“Cənubi Azərbaycana azadlığı yalnız milli hökumət verə bilər”, M.Bilgin

"Bu gün bizim məqsədimiz də budur” - deyə Mahmud Bilgin bildirib

1965028
“Cənubi Azərbaycana azadlığı yalnız milli hökumət verə bilər”, M.Bilgin

 

  Martın 25-də Belçikanın paytaxtında, Avropa Parlamentinin binası qarşısında keçirilən izdihamlı mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər. Mitinqin təşkilatçılarından biri, Cənubi Azərbaycan Demokratik Partiyasının mətbuat xidmətinin rəhbəri Mahmud Bilgin aksiyanın məqsədlərindən danışıb.

  M.Bilgin diqqəti Cənubi azərbaycanlıların milli dəyərlərinin təbliğinə, Cənubi Azərbaycan sakinlərinə qarşı repressiyalar həyata keçirən, assimilyasiya və onların milli ləyaqətinin alçaldılması siyasəti aparan molla rejiminə, eləcə də Təbriz, Ərdəbil və digər regionlarda vətəndaş hərəkatı fəallarını təhdid edən qüvvələrə qarşı etiraz səsinin gücləndirilməsinə diqqət çəkib. Bununla yanaşı, vurğulayıb ki, Avropa Parlamenti qarşısında keçirilən mitinqin məqsədi Cənubi azərbaycanlıların mənəvi ruhunu dünyaya nümayiş etdirməkdir.

  “Bizim sayımız İranda 40 milyondur, bizim siyasi iradəmiz var. Bu gün burada, Avropa Parlamenti qarşısında bu iradənin bir damlasını nümayiş etdiririk. Biz milli dövlətə sahib olmaq hüququna malikik. Biz nə uğrunda mübarizə aparırıq? Azadlıq uğrunda! Bu azadlıq nə üçün lazımdır? Ədalət üçün! Bəs, həm azadlığa, həm ədalətə zəmanət verən nədir? Onlara milli hökumət zəmanət verir! Bu gün bizim məqsədimiz də budur”, - deyə Mahmud Bilgin bildirib.

  Xatırladaq ki, martın 25-də Belçikanın paytaxtında, Avropa Parlamentinin binası qarşısında “Azadlıq və ədalət marşı” şüarı ilə mitinq keçirilib. İzdihamlı mitinqdə Avropada yaşayan Cənubi Azərbaycandan olan türklər iştirak ediblər. Onlar Fransa, Almaniya, Böyük Britaniya, Skandinaviya ölkələri, Benilüks və digər dövlətlərdən gəliblər. Mitinqin başlıca devizi “Azadlıq! Ədalət! Milli hökumət” idi.

  Mitinqdə onlarca Cənubi Azərbaycan türkü çıxış edərək, İran rejimindən bu ölkənin çoxmilyonlu türk əhalisinin hüquqlarına hörmətlə yanaşmağı, İran KİV-lərində Azərbaycana qarşı informasiya hücumlarını dayandırmağı, həmçinin molla rejiminin zindanlarında əzab çəkən minlərlə azərbaycanlı türkün azad edilməsini tələb ediblər.

  Yerli və xarici mediadan olan jurnalistlər mitinqi işıqlandırıblar.

  Sonda bəyanat səsləndirilib.



Әlaqәli Xәbәrlәr