Ruhani ABŞ-a meydan oxudu

İran prezidenti Həsən Ruhani ABŞ rəhbərliyinin noyabrın 5-də  İran neftini hədəf alan birtərəfli sanksiyalarının xalqı bir neçə ay da ağır iqtisadi şərtlərlə üzləşdirəcəyini, lakin təsirinin müvəqqəti olacağını bildirdi.

1079108
Ruhani ABŞ-a meydan oxudu

 İran rəsmi agentliyi IRNA-nın yadığı xəbərə görə, ölkə prezidenti Həsən Ruhani paytaxt Tehranda Nazirlər Kabinetinin toplantısında çıxış edərək: " Keçən ayların xalqımız üçün çətin keçdiyini bilirəm. Qarşıdakı aylar da çətin ola bilər, lakin hökumət bu problemləri azaltmaq üçün bütün gücündən istifadə edəcəkdir" deyib.
 
 ABŞ-ın noyabrın 5-də başlayacağı İran neftini hədəf alan birtərəfli sanksiyalarını Vaşinqton rəhbərliyinin yeni bir hiyləsi kimi səciyyələndirən Ruhani: "Bunların da uğursuz olacaqlarına əminik. Onsuz da yavaş-yavaş geri addım atmağa başlayıblar. Əvvəl İranın neft ixracını sıfıra endirəcəklərini söyləyirdilər. Daha sonra bunun mümkün olmadığını gördükdə, İranın neft ixracını azaltmaq istədiklərini söyləməyə başladılar. İran nefti məsələsi ilə bağlı heç bir məqsədinizə nail ola bilməyəcəksiniz". ifadələrini işlədib.
 
 ABŞ-ın sanksiyalarından qorxmadığını və  ölkənin bütün təbəqələrinin  əl-ələ verərək sanksiya problemini dəf edəcəklərini qeyd edən Ruhani: "Asya, Avropa və digər qitələrin böyük ölkələrinin bir çoxu İranın yanında olacaqlarını bildiriblər" deyib.
 
 ABŞ sanksiyaları səbəbindən İranla ticarət əlaqələrini dayandıran şirkətlərə də səslənən İran prezidenti: "ABŞ-ın təzyiqlərinin müvəqqəti, bizim sizinlə əlaqələrimizin isə daimi olduğunu deyirik. Amerikalılar bir neçə gün bağırıb- çağırıb gedəcəklər. Onlar region və böyük millətlər haqqında qərar verə bilməzlər" deyə danışıb.
 
Qeyd edək ki,  ABŞ-ın nüvə müqaviləsindən çəkildiyi tarixdən bu yana İranın neft ixracında təxminən gündəlik 800 min barrel azalma baş versə də, Tehran rəhbərliyi Çin və Hindistan başda olmaqla, bəzi ölkələrə neft ixracını davam etdirir.
 
 ABŞ-ın İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə qarşı sanksiyalarının tətbiqinin noyabrın 5-də başlaması nəzərdə tutulur.
 
 İrana qarşı ilk mərhələ sanksiyalar isə avqustun 7-də qüvvəyə minmişdi.



Әlaqәli Xәbәrlәr