“Türkiyəni tənqid edənlər bizim nə etməyimizi gözləyir?” B.Yıldırım

Türkiyənin Baş naziri “Wall Street Journal”, “The Guardian”, “Sky News” xarici mətbuat orqanlarına müsahibə verib

538299
“Türkiyəni tənqid edənlər bizim nə etməyimizi gözləyir?” B.Yıldırım

  Türkiyə hökuməti Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Qurumunun (FETÖ/PDY) 15 İyul çevriliş cəhdindən sonra dünya ictimaiyyətinin doğru məlumatlandırılması üçün var gücüylə çalışır.

  Bu çərçivədə Baş nazir Binəli Yıldırım da xarici mətbuata müsahibə verməkdə davam edir.

  Müsahibələrdə əsas mövzu Amerika Birləşmiş Ştatlarının (ABŞ) FETÖ-nün başçısı Fətullah Gülənin geri qaytarılmasıyla bağlıdır. Amerikanın “Wall Street Journal” qəzetinə müsahibə verən Baş nazir Yıldırım deyib: “Çevriliş cəhdi edənlər əmri Güləndən aldıqlarına dair ifadə veriblər. Onun qaytarılması mövzusunda dəlillər çox aydındır. Amma ABŞ-ın bu barədə göstərdiyi münasibət ürəyimizi qırdı. Gülənin geri qaytarmamasına səbəb yoxdur… Vaşinqton rəhbərliyi hələ dəlil istəyir. 265 nəfər öldürülüb, reaktivlər tərəfindən bombalanıb, tanklar tərəfindən əzilib. Daha nəyin sənədini istəyirsiniz?.. Amma biz yenə FETÖ başçısı Fətullah Gülənin həbs olunması tələbiylə əlaqədar qovluqları ABŞ-a göndərdik.”  

  Baş nazir Binəli Yıldırım İngiltərənin “The Guardian” qəzetinə verdiyi müsahibədə də bu mövzulara toxunub. Eyni zamanda Türkiyə ilə ABŞ-ın çox uzun tarixi dostluq və ittifaqı olduğunu bildirən Yıldırım Amerikanın Fəttullah Gülənin yanında yer alacağına inanmadığını söyləyib və fikirlərini bu sözlərlə ifadə edib: "Amerika Birləşmiş Ştatları özü üçün bölgədə və dünyada strateji müttəfiq olan Türkiyə ilə bundan sonra necə əməkdaşlıq edəcəyini düşünməlidir."

  Binəli Yıldırım “The Guardian” qəzetinə verdiyi müsahibədə çevriliş cəhdinin baş verdiyi gecəylə bağlı da danışıb: "Bunun millətə qarşı bir çevriliş cəhdi olduğu nəticəsinə gəldik və milləti öz gələcəyinə və ölkənin gələcəyinə sahib çıxmağa çağırdıq. Bu hücumu püskürdən əsgər forması geyinən adamlar idi. Nəzarətə alınan kimi hər şeyi danışmağa başladılar və olub-bitəni etiraf etdilər. Türkcədə deyildiyi kimi, bülbül kimi ötdülər… İlkin ifadələrdən də anlaşıldığına görə bu, çox uzun zamandır planlaşdırılılan bir çevriliş planı idi. Baş qərargah rəisini qaçırıb girov götürdükləri zaman ona bu terror təşkilatının başçısı Fətullah Gülənə zəng edə, telefonda danışa və bu hərəkata qatıla biləcəyini söyləmişlər… Uniforma və rütbəli hərbçilər terrorçu kimi hərəkət etmiş, vətəndaşlara qarşı çıxmış, öldürmüş, Parlament, Baş Nazirlik kimi strateji binaları bombalamışlar. Bunlara nə etməmiz lazım id? “Okey, bəli, yaxşı edirsiniz, xoş gəlmisiniz”mi deməliydik? Yoxsa sakitcə “Bunu etməməliydiniz”mi deməliydik? Münasibət bu cürmü olmalı idi? Ölkəmizi tənqid edənlər bizim nə etməyimizi gözləyir?"

  Baş nazir Binəli Yıldırım digər xarici mətbuat orqanına - İngiltərənin “Sky News” telekanalına verdiyi müsahibədə bu mövzularla yanaşı çevriliş cəhdindən sonra başlanılan istintaq prosesi, edam cəzası ilə əlaqədar sualları cavablandırıb, Türkiyənin demokratik bir ölkə olduğunu, bu səbəbdən hökumətin xalqdan gələn səsə qulağını tıxayamayacağını söyləyib və belə deyib: "Biz əvvəlcə millətimizi dinləyərik, sonra başqalarına baxarıq. Millətimiz nə desə, onu edərik."



Әlaqәli Xәbәrlәr