ABŞ-ın PYD/YPG-yə verdiyi dəstək tərəfdaşlığımızı zəhərləyir

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kanadada dərc olunan "Ottawa Life Magazine" adlı jurnala müsahibə verərkən söylədi.

902572
ABŞ-ın PYD/YPG-yə verdiyi dəstək tərəfdaşlığımızı  zəhərləyir

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kanadada dərc olunan "Ottawa Life Magazine" adlı jurnala müsahibə verdi. 

 Çavuşoğlu müsahibəsində Türk xarici siyasətinin gündəmində olan bir sııra məsələ ilə bağlı mühüm açıqlamalar verdi.

 Xarici İşlər naziri Türkiyə-ABŞ əlaqələrinin həssas bir dövrə girdiyini bildirərək:"ABŞ-ın Suriyadakı PYD/YPG terrorçularına verdiyi dəstək və ABŞ-da FETÖ terror təşkilatının varlığı kimi mühüm məsələlərdə fərqli baxışlara malikik. ABŞ ordusunun PYD/YPG terrorçularına verdiyi hərbi dəstək təkcə Türkiyənin təhlükəsizliyini təhlükəyə atmır, eyni zamanda, uzun müddətdir davam edən tərəfdaşlığımızı da zəhərləyir" ifadəsini işlətdi.

Çavuşoğlu Suriya məsələsi barəsində bunları bildirdi: "Suriyanın gələcəyini suriyalıların özləri müəyyən edəcəklər. Tarix bizə nəticədə xalqın iradəsinin hakim olduğunu deyir. 2018-ci ilin münaqişənin son ili olması üçün, Astana, Soçi və nəhayət, Cenevrədəki danışıqların konkret nəticələr verdiyinə əmin olmaq üçün səylərimizi davam etdirəcəyik".

Türkiyə naziri İraq məsələsinə də toxundu, bu ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumağın Türkiyə üçün həyati əhəmiyyət kəsb etdiyinə, İraqın kürd əhalisinin heç bir zaman hədəf alınmadığına diqqət çəkdi, bu səbəbdən İraq Kürd Regional Rəhbərliyinin referendumuna qarşı çıxdıqlarını xatırlatdı.

Çavuşoğlu Qüdsə aid verilən sualı cavablandırdı, bu şəhərin təkallahlı dinlərə ev sahibliyi edən bir şəhər olduğunu qeyd edərək: "Qüdsün qorunması, bütün bəşəriyyətin vəzifəsidir. Heç kim Qüdsün statusu haqqında birtərəfli, və ya özbaşına qərarlar vermək hüququna malik deyil" dedi.

 Nazir Türkiyənin Kanada ilə münasibətlərinə əhəmiyyət verdiyini bildirərək bunları söylədi:" Diplomatik əlaqələrimizin 75-ci ildönümünü düşündükdə, ölkələr arasında artan əməkdaşlığın yolunu açmaq üçün yüksək səviyyəli ikitərəfli səfərlər başlamağımızın vaxtı çatıb".

  Mövlud Çavuşoğlu Türkiyə-NATO münasibətlərinə dair sualı cavablandırarkən Türkiyənin NATO-ya qarşı öhdəliklərini yerinə yetirdiyini, müttəfiqlərdən də eyni şeyi gözlədiklərini vurğuladı və sözlərinə bunları əlavə etdi: "Biz terrorla mübarizədə xüsusən, DAEŞ kimi terrorçu qruplara qarşı mübarizədə öndə gedən bir NATO müttəfiqiyik. Türkiyə NATO və tərəfdaşları arasında daha yaxın münasibətlərin qurulmasında mühüm rol oynayır və NATO-nun açıq qapı siyasətinin güclü dəstəkçisidir. Türkiyə NATO-nun qürurlu bir üzvüdür".



Әlaqәli Xәbәrlәr