Bakıda doğulan, canını Ankarada torpağa tapşıran böyük Türk

Məhəmməd Əmin Rəsulzadə 28 May - Türk və İslam dünyasında ilk hüquqi və dünyəvi dövlət nümunəsi olan, 1918-ci ildə qurulan Azərbaycan Demokratik Cümhuriyyətinin yaranma günü münasibətlə Azərbaycan, Türkiyə, Orta Asiya və digər ölkələrdə yada salınıb.

295396
Bakıda doğulan, canını Ankarada torpağa tapşıran böyük Türk

  Türkiyənin İstanbul, Ankara, İzmir və başqa şəhərlərində olan 28 May bayram mərasimlərində Azərbaycan və Türkiyənin tanınmış simaları iştirak edirlər.
  Ankaranın Əsri Məzarlığında ziyalılar və gənclər 28 May günü səhər saat 10-11 radələrində toplaşaraq Azərbaycanda doğulan, Türkiyə torpaqlarında uyuyan, Azərbaycan Xalq Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni yad etdilər, qəbri üstünə qərənfillər qoydular, ruhuna fatihə oxudular.
  Mərasim 1949-cu ildə Türkiyədə Ankarada M.Ə.Rəsulzadənin təsis etdiyi və dünyada ilk Azərbaycan diaspor təşkilatı kimi tarixə düşən Azərbaycan Kültür Dərnəyi tərəfindən təşkil olunmuşdu.
  Dərnəyin sədri Cəmil Ünal çıxış edərək yarım əsrdən uzun sürən bir müddətdə Ankarada Məhəmməd Əmin yolunu necə davam etdirdiklərindən, Azərbaycanlı və Türkiyəli aydınların əl-ələ verərək bu günə necə birlikdə gəldiklərindən bəhs etdi.
  Rəsulzadənin qəbri üzərində çıxış edənlər arasında elmi yaradıcılığının 25 ilini Məhəmməd Əmin irsinin araşdırılmasına sərf edən, haqqında cild-cild kitablar yazan, Bakı Dövlət Universitetinin müəllimi, professor Nəsiman Yaqublu da var idi. O, Rəsulzadə fəaliyyətini geniş şərh edərək mühüm məqamları gələn qonaqlara çatdırdı.
  M.Ə.Rəsulzadə tərəfindən Bakıda əsası qoyulan Azərbaycan Dövlət Universitetinin digər müəllimi, professor Nüşabə Sadıxlı da mərasimdə iştirak edərək ürək sözlərini bölüşdü.
  Babasının məzarını Azərbaycanlı və Türkiyəli ziyalılarla ziyarət edən insanlar arasında Məhəmməd Əminin nəvəsi Rəis Azər Rəsulzadə də var idi. O da təbriklərə qoşularaq gələnlərə, o cümlədən, 28 May tədbirlərinin Türkiyədə geniş şəkildə keçirilməsinə dəstək olan Azərbaycanın Türkiyədəki səfirliyinə minnətdarlığını bildirdi. 

  Xatırladaq ki, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1918-20-ci illərdə Azərbaycanda qurulan Demokratik Cümhuriyyətin banisidir. Respublika süqut edəndən sonra uzun müddət Türkiyə və başqa ölkələrdə yaşamağa məcbur olub. 1955-ci il martın 6-da Ankara Universitetinin Tibb fakültəsinin klinikasında vəfat edib. 71 yaşında dünyadan köçərkən o, son olaraq üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” sözlərini deyib.

  Biz dә “Türkiyәnin sәsi” radiosunun Azәrbaycan Türkcәsi şöbəsi olaraq Mәhəmmәd Әmin Rәsulzadәyә Allahdan rәhmәt dilәyirik.

  Bütün Azərbaycanlıların 28 May Bayramı mübarәk!


Etiketlәr:

Әlaqәli Xәbәrlәr