Dünya ölkələri Türkiyeyə humanitar yardım göndərməyə davam edir

Azərbaycanın hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra xəstəxanası fasiləsiz fəaliyyətini davam etdirir.

1945516
Dünya ölkələri Türkiyeyə humanitar yardım göndərməyə davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Türkiyeyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra xəstəxanası zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Mobil səhra xəstəxanasında ötən günlər ərazində 215 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra xəstəxanası fasiləsiz fəaliyyətini davam etdirir.

İran zəlzələdən zərər çəkmiş bölgələrdə qurmaq üçün Türkiyeyə min çadır göndərib.

Əfqanıstan Qızıl Aypara Cəmiyyəti episentri Kahramanmaraş şəhəri olan zəlzələlərdən sonra zəlzələ qurbanlarına 4 milyon 500 min əfqani (təxminən 940 min türk lirəsi) nağd pul yardımı edib.

Taliban müvəqqəti hökumətinə bağlı Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin sədri Mevlevi Metiullah Halis Türkiyenin Kabildəki səfirliyinə zəlzələlərdə həyatını itirənlər üçün başsağlığı verib.

Burada açılan matəm dəftərinə başsağlığı mesajlarını yazan Halis zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyib.

Türkiyenin ən çətin anlarında humanitar yardımları ilə əfqan xalqının yanında olduğunu bildirən Halis təbii fəlakətdən zərər çəkənlərə göndərilmək üçün Türkiyenin Kabildəki səfiri Cihad Erginaya təxminən 940 min lirəlik pul yardımı çatdırıb. 

Sözügedən dəstəyə görə Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə təşəkkür edən Erginay iki ölkənin tarix boyu çətin anlarda bir-birini dəstəklədiyini bildirib.

İsrailin blokadası olan Qəzzada həmrəylik nümayişi keçirilib, burada Türkiye və Suriyada zəlzələ qurbanları üçün də qan verilib.

Qəzzada fəaliyyət göstərən “Ümid İnstitutu Yetimlər Dərnəyi” qeyri-hökumət təşkilatı "Tək ürək" teması ilə Türkiye və Suriyadakı zəlzələ qurbanları üçün bir günlük qanvermə aksiyası təşkil edib.

Afrika ölkələri Somali, Sudan və Cibutidən də "Əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkmiş bölgələrə dəstək mesajları və maliyyə yardımları davam edir.

Səudiyyə Ərəbistanında Türkiye və Suriyada zəlzələ qurbanları üçün təşkil edilən yardım kampaniyasında təxminən 305 milyon riyal (81,2 milyon dollar) toplanıb.

İordaniya zəlzələdən zərər çəkmiş fəlakət qurbanlarına çatdırılmaq üçün içərisində 480 çadır olan iki hərbi təyyarənin Adanaya göndərildiyini açıqlayıb.

Pakistan Milli Fəlakət İdarəsi Agentliyindən (NDMA) verilən açıqlamaya görə, Pakistan Beynəlxalq Hava Yolları (PİA) tərəfindən yorğan və qış çadırları da daxil olmaqla 5 ton yardım materialı Türkiyeyə göndərilib.

NDMA sədri general-leytenant İnam Heydər Malik NDMA olaraq Türkiyeyə 162 ton, Suriyaya isə 9 ton yardımın göndərildiyini, 447 ton yardımın isə yük maşınları ilə yola düşdüyünü bildirib.

Malik 195 ton iki qatlı çadır və 1600 ton qida paketinin hazırlandığını və bu materialların yaxın günlərdə Pakistan Hərbi Dəniz Qüvvələrinə aid yük maşınları və gəmilərlə yola düşəcəyini bildirib.

Pakistanın Azad Cammu Kəşmir bölgəsində Nazirlər Şurasının, millətvəkillərinin və bölgədəki bütün dövlət işçilərinin maaşlarının 5 günlük hissəsi zəlzələdən zərər çəkənlər üçün yaradılan fonda köçürüləcək.

ABŞ-da zəlzələlərdə həyatını itirənlər üçün Nyu-Yorkun Tayms Meydanında anım tədbiri keçirilib.

Tədbirdə maarifləndirmə məqsədilə zəlzələdən zərər çəkənlərə təcili dəstək çağırışları da edilib.

Almaniyadakı Hərbi Hava Qüvvələrindən verilən açıqlamada zəlzələ bölgəsinə çatdırılmaq üçün Türkiyeyə 9 yük təyyarəsinin göndərildiyi, 10, 11 və 12-ci yük təyyarələrinin də hazırlandığı bildirilib.

Yük təyyarələri ilə göndərilən 187 tondan çox təcili yardıma generatorlar, düşərgə çarpayıları, çadırlar, qızdırıcılar və ədyal kimi əşyalar daxil olduğu məlumatı paylaşılıb.

Almaniyada 900-dən çox məscidi olan Türk-İslam Diyanət Birliyinin başlatdığı yardım kampaniyasına edilən pul yardımının məbləğinin 20 milyon avronu keçdiyi bildirilib.

Hollandiyada isə zəlzələlərdə həyatını itirənlər və zəlzələ qurbanları üçün anım və həmrəylik günü keçirilib.

Tunisdə Simfonik Orkestr Akademiyasının təşkil etdiyi konsertdən əldə olunan gəlir “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş zəlzələlərində Türkiye və Suriyada zərər çəkənlərə bağışlanıb.

Paytaxt Tunisin Mədəniyyət Sarayının rəhbərliyi bazar günü gecəsi təşkil olunan "Double Corde 2" konserti ilə bağlı açıqlama verib.

Tunisin mədəniyyət naziri Hayat Katatın da konsertə qatıldığı bildirilən açıqlamada “Tunis Simfonik Orkestr Akademiyasının sənətçilərinin dirijor Fadi Bin Osmanın rəhbərliyi ilə çıxış etdiyi konsert proqramından əldə olunan gəlir zəlzələdən zərərçəkən iki qardaş ölkə Türkiye və Suriya bağışlanıb" deyilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı da zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Türkiyeyə 3 min çadır göndərib.

Şimali Makedoniyada “Kanal 5” televiziya kanalında “Türkiye və Suriya üçün birlikdəyik” mövzusunda ianə proqramı keçirilib.

Finlandiya isə Türkiyeyə 3000 nəfərlik sığınacaq yardımı göndərib.

Seneqal Kahramanmaraşda baş verən zəlzələlərdən sonra fəlakətlə mübarizəyə dəstək olmaq üçün Türkiyeyə 30 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.



Әlaqәli Xәbәrlәr