Əli Laricani: "İran "Kəmər və Yol" təşəbbüsünə böyük əhəmiyyət verir"

İran parlamentinin sədri Əli Laricani İpək Yolunun bərpa edilməsini qarşısına məqsəd qoyan Çinin "Kəmər və Yol" təşəbbüsünə böyük əhəmiyyət verdiklərini və bu layihədə aktif iştirak etdiklərini bildirdi.

1149288
Əli Laricani: "İran "Kəmər və Yol" təşəbbüsünə böyük əhəmiyyət verir"

İran parlamentinin sədri Əli Laricani Çinə səfəri çərçivəsində paytaxt Pekindəki Böyük Xalq Salonunda Çin Milli Xalq Kongresinin Daimi Komitəsinin sədri Li Canşu ilə görüşdü.
 
 Laricani görüşdə İpək Yolunun iki ölkə arasındakı münasibətlərin uzun tarixinə şahidlik etdiyini bildirərək: "İran "Kəmər və Yol" təşəbbüsünə böyük əhəmiyyət verir və bu layihədə aktiv iştirak edirik" ifadəsini işlətdi.
 
 Laricani İran parlamentinin  Çin Milli Xalq Kongresi ilə əlaqələrini dərinləşdirmək istədiyini və müxtəlif sahələrdə qarşılıqlı nailiyyətlərə əsaslanan əməkdaşlığl dəstəklədiyini qeyd etdi.
 
 Çin Milli Xalq Kongresinin Daimi Komitəsinin sədri Li Canşu da Çin və İran arasında əlaqə və koordinasiyalı fəaliyyətin davamlı olaraq genişləndirilməsi və qarşılıqlı maraqlar məsələlərində bir-birinə dəstək olmalarının vacibliyini vurğuladı.
 
 Çinin İrana qarşı münasibətində bir dəyişiklik olmadığını ifadə edən Li: "Beynəlxalq şərtlərdə meydana gələn dərin dəyişikliklərə, qeyri-müəyyənliklərə və qeyri-sabitliklərə baxmayaraq Çin İranla nüvə müqaviləsinin qorunması və Çin-İran münasibətləri məsələsindəki mövqeyini qoruyub saxlayır" dedi.
 
 Li Tehrana "Kəmər və Yol" təşəbbüsü çərçivəsində təhlükəsizlik və terrorla mübarizə sahəsində də əməkdaşlıq etməyi təklif etdi. 
 
 Digər tərəfdən, İran dövlət televiziyasında yayımlanan xəbərdə Laricaninin Pekində Renmin Universitetində  çıxış etdiyi bildirildi. Laricani çıxışında Amerika Birləşmiş Ştatlarının birtərəfli və düşmənçilik siyasəti yürütdüyünü ifadə edib.
 
 İran parlamentinin sədri ABŞ-ın digər ölkələrə  düşmən münasibət bəslədiyini qeyd edərək: "ABŞ Çin və İran kimi mədəni xalqlara zərbə vurmaq üçün birtərəfli, qeyri-qanuni sanksiyalar, və ya gömrük tariflərini artırmaq kimi müxtəlif iqtisadi üsullara əl atır. Lakin bu metod uğurlu olmayacaq" deyib.
 
 Vaşinqton rəhbərliyinin ölkələrin daxili işlərinə müdaxilə etdiyini dilə gətirən Laricani ABŞ-ın qlobal terror təşkilatlarını dəstəklədiyini və qanuni hökumətləri devirmək təşəbbüsləri göstərdiyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr