qətliam törədilsəydi, aralarında uşaqların da olduğu 60 insan öldürülsəydi nə edərdiniz? Bu ikili standartları daha nə qədər davam etdirəcəksiniz?"

 

 



Әlaqәli Xәbәrlәr