Xəzər statusuna qovuşdu

Mövzu ilə bağlı Ankara Yıldırım Beyazıt Universiteti Siyasi İnformasiya fakültəsi İqtisadiyyat kafedrasının professoru Erdal Tanas Karagölün analitik yazısını təqdim edirik. (Türkiyə iqtisadiyyatının perspektivləri_34 (23 avqust 2018)

1034304
Xəzər statusuna qovuşdu

  Enerji resurslarının zənginliyili ön plana çıxan Xəzər dənizi illərdir status problemi kölgəsində mübarizələrin yaşandığı bir bölgə halına gəlmişdi. Xəzəryanı beş dövlətin Xəzərin göl, ya dəniz olub-olmaması statusu mövzusundakı münaqişələri və hövzənin mövcud enerji potensialından səmərəli istifadə edilməməsi regionun ticarət və iqtisadiyyatın qarşısında böyük bir əngəl idi. İllərdir davam edən danışıqlara baxmayaraq, hər hansı bir nəticəyə varılmayan Xəzərlə bağlı ötən həftə razılıq əldə olundu. Əvvəlcə Xəzərin dəniz olmasıyla bağlı müqaviləyə imzalar atıldı. Artıq regionun ən mühüm su hövzəsi olan Xəzərin bir dəniz olduğu bütün xəzəryanı dövlətlər tərəfindən qəbul edildi.

  İllər boyu davam edən münaqişənin sahilyanı dövlətlərə nə kimi zərəri oldu və bu gündən sonra Xəzərdə enerji siyasəti necə inkişaf edəcək? Mövzu ilə bağlı Ankara Yıldırım Beyazıt Universiteti Siyasi İnformasiya fakültəsi İqtisadiyyat kafedrasının professoru Erdal Tanas Karagölün analitik yazısını təqdim edirik.

  Şimalda Rusiya və Qazaxıstan, cənubda İran, şərqdə Türkmənistan, qərbdə isə Azərbaycan ərazilərilə əhatə olunan Xəzər dənizinin sahəsi  370 min kv. km.-dir. “İpək yolu” kimi mühüm bir ticarət yoluna da ev sahibliyi etmiş bölgənin əsas xüsusiyyətlərindən biri enerji mənbələri baxımından səmərəli potensiala malik olmasıdır. Xəzər dənizində bu gün təxminən 50 milyard barel neft, 9 trilyon kubmetr qaz ehtiyatı vardır. Hövzədəki ən böyük neft ehtiyatı Qazaxıstan, ən geniş qaz ehtiyatı isə Rusiya tərəfinə düşür. Amma Xəzər hövzəsində hər sahilinə düşəcək qədər enerji mənbəyi var. Bu ehtiyatların çıxarılması və bazara verilməsi, yəni ticarəti məsələsi ortaya gələndə sahilyanı ölkələr əngəllərlə qarşılaşırdı. Xəzər regionunda illərdir davam edən status problemi sahilindəki hər dövlətin özünəməxsus sahələrinin müəyyənləşdirilməsində də problemlərə səbəb olmuşdu. Çünki dəniz olaraq qəbul edilərsə bir, göl deyilərsə, başqa hüquqi proseslər tətbiq edilməliydi. Hər iki halda ölkələrin ərazi sərhədləri fərqli müəyyənləşəcəyi və bu, enerji ehtiyatı miqdarına da təsir edəcəyi üçün Xəzərsahili ölkələr illərlə bu məsələdə bir-birinə güzəştə getmədi, hər bir dövlət öz sahəsinə daha çox enerji mənbəyinin düşməsi yolunu seçdi. Ona görə bu problem o qədər də asan yoluna düşmədi. 20 ildən artıqdır davam edən Xəzər hövzəsinin status probleminin bu gün yoluna düşməsi son dərəcə müsbət həll olsa da, bu müddət ərzində bu ölkələr sadəcə zaman deyil, qazanc da itirdilər.

  Növbəti prosesdə Xəzər dənizində nələr olacaq? Müqaviləyə görə, artıq Xəzəryanı hər ölkənin sahildən 15 dəniz mili məsafəyə qədər olan sahəsi öz ərazisi olaraq qəbul edilir. Buna 10 dəniz mili də əlavə olunur ki, ümumilikdə 25 mil bu ölkələrin balıqçılıq sahəsi olacaq. Qalan hissələr ölkələrin birgə istifadəsinə açıq və tərəfsiz region sayılır.

  Xəzər dənizi bölgüsündə yan-yana və qarşı-qarşıya olan ölkələr arasında da bölgələrə ayrılma qərarı verildi. Enerji mənbələrinin yerləşdiyi bu hövzədə inşa ediləcək neft və qaz boru kəmərləri hansı ölkənin ərazisindən keçməlidirsə, o dövlətlər öz aralarında qarşılıqlı anlaşma yaratmalıdır. Məsələn, sırada Türkmənistan qazının Xəzərin qərbinə keçirməyi planlaşdıran Transxəzər Boru Kəməri Layihəsi var ki, əlaqədar ölkələr artıq danışıqlara başlamalıdır.

  Gələk Türkiyənin bölgədəki roluna. Türkiyə enerji təhlükəsizliyi baxımından strateji rola malik olan Xəzər hövzəsi ölkələrilə müsbət ticarət əlaqələrinə malikdir. Bu gün Türkiyəyə yalnız Azərbaycanın Xəzərdə olan enerji mənbələri məhsulları keçirsə, növbəti prosesdə regionda yeni tərəfdaşlıqlara ehtiyac var. Xəzər hövzəsinin enerji potensialının səmərəli istifadə olunması üçün Azərbaycan qazını Avropaya daşıyan TANAP-a bundan sonra Türkmənistan qazının da daxil edilməsi gözlənilir. Əhəmiyyətli olan Xəzərdə enerji tənliyinin sülh və əmin-amanlıqla yoluna qoyulmasıdır.



Әlaqәli Xәbәrlәr