Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 97 il ötü
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib.
Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.
Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.
Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.
Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib.
Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir