Gömrük vǝ ticarǝt naziri Cenap Aşçı Azǝrbaycanda sǝfǝrdǝdir

Azǝrbaycanda sǝfǝrdǝ olan nümayǝndǝ heyǝti ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

386307
Gömrük vǝ ticarǝt naziri Cenap Aşçı Azǝrbaycanda sǝfǝrdǝdir

Azərbaycanda səfərdə olan gömrük və ticarət naziri Cenap Aşçı rəhbərlik etdiyi nümayəndə heyəti ilə oktyabrın 2-də Fəxri xiyabanda ǝvvǝl Azǝrbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC-ın xǝbǝrinǝ ǝsasǝn, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb.
Daha sonra Şəhidlər xiyabanını ziyarǝt edǝn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Nümayəndə heyəti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önünə də əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər Xiyabanının tarixi və şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gömrük və ticarət naziri Cenap Aşçının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Türkiyə Dövlǝt başçılarının iştirakı ilə Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkənin gömrük orqanları arasında birgə komissiyanın yaradılması ilə bağlı qəbul edilən qərara uyğun olaraq bu gün Bakıda komissiyanın ilk toplantısının keçiriləcəyini vurğulayan nazir Cenap Aşçı bildirib ki, dövlət başçıları səviyyəsində qəbul edilən qərarların icrasının reallaşdırılması qarşıda duran vəzifələrdən biridir.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlayan Cenap Aşçı Türkiyənin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində çox yaxşı əlaqələrə malik olduğunu vurğulayaraq bu sahədə ölkələrimiz arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının hər iki tərəf üçün böyük əhəmiyyət daşıdığını deyib.
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantılarının məzmunlu olduğunu və orada qəbul edilən bütün qərarların icrasının önəmini qeyd edib. İki ölkənin gömrük orqanlarının birgə komissiyasının fəaliyyətə başlamasının əhəmiyyətinə toxunan dövlət başçısı komissiyanın iclasında bu sahə ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılacağına ümidvar olduğunu bildirib.
Ölkələrimizin bütün məsələlərdə bir-birini daim dəstəklədiyini deyən dövlət başçısı digər sahələrdə olduğu kimi, gömrük orqanları arasında əməkdaşlığın da yüksək səviyyədə olmasının önəmini qeyd edib. Dünyada gedən maliyyə-iqtisadi böhran şəraitində ölkələrimizin gömrük orqanları qarşısında mühüm vəzifələrin dayandığını deyən Prezident İlham Əliyev iqtisadi böhranın nəticələrinin araşdırılması, təhlili və gömrük orqanlarının işinin təkmilləşdirilməsində birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr