“Milli və yerli valyuta ilə ticarət etsək, ölkələrimiz qazanar”, R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan D-8 ölkələrinin zəngin təbii ehtiyatlarının olduğunu bildirib.

831045
“Milli və yerli valyuta ilə ticarət etsək, ölkələrimiz qazanar”, R.T. Ərdoğan

Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan D-8 Zirvə görüşündə milli və yerli valyuta ilə ticarət ediləcəyi təqdirdə ölkələrimizin qazanacağını bildirib. 

“Bizlər, “D-8” üzvləri 3 qitəyə hakim vəziyyətdəyik. Zəngin təbii ehtiyatlarımız, gənc, dinamik bir əhalimiz var. Adambaşına düşən milli gəlir də orta hesabla yüksəkdir. Təbii ki, bu da yetərli deyil. “D-8”in daxili ticarət dövriyyəsinin həcminin 500 milyard dolları aşacağına inanıram. Müdafiə sənayesi başda olmaqla bir çox sahələrdə ortaq layihələrimiz ola bilər. Bir çox sahələrdə əməkdaşlıq üçün potensialımız var. Təşkilatımıza yeni üzvləri qazandırmağımıza ehtiyac var. Milli və yerli valyuta ilə ticarət etsək, ölkələrimiz qazanar. Mübadilə mərkəzi yaratmaq üçün mərkəzi banklarımızı bir araya gətirməliyik”-deyə Ərdoğan vurğulayıb.

IX Zirvə görüşünə yekun vuran Rəcəb Tayyib Ərdoğan D-8-in dünyada sülhün, sabitliyin və rifahın inkişafına bundan sonra da töhfə verəcəyinə əminliyini bildirib. Dövlət başçısı təşkilatın güclənməsi və böyüməsi üçün bir sıra islahatların aparılmasının vacibliyini diqqətə çatdırıb, qurumun inkişafında fəallığına və Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə Katibliyə, tədbirdə iştirak edən dövlət və hökumət başçılarına və nümayəndə heyətlərinin rəhbərlərinə minnətdarlığını çatdırıb.

Dövlət başçısı Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə D-8 təşkilatı ilə İslam İnkişaf Bankı arasında Anlaşma Memorandumu imzalanıb.

D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirməkdir.

Qeyd edək ki, qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. 1997-ci il iyunun 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşündə D-8 rəsmi olaraq təsis edilib.

Növbəti Zirvə görüşü ilə D-8 təşkilatının fəaliyyətinin 20 illik dövrü əhatə edən birinci mərhələsinə yekun vurulub, yeni mərhələ üçün hədəflər və fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib.

Bu arada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb.



Әlaqәli Xәbәrlәr