DART asteroidə uğurla çırpılıb (video)

 

  Amerika Aeronavtika və Kosmos Agentliyi – NASA-nın kosmik gəmisi DART planlaşdırıldığı kimi, Yerdən təxminən 11 milyon kilometr uzaqlıqda asteroidə uğurla çırpılıb.

  Potensial asteroid və ya kometa təhlükələrinə qarşı Yerin müdafiə texnologiyasını sınaqdan keçirmək üçün kosmosa buraxılan vasitə Yer üçün təhlükə yaratmayan Dimorfos asteroidinə tam vaxtında dəyib.

  Asteroid oriyentasiya testinə hazırlanan DART kosmik gəmisi Dimorfosu orbitindən yayındırmaq üçün saatda təxminən 23.000 kilometr sürətlə uçub.

  NASA-nın saytında və bütün sosial media hesablarında canlı yayımlanan toqquşma ilk dəfə olaraq gələcəkdə potensial təhlükə yarada biləcək göy cisimlərinin ölçülməsi və qarşısının alınması üçün sınanılıb.

  Toqquşma anı “Hubble”, “Webb” və “Lucy” teleskopları, həmçinin kosmik gəmiyə yerləşdirilən kamera tərəfindən qeydə alınıb.