Bakıda üçtərəfli zirvə görüşü keçirilib

Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib.

548275
Bakıda üçtərəfli zirvə görüşü keçirilib

Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib.

Liderlər zirvə görüşündə enerjidən, nəqliyyata, terrorla mübarizədən Xəzər dənizinin statusuna qədər müxtəlif mövzuları müzakirə ediblər.

Zirvəyə ev sahibliyi edən Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli görüşün bölgənin sabitliyi üçün əhəmiyyət daşıdığını vurğulayaraq deyib ki, bu gün Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirilir. Bu, tarixi hadisədir. Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır. Əminəm ki, bugünkü zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcəkdir.

Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İran, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Sadaladığım təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir.

Üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaqdır. 

Rusiya prezidenti Vladimir Putin də üçtərəfli görüş formatının bölgənin inkişafına önəmli töhfəsinin olacağını qeyd edərək deyib ki, Azərbaycan və İran Rusiya üçün mehriban qonşular və mühüm tərəfdaşlardır. Biz bir-birimizlə səmərəli əməkdaşlıq üzrə zəngin təcrübə toplamışıq. Sözsüz ki, bu gün biz münasibətlərimizdə yeni səhifə açırıq, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk. Bizim fikrimizcə, bu cür formata ehtiyac olması aşkardır. Üç ölkəni birləşdirən əsas amil geniş əhatəli regional və qlobal məsələlərə yanaşmanı əlaqələndirməyə hazır olmağımız, ticari-iqtisadi sahədə çoxplanlı praktiki əməkdaşlığı bundan sonra da genişləndirmək istəyimizdir. 

Ümid edirik ki, Xəzər problemlərinə dair üçtərəfli dialoq da Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzərində işin tezliklə tamamlanmasına şərait yaradacaq. Əminəm ki, Konvensiyanın imzalanması və onun müddəalarının reallaşdırılması Xəzəryanı beş ölkənin hamısının mənafelərinə uyğundur.

İran prezidenti Həsən Ruhani də qonşu ölkələrlə əlaqələrin inkişafının İranın xarici siyasətində ilk yeri tutduğunu bildirib.

Ruhani deyib ki, belə bir formatın olması üç ölkə arasındakı əlaqələrin inkişafında xəyli əhəmiyyətli idi. Qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi İranın xarici siyasətində ilk yerlərdən birini tutur.

Sonda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.

Bəyannamədə terrorla mübarizə, enerji, nəqliyyat, turizm kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri ön plana çıxarılıb.



Әlaqәli Xәbәrlәr