“Belə bir mövzunun gündəmə gəlməsi belə utancvericidir”, R.T.Ərdoğan

İstanbulun Haliç Konqres Mərkəzində təşkil edilən Beynəlxalq Qüds Cəmiyyətləri Forumunun açılışında çıxışı zamanı Ərdoğan deyib...

728203
“Belə bir mövzunun gündəmə gəlməsi belə utancvericidir”, R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan insanın ilk qibləsi, peyğəmbərlər şəhəri olan Qüdsün bütün müsəlmanların haremi-izzəti və namusu olduğunu vurğulayıb.

  İstanbulun Haliç Konqres Mərkəzində təşkil edilən Beynəlxalq Qüds Cəmiyyətləri Forumunun açılışında çıxışı zamanı Ərdoğan deyib:

  "İnancımızın və tariximizin bizə miras qoyduğu məsuliyyətlə Qüdsə və fələstinli qardaşlarımızın haqq və ədalət mübarizəsinə çox əhəmiyyət veririk. Qüdsün yenidən sülh, dinclik və güvən şəhəri olması üçün səy göstəririk.

  Fələstin ədalətli sülhə qovuşmayana qədər bölgədə sülh və sabitliyin təmin edilməsi mümkün deyil. Bunun üçün, ilk növbədə, beynəlxalq hüquqa və verilən qərarlara hörmət göstərilməlidir.

  Qüds müsəlmanlar üçün çox əhəmiyyətli məkandır. Müsəlmanlar Qüdsü, Məscidi-Əqsanı tez-tez ziyarət etmək istəyir.

  Məscidlərdə səhər əzanlarının oxunmasına yasaq gətirmək istəyən qanun layihəsi İsrail parlamentində müzakirə olunacaq. Belə bir mövzunun gündəmə gəlməsi belə utancvericidir. Bizə hər fürsətdə din və vicdan azadlığından dəm vuranlar bu barədə səssiz qalır ki, bu da atılan belə addımların təsdiqlənməsi deməkdir. Qüdsün səmalarında azanın susdurulmasına razı olmayacağıq.

  İsrail rəhbərlərindən soruşuram: “Əgər inancınıza güvənirsinizsə, niyə inanc azadlığından qorxursunuz?” Amma bizim belə bir dərdimiz yoxdur. Bizim inancımız möhkəmdir.

  Cəzasız qalan hər cinayət insanları daha da hiddətləndirir. Fələstində İsrailin törətdiyi cinayətlərin artmasının səbəbi budur. Bu cinayət, qırğın və zülmün beynəlxalq hüquq səviyyəsində hesabı soruşulmazsa, bölgədə sülh və sabitlik axtarışları yerində sayacaq.

  İsrail müxtəlif güclərdən aldığı cəsarətlə hüquq pozuntularını israr və inadla davam etdirir.

  Sülhün yeganə yolu 1967-ci il sərhədləri içində, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin olmasıdır.

  Amerika Birləşmiş Ştatlarının İsraildəki səfirliyinin Qüdsə köçürülməsi də son dərəcə səhv və təhlükəli fikirdir.

  Mən Həmasın elan etdiyi siyasət sənədi həm Fələstin, həm də Həmas və Fəth arasındakı razılaşma müddətində atılmış əhəmiyyətli addım hesab edirəm.”



Әlaqәli Xәbәrlәr