Rəcəb Tayyib Ərdoğan: "Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyimizə inanıram''

Rəcəb Tayyib Ərdoğan gündəmdəki aktual mövzuları qiymətləndirib.

2014470
Rəcəb Tayyib Ərdoğan: "Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyimizə inanıram''

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara Dəniz Taxıl Təşəbbüsünün davam etməsini təmin edəcəklərinə inandıqlarını söylədi.
Bunu Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Körfəz turu, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinə etdiyi səfərlərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran zaman deyib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsünün dayandırılması təkcə qlobal ərzaq qiymətlərini artırmayacaq, həm də bəzi bölgələrdə aclıqdan tutmuş yeni immiqrasiya dalğalarına qədər bir sıra problemlərə səbəb olacaq.

Türkiyenin buna mane olmaq üçün səylər göstərməkdən çəkinməyəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan deyib:

"İnanıram ki, Rusiya prezidenti cənab Vladimir Putinlə ətraflı danışaraq bu humanitar hərəkatın davam etməsini təmin edəcəyik. Onun da Qərb ölkələrindən müəyyən gözləntilərinin olduğunu bilirik. Qərb dövlətləri də bu məsələdə hərəkətə keçməlidirlər". 

Diplomatiyanın bütün imkanlarından istifadə edəcəklərini bildirən Rəcəb Tayyib Ərdoğan deyib:

"Biz ilk növbədə telefon diplomatiyası vasitəsilə və Putinin avqust ayında səfəri baş tutarsa bu məsələləri ətraflı müzakirə edəcəyik. İnanıram ki, Qara dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik". 

Körfəz ölkələri ilə münasibətlərə toxunan Rəcəb Tayyib Ərdoğan deyib:

"Qarşıdakı dövrdə əməkdaşlığımız konkret layihələrlə güclənəcək və inkişaf edəcək. Ümid edirəm ki, bunun iqtisadiyyatımıza müsbət təsirlərini ən qısa zamanda görəcəyik. Körfəz ölkələrinə etdiyimiz səfərlər zamanı Cümhuriyyət tariximizin ən böyük müdafiə və aviasiya müqaviləsi imzalandı".

Rəcəb Tayyib Ərdoğan ŞKTC-yə səfəri zamanı Kıbrıs probleminin həlli ilə bağlı Türkiyenin mövqeyini və təkliflərini bütün dünya ilə bölüşdüklərini açıqlayıb.

“Kıbrısdakı türk xalqının təhlükəsizliyi və rifahı üçün çalışmaqla yanaşı, adanın davamlı və ədalətli sülhə nail olması üçün diplomatik səylərimizi davam etdirəcəyik”,-deyə Türkiye Prezidenti vurğulayıb.

Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahunun gələn həftə ayrı-ayrılıqda Türkiyeyə gələcəyinə işarə edən Rəcəb Tayyib Ərdoğan deyib:

"İsrailin baş naziri Binyamin Netanyahu ilə ilk dəfədir ki, təmasda oluruq. Ümid edirəm ki, bu inkişaf Türkiye-İsrail münasibətlərində daha isti bir dövrün başlanğıcı olacaq".



Әlaqәli Xәbәrlәr