Ukrayna-Rusiya danışıqlarının ikinci turu

Dmitro Kuleba müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara hazır olduqlarını, lakin Rusiyanın ultimatumunun əleyhinə olduqlarını bəyan edib.

1788596
Ukrayna-Rusiya danışıqlarının ikinci turu

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara hazır olduqlarını, lakin Rusiyanın ultimatumunun əleyhinə olduqlarını bəyan edib.

Sosial mediada paylaşım etdiyi videoda Kuleba Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 1-ci raundunun fevralın 28-də keçirildiyini qeyd edərək, bu danışıqlarda “geri addım atmadıqlarını” vurğulayıb.

"Rusların tələbləri dəyişməyib. Bunlar (Rusiya prezidenti Vladimir) Putinin müharibəyə başlamazdan əvvəl müraciətində səsləndirdiyi tələblərdir. Biz danışıqlara və diplomatiyaya hazırıq, lakin Rusiyanın ultimatumlarını qəbul etməyə hazır deyilik. Yeni danışıqların nə vaxt aparılacağı hələ məlum deyil”, - Kuleba bildirib. 

Ukraynada hava məkanının raketlərdən qorunması mövzusunun onlar üçün əhəmiyyətli olduğunu bildirən Kuleba NATO-ya uçuşa qadağa zonası bəyannaməsi üçün müraciət etdiklərini vurğulayıb.

Kuleba deyib:

"Müdafiə baxımından bizim də hava məkanının təhlükəsizliyini təmin etmək üçün alternativ mexanizmlərimiz var. Biz ukraynalıları havadan qorumaq üçün əlimizdən gələni edəcəyik".

Digər tərəfdən, Ukrayna Prezident Aparatının baş müşaviri Aleksey Arerestoviç Rusiya ilə danışıqların ikinci mərhələsinin bu axşam keçiriləcəyini və birinci raundda olan nümayəndə heyətlərinin iştirak edəcəyini açıqlamışdı.

Ukrayna ilə Rusiya arasında danışıqların ilk raundu Belarusun Ukrayna ilə sərhədində yerləşən Qomel vilayətində keçirilib.

Vladimir Putinin müşaviri Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə hakim Xalq Partiyası başçısı David Araxamiya və müdafiə naziri Oleksiy Reznikovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti arasında təxminən 5 saat davam edən danışıqlar heç bir nəticə verməyib.

Nümayəndə heyətləri danışıqların ikinci raundunun keçirilməsi barədə razılığa gəliblər.



Әlaqәli Xәbәrlәr