Ceyhun Bayramov Serbiyada görüşlər keçirdi

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

2061696
Ceyhun Bayramov Serbiyada görüşlər keçirdi

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Serbiya Prezidenti Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Aleksandr Vuçiç və Ceyhun Bayramov ikitərəfli münasibətlərin ənənəvi olaraq dostluq münasibətlərinə, qarşılıqlı etimada və beynəlxalq hüququn əsas prinsiplərinə əsaslandığını məmnunluqla ifadə ediblər.
“Prezident Vuçiç Azərbaycan Respublikasının Serbiya Respublikasının ərazi bütövlüyü və suverenliyi ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə xüsusi minnətdarlığını bildirib”, - bəyanatda deyilir. 
Prezident İlham Əliyevin salamlarını çatdıran C.Bayramov Serbiyanın müstəqil xarici siyasətinə, eləcə də iqtisadiyyatının gözəl nəticələrinə hörmətlə yanaşdığını bildirib.
Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə edilib, həmçinin Belqrad və Bakı arasında müntəzəm hava yolu marşrutunun açılmasının buna töhfə verəcəyi ifadə olunub.Görüşdə enerji məsələsinin də müzakirə olunduğu bildirilib.
Ceyhun Bayramov həmçinin serbiyalı həmkarı İvitsa Daçiç ilə görüşüb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Ceyhun Bayramov iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman müdafiə edən Serbiyaya təşəkkür edib.

Ceyhun Bayramov yeni əməkdaşlıq və layihələr üçün birgə fəaliyyət aparmağın vacibliyini vurğulayıb.
Daçiç də öz növbəsində Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin enerji və qaz sahələrində Azərbaycanla daha çox əməkdaşlığa açıq olduğunu qeyd edib.
Bayramov və Daçiç diplomatik nümayəndələrin ailə üzvlərinin ödənişli işlə təmin olunmasına dair əməkdaşlıq protokolu da imzalayıblar.



Әlaqәli Xәbәrlәr