Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

2115499
Bakıda “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Azərbaycanın paytaxtı Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Əvvəlcə xatirə fotosu çəkdirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin XI Qlobal Bakı Forumunu açıq elan edib.

Dövlət başçısı İlham Əliyev açılış mərasimində çıxış edərək deyib:

"İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq".

Dövlət başçısı qeyd edib: “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir.

Biz dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdik. Bununla biz həmin təşkilat daxilində çox səmimi ab-hava yaratdıq.

Azərbaycan Avropa İttifaqının üzvləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirdi. Beləliklə, biz müxtəlif ölkələri bir araya gətirə bilirik və bununla da iqlim dəyişikliyi məsələlərini həll etməyə çalışırıq".

Dövlət başçısı, həmçinin qeyd edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.

Dövlət başçısı onu da deyib ki, sonuncu antiterror əməliyyatından sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi.

Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi.

İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb.

1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlət başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib.

Qeyd edək ki, martın 14-də işə başlayan XI Qlobal Bakı Forumunun ikinci panel iclası “Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusuna həsr olunub.

Panel iclasına Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili moderatorluq edir.

Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.



Әlaqәli Xәbәrlәr