İranda 2 milyon adam yardıma möhtacdır

İFRC-dən verilən açıqlamada yazılır...

1183785
İranda 2 milyon adam yardıma möhtacdır

  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (İFRC) İranda şiddətli yağışlardan yaranan sellərlə bağlı ölkə miqyasında təxminən 2 milyon insanın humanitar yardıma ehtiyac duyduğunu bildirib.

  İFRC-dən verilən açıqlamada yazılır:

  “İranda 17 martdan bu yana davam edən şiddətli yağışlar ölkədəki 31 əyalətdən 25-ini iflic edib: sel fəlakəti 2 mindən çox şəhər və qəsəbəyə ziyan vurub, 10 milyon adama təsir göstərib, bəziləri uzunmüddətli olmaqla, yarım milyondan çoxu yerindən-yurdundan olub, 78 adam həyatını itirib, 1136 nəfər yaralanıb.

  Ölkə miqyasında təxminən 2 milyon adamın humanitar yardıma ehtiyacı var.

  Beynəlxalq cəmiyyətə üz tuturuq: İranda seldən əziyyət çəkən 30 min ailənin ehtiyaclarının qismən ödənilməsi üçün 5,1 İsveçrə frankı məbləğində yardım istəyirik.”  

  Açıqlamada İran Qırmızı Aypara Cəmiyyətinin beynəlxalq əlaqələr və insan hüquqları üzrə baş katibinin birinci müavini Zəhra Falahatın da sözlərinə yer verilib. O deyib: “Bu, İranı 15 ildən sonra vuran ən böyük fəlakətdir… İran Qırmızı Aypara Cəmiyyəti ölkə tarixinin ən böyük yardım işlərini aparır, insanları xilas etmək üçün mümkün olan hər mənbədən istifadə edir. Ancaq bütün bunlar yenə yetərli deyil".

  Qeyd edək ki, İranın daxili işlər naziri Əbdürrza Rəhmanı Fazalı ölkənin 25 vilayətini təsiri altına alan sel fəlakətinin vurduğu ziyanın 7 milyard 619 milyon dollar olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr