"Əgər çağırışlarımız dinlənilsəydi, bu müharibənin qarşısını almaq olardı", F.Altun

Bölgədə daha bir müharibənin şahidi olduqlarını söyləyən F.Altun sosial media hesabından ingiliscə paylaşımında yazıb...

1786330
"Əgər çağırışlarımız dinlənilsəydi, bu müharibənin qarşısını almaq olardı", F.Altun

 

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun “Türkiyə dəfələrlə Rusiyanın Ukraynaya hücumu ilə bağlı diplomatik həll çağırışı edib, lakin indi müharibə bir reallıq olaraq onların qarşısında dayanır” deyib.

  Bölgədə daha bir müharibənin şahidi olduqlarını söyləyən F.Altun sosial media hesabından ingiliscə paylaşımında yazıb: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğan dəfələrlə Rusiya və Ukrayna arasında vasitəçilik təklif etdi. Çünki bizim hər iki ölkə ilə güclü əlaqələrimiz var. O, həmçinin müttəfiqləri ortaq mövqe tutmağa çağırdı.

  Türkiyə olaraq mövcud vəziyyətin qarşısını almaq üçün diplomatik səviyyədə əlimizdən gələni edirik.

  Birləşmiş Millətlər Təşkilatı sistemində islahatlar aparmaq çağırışlarımıza məhəl qoyulmadı. Biz bunun dəhşətli nəticələrini son böhranda gördük. Əgər çağırışlarımız dinlənilsəydi, bu müharibənin qarşısını almaq olardı.

  Bir sıra regional və qlobal məsələlərdə beynəlxalq birliyin olmaması Rusiya-Ukrayna böhranında olduğu kimi böyük problem yaradır.

  Bu münaqişə bizi iki faciə ilə üz-üzə qoyur. Birincisi, münaqişənin humanitar tərəfidir ki, Türkiyə bununla bağlı əlindən gələni etməkdədir.

  İkincisi, dezinformasiya kampaniyalarına qarşı çalışırıq.

  Bu informasiya müharibəsində mənbəsindən asılı olmayaraq həqiqətin yanındayıq.

  Türkiyənin siyasəti ilə bağlı da çox spekulyasiyalar və şərhlər var.

  Bizim diplomatik addımlarımız və müttəfiqlərimizlə koordinasiya hər zaman münaqişənin tez və sülh yolu ilə həllinə yönəlib. Buna heç kimin şübhəsi olmasın.

  Türkiyə diplomatiyanın konstruktiv və yaradıcı gücünə inanır və hər böhranda bütün diplomatik variantlardan maksimum istifadə etməyə çalışır.

  Bu son münaqişə həm uğursuz, həm də lazımsızdır.

  Rusiya-Ukrayna müharibəsinin indiki və uzunmüddətli nəticələrinin qarşısını almağa çalışacağıq”.

  Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr