Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirildi

Türkiyə Milli Təhlükəsizlik Şurasının bu ilki ilk toplantısında Türkiyənin üz-üzə qaldığı hücumlara qarşı qətiyyətli mübarizəsinin davam ediləcəyi vurğulandı.

662798
Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı keçirildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kompleksində Türkiyə Milli Təhlükəsizlik Şurasının bu ilki ilk toplantısı keçirildi.

Toplantıdan sonra yayılan bəyanatda Türkiyə Milli Təhlükəsizlik Şurasında Türkiyənin milli təhlükəsizliyinə qarşı terror təhdidinin, təhlükəsizlik risklərinə qarşı hüquq çərçivəsində görülən tədbirlərin geniş şəkildə müzakirə edildiyi bildirilir.
 
 Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY), PKK və DEAŞ terror təşkilatları ilə mübarizə başda olmaqla, keçən il törədilən terror aktları barədə illik hesabatın verildiyi qeyd olunan bəyanatda: "İstanbul, Kayseri və İzmirdəki mənfur terror aktları, Rusiya səfirini hədəf alan sui-qəsd və İstanbulda Yeni İl gecəsi törədilən xain hücum,  inzibati və ədliyyə orqanları tərəfindən aparılan araşdırmalar nəzərə alınmaqla, hərtərəfli müzakirə olundu və hücumlar şiddətlə qınandı. Ölkəmizin üzləşdiyi asimmetrik hücumlara qarşı, daxildə və xaricdə lazım olan hər növ tədbirin görülməsi məsələsindəki qətiyyətimiz təsdiq edildi. Separatçı terror təşkilatları və onların qolları tərəfindən edilən xain hücumlar Türkiyənin beynəlxalq ictimaiyyətə açıqladığı tezislərinin doğruluğunu bir daha nümayiş etdirir"deyilir.
 
Bəyanatda terror təşkilatları ilə mübarizədə Türkiyənin tutduğu haqlı mövqenin beynəlxalq səviyyədə daha fəal şəkildə izah edilməsinin vacibliyinin vurğulandığı qeyd edilir.
 
 Dini, məzhəbi, etnik anlayış və həssaslıqları istismar edən terror təşkilatları və onları dəstəkləyən mərkəzlərlə ayrı-seçkilik edilmədən mübarizəyə əzm və qətiyyətlə davam ediləcəyi ifadə edilən bəyanatda PKK-nın Suriya qolu PYD-yə silah yardımı mövzusunda xəbərdarlıqlar da vardı.
 
 Suriya və İraqdakı son proseslərin də ətraflı şəkildə dəyərləndirildiyi, bu ölkələrdən qaynaqlanan terror təhdidlərinin Türkiyənin və regionun təhlükəsizliyi və sabitliyinə təsirlərinin də müzakirə olunduğu bildirilən bəyanatda Türkiyənin Suriyada  atəşkəsin qorunması və möhkəmləndirilməsi,  siyasi keçid prosesinin başlanılması ilə bağlı məsuliyyətlərini yerinə yetirməyə davam edəcəyi qeyd olunur.
 
 İsveçrənin Cenevrə şəhərində keçirilən Kıbrıs (Kipr) danışıqlarının da müzakirə olunduğu toplantıda Şimali Kıbrıs Türk Cümhuriyyətinin (Şimali Kipr Türk Respublikası) hüquq və mənafelərinin qorunması üçün atılacaq addımlar dəyərləndirildi.
 
Toplantıda Myanmada Arakan müsəlmanlarının vəziyyəti də müzakirə olundu və humanitar yardımların artırılaraq davam etməsinin vacibliyi vurğulandı.



Әlaqәli Xәbәrlәr