Belarusla Qərb arasında yeni böhran

“Avrasiya Gündəmi” proqramının bugünkü hissəsində Belarus və Qərb arasında yaranan yeni böhranı qiymətləndirəcəyik.

1650536
Belarusla Qərb arasında yeni böhran

23 may 2021-ci il tarixində İrlandiyanın Afina-Vilnüs reysini həyata keçirən təyyarəsi Belarus hava məkanından keçərkən bomba təhlükəsi ilə əlaqədar hərbi təyyarənin müşayiəti ilə Minskə məcburi eniş edib. Təyyarədə axtarış aparılıb, lakin bomba xəbəri əsassız olub. Ancaq təyyarədə olan müxalif “Nexta” Telegram-kanalının baş redaktoru, Belarus tərəfindən ekstremistlər siyahısına daxil edilən Roman Protaseviç və yanında olan sevgilisi Sofiya Saperu saxlanılıb. Roman Protaseviçin 15 ilədək həbs olunması gündəmdədir. Hadisə ilə əlaqədar keçirilən mətbuat konfransında Belarus rəhbərliyi Beynəlxalq Minsk Hava Limanının elektron poçt ünvanına “Həmas” tərəfindən təyyarəyə bomba yerləşdirildiyinə dair mail gəldiyini açıqlayıb. Qərbli rəsmilər də Belarusun təyyarəsinin eniş etməsini “qəbuledilməz” hesab ediblər. Hadisədən sonra Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyaların tətbiq edilməsi, Protaseviçin sərbəst buraxılması və Beynəlxalq Mülki Aviasiya Təşkilatının hadisəni araşdırmasını tələb edib. Beynəlxalq Mülki Aviasiya Təşkilatı istintaqa başlayıb. Avropa ölkələri hava məkanlarını Belarus təyyarələrinə bağlayıblar. Qarşılıqlı olaraq təyyarə reysləri dayandırılıb. Hadisə əvvəlcə Rusiya-Qərb hava nəqliyyatına mənfi təsir göstərib. Lakin bu problem təyyarələrin yeni marşrutlardan istifadə etməsi barədə tərəflərin razılığa gəlməsi ilə həllini tapıb. Hadisələrin ardınca, Belarus Respublikasının Xarici İşlər Nazirliyi Latviyanın Minskdəki səfirliyinin əməkdaşlarının ölkəni tərk etmələrini tələb edib. Bir diplomatdan başqa səfirlik əməkdaşları Belarusu tərk ediblər. Belarus və Litvanın hər ikisi diplomatı “arzuolunmaz şəxs” elan ediblər. 28 may tarixində Belarus Prezidenti Aleksandr Lukaşenko Soçidə Rusiya dövlət başçısı Vladimir Putinlə təyyarə böhranı da daxil olmaqla, ikitərəfli münasibətləri müzakirə ediblər. Mediada Rusiyanın gələn ay Belarusa 500 milyon dollar kredit verəcəyi barədə xəbərlər yayılmışdı. Həmin gün Avropa İttifaqı “Demokratik Belarus üçün İqtisadi Plan” başlıqlı məktubla Belarusa 3 milyard Avro dəstək verməyi planlaşdırdığını Svetlana Tixonovskayaya bildirmişdi. Avropa İttifaqının təyyarə böhranı ilə əlaqədar keçirilən iclasında iştirak edən müxalif Tixonovskaya, Belarus rəhbərliyinə yeni sanksiyalar tətbiq edilməsini tələb edib.

Təyyarə böhranından sonra Qərb üçün Belarus məsələsi insan haqları miqyasından regional təhlükəsizlik miqyasına keçdi. Qərb Belarusa yeni sanksiyalar tətbiq edəcək. Mövcud vəziyyət Belarusun Rusiyadan daha çox asılı olmasına səbəb olacaq. Belarus ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün Rusiyadan yeni borc almaq məcburiyyətində qalacaq. Rusiya ilə Belarus arasında yeni hərbi müqavilələrin bağlanması və Belarusa yeni Rusiya müdafiə sənayesi məhsullarının yerləşdirilməsi ehtimalı yüksəkdir. Ukrayna rəhbərliyi təyyarə böhranından sonra Minskin Donbas böhranının həllində neytral zona mövqeyini itirdiyini bildirib. Burada qeyd etməliyik ki, Belarus Krımın ilhaqını tanımayan ölkələrdən biridir. Şərqi Avropadakı qarşıdurmanın beynəlxalq aləmdə hansı irəliləyişlərə səbəb olacağı isə qaranlıq qalır.



Әlaqәli Xәbәrlәr