“TBMM sədri kimi ilk səfərimi Azərbaycana etməkdən şərəf duyuram”, N.Kurtulmuş

Bu sözləri Türkiyə parlamentinin sədri Numan Kurtulmuş iyulun 12-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib

2010474
“TBMM sədri kimi ilk səfərimi Azərbaycana etməkdən şərəf duyuram”, N.Kurtulmuş
Numan Kurtulmuş_Bakı_Şəhidlər Xiyabanı_01.jpg
Numan Kurtulmuş_Bakı_Şəhidlər Xiyabanı_02.jpg
Numan Kurtulmuş_Bakı_Şəhidlər Xiyabanı_03.jpg
Numan Kurtulmuş_Bakı_Şəhidlər Xiyabanı_04.jpg
Numan Kurtulmuş_Bakı_Türk Şehitliyi.jpg

 

  “Türkiyə Böyük Millət Məclisinin sədri kimi ilk səfərimi qardaş Azərbaycana etməkdən şərəf duyuram. Ölkələrimiz arasında əlaqələrdə parlamentlərarası münasibətlər də mühüm rol oynayır. Biz ölkələrimizin parlamentlərarası əlaqələrini daha da möhkəmləndirməli, yeni səviyyəyə qaldırmalıyıq”. Bu sözləri Türkiyə parlamentinin sədri Numan Kurtulmuş iyulun 12-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

  Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərdən danışan TBMM-nin sədri bildirib: “Türkiyə zəlzələdən zərər görəndə ilk köməyə Azərbaycan gəldi. Buna görə bir daha dərin təşəkkürümüzü bildiririk.

  Ölkələrimiz arasında əlaqələr möhkəm əsaslara söykənir.

  Türkiyə də, Azərbaycan da yeni dövrün başlanğıcındadır.

  Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib. Zəfərdən sonra Azərbaycanın qarşısında yeni imkanlar açılıb. İnanırıq ki, qardaş Azərbaycan daha güclü ölkə olmaq uğrunda bundan sonra da inamla mübarizə aparacaq”.

  Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Türkiyə parlament heyəti Şəhidlər xiyabanını da ziyarət ediblər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyulub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.

  Numan Kurtulmuş “Türk şəhidliyi” abidəsinin xatirə kitabına ürək sözlərini yazıb.

 



Әlaqәli Xәbәrlәr