Türkiyə və İran arasındakı əməkdaşlıq bölgənin təhlükəsizlik və sabitliyinə töhfə verəcək

Bunu İranda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Hulusi Akar bildirdi.

819701
Türkiyə və İran arasındakı əməkdaşlıq bölgənin təhlükəsizlik və sabitliyinə töhfə verəcək

İranın rəsmi xəbər agentliyi İRNA-nın Müdafiə Nazirliyinə istinadən yaydığı xəbərə görə,Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Tehran görüşləri çərçivəsində İranın müdafiə naziri Məhəmməd Əmir Hatəmi ilə görüşüb.

Hatəmi görüşdə İran və Türkiyənin ortaq tarixi, dini və mədəni dəyərlərindən danışaraq:"Türkiyə müdafiə və təhlükəsizlik baxımından İranın xarici siyasətində əhəmiyyətli yer tutur" deyib.

İranlı nazir Qərb qüvvələrinin DEAŞ-dan sonra bölgədə yeni ssenarilər üzərində işlədiklərini qeyd edərək:" Türkiyə və İran bölgənin iki əhəmiyyətli ölkəsi olaraq bu yeni ssenarilərin həyata keçirilməsinə imkan verməyəcək. İran, Türkiyə və İraq birlikdə təhlükəsizlik və sabitliyi təmin edəcək, separatçı təşəbbüslərə qarşı təsirli rol oynayacaqlar" ifadələrini işlədib.

Hatəmi Türkiyəyə Suriya böhranının həlli ilə əlaqədar göstərdiyi töhfələrinə görə təşəkkür edib, iki ölkənin hərbi sahədə əməkdaşlığı ilə bağlı razılığını dilə gətirib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Hulusi Akar da Türkiyə ilə İran arasındakı əlaqələrin İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Məhəmməd Bakırinin səfəri ilə yeni bir dövrə qədəm qoyduğunu bildirərək, iki ölkə arasındakı əməkdaşlığın bölgənin təhlükəsizlik və sabitliyinə töhfə verəcəyini söyləyib.

Akar Türkiyənin İraq və Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini , ölkələrin coğrafi sərhədlərində hər hansı bir dəyişikliyin Türkiyə tərəfindən tanınmayacağını vurğulayıb.

Hulusi Akar bölgədəki şərtlər dəyişmədiyi təqdirdə İraq Kürd Regional Rəhbərliyinin siyasi, iqtisadi və hərbi sanksiyalarla üzləşəcəyini qeyd edib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani və İran prezidenti Həsən Ruhani ilə də görüşmüşdü.

 

 

 



Әlaqәli Xәbәrlәr